Yuxarı

TAP əleyhinə aksiyalarda "rus barmağı”

TAP əleyhinə aksiyalarda

Elxan Şahinoğlu: "Bütün maneələrin mərkəzi Rusiyadır”

Rusiyanın "Qazprom” şirkətinin idarə heyəti sədrinin müavini Aleksandr Medvedyev Azərbaycanın reallaşdırdığı Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini və effektiviliyini şübhə altına alan bəyanatlarla çıxış edib. Medvedyev jurnalistlərə açıqlamasında Rusiya qazının gələcəkdə TAP kəmərinə vurulması imkanlarından  danışıb. Bildirib ki, TAP kəmərinin dolmamaq riski var, çünki Azərbaycan əsas neft yataqlarında hasilatı saxlamaq üçün laylara getdikcə daha çox qaz vurmağa məcburdur.

Qeyd edək ki, "Qazprom” şirkəti TAP-a faktiki rəqib sayılan qaz dəhlizinin yaradılması üzərində işləyir.Bura Rusiyadan Türkiyənin Yunanıstanla sərhədinə qədər "Türk axını” qaz kəmərinin çəkilməsi, həmin kəmərin daha sonra "Poseidon” kəmərinə birləşdirilməsi planları daxildir."Türk axını” kəmərinin tikintisi artıq başlayıb. TAP kəmərisə TANAP-la Türkiyənin Yunanıstanla sərhədinə qədər nəql olunacaq Azərbaycan qazını (ildə 10 mlyard kubmetr) Avropanın cənubuna çatdıracaq.

Lakin Aleksandr Medvedyev iddia edir ki, TAP kəmərinin dolması mümkün deyil. Onun sözlərinə görə, "Poseidon” layihəsinin icrası zamanı TAP kəmərinin gücündən istifadə mümkün ola bilərdi: "Ancaq biz bu məsələdə heç bir halda xahiş edən tərəf olmayacağıq. Burada TAP kəmərinin sahiblərinin başı ağrımalı olacaq”. Qeyd edək ki, bu il yanvar ayının sonu İtaliyanın cənubundakı Apuliya bölgəsində Azərbaycan qazını Avropaya çıxaracaq Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kəmərinin tikintisinə qarşı etirazlar keçirilib. Əhali ilə polis arasında toqquşmalar baş verib. Bu aksiyaların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan, keçmiş şoumen Beppe Grillonun rəhbərlik etdiyi "5 Ulduz” hərəkatı və onun yaratdığı "No TAP” ictimai komitəsi olub. Komitə kəmərin tikintisinin çoxillik zeytun ağaclarına ziyan vuracağını iddia edir.Ümumiyyətlə, bildirir ki, bu kəmər və Azərbaycan qazı İtaliyaya lazım deyil.

Həmçinin TAP layihəsinə qarşı növbəti müqavimət may ayında Albaniyada qeydə alındı. Kəmərin ərazidən keçən hissəsində aparılan tikinti işləri zamanı qədim yaşayış məskəninin izləri aşkarlanıb.Qalıqlar Korçe vilayətinin Turan kəndi ərazisində tapılıb. TAP-ın ekspertlərinin qiymətləndirməsinə əsasən, tapılan əşyalar eramızdan əvvəl X-IX əsrlərə məxsusdur. Layihənin podratçı tikinti işlərini dərhal dayandırıb.Tapıntılar barədə Albaniyanın Arxeoloji Xidmət üzrə Agentliyinə məlumat verilib.Hazırda alban arxeoloqlar tərəfindən ərazidə qazıntı işləri aparılır.Bildirilir ki, tikinti işləri azı 1 ay yubanacaq.

Onu da bildirək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır.Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir.TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb.Borunun uzunluğu 878 km təşkil edir.Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir. TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 milyard kubmetrdir (illik 20 milyard kubmetrədək artırıla bilər). Bu günlərdə prezident İlham Əliyev 28 May Respublika Günü münasibətilə təşkil olunan qəbulda çıxışı zamanı TAP kəmərinə qarşı təxribatların arxasında dayanan qüvvələr barədə eyham vurub.Prezident bu layihəni əngəlləmək üçün böyük pulların sərf olunduğunu deyib.Lakin eyni zamanda əminlik ifadə edib ki, Cənub Qaz Dəhlizi reallaşacaq və Azərbaycan Avropaya qaz təchiz edən ilk alternativ mənbə olacaq.Belə görünür ki, Rusiyada bunu həzm etmək istəmirlər və Azərbaycanın Avropaya nəql edəcəyi qazın həcminin ümumi bazarın tələbatı ilə müqayisədə cüzi olmasına baxmayaraq bazara yeni, müstəqil oyunçunun daxil olmasından narahatdırlar.

"Azərbaycan qazı Avropaya daxil olacaq”

Politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan alternativ yollarla Avropaya qaz çatdırmaq istəyir:

"Bunlar Rusiyadan yan keçən marşrutlardır. 1990-cı illərdə Azərbaycan Bakı-Tiflis-Ceyhan layihəsinə üstünlük verəndə Rusiyadan böyük təzyiqlərlə üzləşdi.Çünki Rusiya istəmirdilər ki, Azərbaycan nefti Gürcüstan üzərindən Türkiyəyə, oradan da Avropa ölkələrinə çatsın.İstəyirdilər ki, Azərbaycan nefti Bakı-Novorossiysk marşrutu ilə ixrac olsun.Rəsmi Bakı bununla razılaşmadığına görə böyük təzyiqlərlə üzləşdi. Amma onlar  reallıqla barışdı.

TAP və TANAP layihələri Avropa üçün alternativ enerji mənbələridir. Avropa ölkələrinin Rusiyadan qaz asılılığın az da olsa, azaltmaq imkanı var. Bu cür açıqlamalar verərək layihəyə qısqanc yanaşdıqlarını ortaya qoyurlar. Reallıqda isə Azərbaycanın qaz rezervləri zəngindir."Şahdəniz” və digər zəngin yataqlardan çıxarılan qaz borularla Avropaya çatdırılıacaq.Ona görə də qısqanc, paxıllıq və alternativ marşrutu əngəlləmək məqsədilə bu cür açıqlamalar verirlər.Amma hesab edirəm necə ki, Bakı-Tiflis-Ceyhan layihəsi reallaşdı, TAP və TANAP layihələri də yaxın illərdə reallaşacaq.Azərbaycanın, üstəgəl başqa marağı olan ölkələrin qazı bu boru xətti ilə Avropaya ixrac olacaq”.

"Avropa Azərbaycana dəstək verməlidir”

Politoloqun sözlərinə görə TAP kəmərinə qarşı yönəlmiş bütün maneələrin mərkəzi Rusiyadır:

"İtaliyada ekologiya bəhanəsilə, həmçinin Albaniyada kəmər keçən ərazidə qədim yaşayış məskəninin aşkarlanması adı altında işin uzanması, o cümlədən, məhkəmələrə olan müraciətləri araşdırsaq, bir ucu Rusiyaya gedib çıxır. Müxtəlif ölkələr başqa ad atında bu layihəyə mane olmaq istəyirlər.Ona görə də hesab edirəm ki, Avropa ölkələri də bu məsələdə ciddi siyasət yürütməlidir.Bu maneələrin ortadan qaldırılmasında Azərbaycana real dəstək verilməlidir. Azərbaycan, Gürcüstan, Türkiyə bu layihənin reallaşmasına çalışırlar.

Bu, Avropanın özünə də lazımıdır.Bu səbəbdən gərək Avropa özü də bu cür maneələrin ortadan qaldırılmasında bu ölkələrə dəstək versin.Bu cür maneələr varsa belə, düşünürəm ki, layihəni 1-2 ay ləngidə bilərlər.Bütün hallarda bu boru xətti tikiləcək, Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılacaq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları