Yuxarı

Mərkəzi Bank iqtisadiyyatı pulsuz qoyub

Mərkəzi Bank iqtisadiyyatı pulsuz qoyub

Əkrəm Həsənov: "Dövriyyədə olan pul kütləsini banklardan çox yüksək faizlə əmanət kimi götürür” 

Dollar, səhmlərin və ABŞ istiqraz faizlərinin yüksəlməsi ilə əlaqədar olaraq dəyər qazanır. İqtisadi sabitlik və iyunda FES-in faiz artıracağı ehtimalı da dolların qalxmasına təsir edir. İnvestorlar ötən həftə dollardakı satış dalğasını "həddindən artıq" kimi qəbul etməyə başlayıblar. ABŞ dolları, on mühüm bazar valyutasından doqquzu qarşısında dəyər qazanarkən, ən çox funt-sterlinq qarşısında yüksəlib. Funt-sterlinq, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair danışıqlara son verəcəyi ehtimalının gündəmə gəlməsindən sonra, opsiyonlara əsaslanan satışın təsiri ilə geri çəkilib. 

Asiya səhmləri, ABŞ səhmlərində cümə günü görülən toparlanmadan sonra həftənin ilk iş günündə dəyər qazanıb. ABŞ-da 10 illik xəzinə istiqrazlarının faizi 2 bənd artaraq  2.25 faizə çıxıb.

"Mizuho Securities Co"nun Baş valyuta strateqi Kengo Suzuki, "Trumpa bağlı satış dalğası həddən artıqdır və makroiqtisadi mühit FES-i faiz artırmaqda saxlayacaq kimi görünmür. Bu da Dolların dəstəklənməsinə yardım edir",- deyə bildirir. ABŞ dollarının on mühüm bazar pulu qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi, 0.16 faiz qalxaraq 1202.19 olub. Dollar, Yapon Yeni qarşısında 0.21 faiz yüksələrək 111.50 səviyyəsinə qalxıb. ABŞ dolları, funt-sterlinq qarşısında 0.31 faiz qalxaraq 1.2996-dan alıcı tapıb. Avro/Dollar məzənnəsi 1.1170 səviyyəsinə düşüb (Dollar bahalaşıb, Avro ucuzlaşıb).

Azərbaycanda isə mənzərə bir qədər fərqlidir. Belə ki, mayın 23-də Mərkəzi Bank və Neft Fondunun birgə keçirdiyi valyuta hərracında dollar 0.02 qəpik ucuzlaşaraq 1.7021 AZN/USD səviyyəsində formalaşıb. Məlumata görə, hərraca çıxarılan 35 milyon dollardan 32 milyon 400 min dolları satılıb. Yəni, 2 milyon 600 min dollar satılmayıb. Qeyd edək ki, ilin əvvəlindən manat 4 faiz möhkəmlənib.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, Mərkəzi Bank milli valyutada olan pul kütləsini kəskin şəkildə azaldıb:

"Mərkəzi Bank hətta dövriyyədə olan pul kütləsini banklardan çox yüksək faizlə əmanət kimi götürür. Ona görə də dövriyyədə pul kütləsi azalır və bank üçün dollar almağa pul olmur. Bu gün Mərkəzi Bank iqtisadiyyatı pulsuz qoyub. Müşahidə edirik ki, bizneslər, iş yerləri bağlanır, o cümlədən, əməkhaqqı azaldılır. Bəzi dövlət qurumları var ki, aylarla maaş vermir. Əgər kifayət qədər milli valyuta yoxdursa, süni şəkildə dolları ucuzlaşdırmaq olur. Bunların hamısı süni prosesdir və ölkəni pulsuz qoymaq bahasına başa gəlir. Təbii ki, kiməsə dollar ehtiyac olanda xarici valyuta ehtiyatlarımızından istifadə edir. Amma hamı bilməlidir ki, bu, çox davam edə bilməz. Əvvəl-axır iqtisadiyyata pul lazımdır, ona görə də dövriyyəyə maliyyə buraxacaqlar”.

Yeganə Oqtayqızı