Yuxarı

FED-in qərarı birjanı silkələdi

FED-in qərarı birjanı silkələdi

Rəşad Həsənov: "Neqativ təsirlər manatın məzənnəsinə öz psixoloji effektini göstərə bilər”
 
İyunun 14-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi (FOMC) gözlənilən qərarı verdi. Belə ki, iki gün davam edən iclasın yekununda FED uçot dərəcəsini 0,25-0,50 faiz artırdı. Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib. Ümumiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

Ekspertlər hesab edir ki, uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq. Bir qayda olaraq dollar bahalaşdıqca xammalın yəni, həm neftin, həm əlvan metalların, həm də qızılın qiyməti ona paralel olaraq ucuzlaşıb. Xammalın qiyməti birjalarda dollarla müəyyən olunduğundan ehtimallara görə dollar ekvivalentində qiymətlərin aşağı düşməsi prosesi ola bilər. Yəni əsas təsir dünya maliyyə bazarlarına, ikinci yan təsirləri isə xammal bazarlarına olacaq. Heç şübhəsiz dünyada dolların bahalaşması Azərbaycan manatına da təsir göstərəcək. İlk növbədə bütün ticarət tərəfdaşlarının və qonşu dövlətlərin valyutalarında da ucuzlaşma olacaq. Ekspertlər hesab edir ki, manatın dəyərdən düşməsinin sürəti arta bilər, amma kəskin devalvasiya olması ehtimalı çox aşağıdır. Qərarın digər təsiri neft qiymətlərilə bağlıdır. Baha dollar ucuz neft deməkdir. Bu da ölkənin gəlirlərinin azalmasına səbəb ola bilər.

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, uçot dərəcəsi artırılandan sonra dünya maliyyə bazarlarında inkişaf etmiş ölkələrin valyutalarına, o cümlədən, avroya və funta qarşı dollar möhkəmlənsə də, bu, qısamüddətli oldu: "Artıq FED-in qərarının bazara əvvəlki dövrlərdə olduğu kimi effekti müşahidə olunmur. Böyük ehtimalla FED bunu nəzərə alaraq bu addımları atır. Düşünmürəm ki, bu addım ciddi şəkildə dolların valyuta bazarlarında möhkəmlənməyinə gətirib çıxaracaq. Çünki proseslər əvvəlcədən proqnozlaşdırılan bir qrafik üzrə davam edir. FED 2017-ci il üçün üç dəfə uçot dərəcəsini artırmaq haqqında fikrini əvvəlcədən ictimailəşdirmişdi. Bu baxımdan bazar iştirakçıları yaranmış situasiyanı əvvəlcədən qiymətləndirərək buna qarşı valyuta mövqelərini tutmuşdular. Hazırda FED-in qərarının maliyyə bazarlarında effekti hiss olunmur. Müəyyən qədər möhkəmlənmə baş versə də, artıq sabahdan etibarən dollar yenidən zəifləməyə başlayacaq. Çünki uçot dərəcəsinin artırılmasına baxmayaraq, ABŞ iqtisadiyyatı ilə bağlı göstəricilər son bir ayda kifayət qədər neqativ və proqnozlara uyğun olmayan şəkildə dinamika nümayiş etdirir.

İnvestorlar düşünürlər ki, ola bilsin növbəti dövrlərdə uçot dərəcəsi ilə bağlı praqmatik davranışlar və likvidliyin azaldılması ilə bağlı 2018-ci ilin əvvəlinə planlaşdırılan FED ehtimalları nisbətən aşağı olacaq. Bu baxımdan da düşünmürəm ki, valyuta bazarlarında dolların ciddi möhkəmlənməsi baş versin. Bu, Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ siyasətində özünə yer etmiş qeyri-müəyyənliklə də əlaqədardır. Faktiki olaraq Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsi müəyyən risklər formalaşdırıb. Əgər bu təsdiqini taparsa, hətta Tramp üçün impiçment riski ortaya çıxa bilər. Belə bir halda FED-in hansı qərar qəbul etməsindən asılı olmayaraq makro mənzərə hələlik ABŞ dollarının xeyrinə deyil. Tramp açıqlamalarının birində qeyd etmişdi ki, Avropa Mərkəzi Bankı ucuz avro siyasətilə Amerika ixracına və bazarlarına neqativ təsirlər edir. Əgər gələcəkdə hökumətin siyasəti konkretləşərsə, ehtimal olunur ki, ABŞ dolları ucuzlaşdırma yolu ilə avroyla dünya bazarlarında müəyyən rəqabət aparmağa cəhd göstərsin”.

FED-in qərarının Azərbaycanın valyuta bazarlarında təsirinə gəlincə, ekspert qeyd edib ki, bu, ciddi şəkildə əks olunmur, olunmayacaq da: "Faktiki olaraq FED-in qərarının Azərbaycan manatının məzənnəsinə təsirləri kifayət qədər məhduddur. Milli valyutanın əsas formalaşdırıcı baza hissəsi neft qiymətlərindən qaynaqlanır. Bu istiqamətdə müsbət olmayan məqamlardan biri ondan ibarətdir ki, mayın 25-də  OPEC və qeyri-OPEC ölkələri arasında hasilatın azaldılmasına dair saziş 9 ay müddətinə uzadıldı, amma ABŞ gündəlik neft hasilatını artırmaqla dünya bazarlarında neftin qiymətinə aşağı istiqamətdə təsirlər formalaşdırdı. Hazırda neftin bir barelinin qiyməti 46-47 dollar civarındadır.

Bu, ciddi risk yaratmasa da, demək olar ki, neft təhlükəli səviyyə qədər ucuzlaşıb. Əgər bundan sonra dünya bazarlarında 10 faiz neftin ucuzlaşması baş verərsə, burdan qaynaqlanan neqativ təsirlər manatın məzənnəsinə öz psixoloji effektini göstərə bilər. Belə olarsa, risklər yarana və manat yenidən ucuzlaşa bilər. Amma hazırkı situasiyada valyuta bazarlarının kiçik olması, idxalın həcminin azalması, ötən illə müqayisədə tədiyyə balansında müsbət saldonun olması kimi faktorlar Azərbaycan üçün qısamüddətli dövrdə böyük təhlükənin olmaması deməkdir”.

Rəşad Həsənov Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı məsələyə də diqqət çəkib. O deyib ki, əgər Beynəlxalq Bank 2017-ci ildə xarici öhdəliyini yerinə yetirməyəcəksə, yəni restruksizasiya prosesi baş tutacaqsa, o zaman bazarlarda xarici valyutaya tələb daha da aşağı düşə bilər: "Həmçinin Neft Fondundan Beynəlxalq Bankın problemlərinin həllinə yönəldilmiş transfertlər Mərkəzi Banka valyuta bazarlarında manevr imkanları yaradar ki, bu da məzənnənin volatilliyini nisbətən dar çərçivədə olmasını təmin etməyə kifayət edir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları