Yuxarı

Neftin qiyməti "dibə vurur”

Neftin qiyməti

Natiq Cəfərli: "İqtisadiyyatı çoxşaxəli modelə oturda bilməyən ölkələrdə problem yaranacaq”

Dünya birjalarında neft ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,38 faiz azalaraq 44,57 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar və ya 0,34 faiz azalaraq 47,21 dollar olub. 2018-ci ilin ortalarında dünya bazarında neftin orta qiyməti 25 dollar/barel səviyyəsinə qədər ucuzlaşa bilər.Bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.Bank buna səbəb kimi Liviya və Nigeriyanın neft ixracını artırmasını, Çində iqtisadi artımın zəifləməsini və ümumilikdə enerji daşıyıcılarına tələbatın azalmasını göstərir.

Qeyd edək ki, iyunun 14-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi (FOMC) gözlənilən qərarı verdi. Belə ki, iki gün davam edən iclasın yekununda FED uçot dərəcəsini 0,25-0,50 faiz artırdı. Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25 faiz artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib. Ümumiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb. Dolların möhkəmlənməsi, neftin qiymətinin tez-tez dəyişməsi, dünya bazarında qızılın da qiymətinə təsirsiz ötüşmədi.Belə ki, həftə ərzində əlvan metallar bazarlarında qızılın qiymətində də ucuzlaşma qeydə alınıb.Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti çərşənbə axşamı Amerika Mərkəzinin Bankının açıqlamalarından sonra eniş dalğasını daha da sürətləndirməklə, 1257 dollara kimi (1.4 faiz) ucuzlaşıb. Mayın əvvəlindən etibarən maliyyə bazarlarında ABŞ-da yüksək inflyasiya fonunda FED siyasətinin effektivliyi ilə bağlı şübhələr, dolların ucuzlaşmasına səbəb olurdu. Nəticədə qızılın qiyməti də 1294 dollara kimi dəyər qazandı. Lakin ABŞ-da inflyasiyanın yenidən azalması və FED-in dolları bahalaşdırması siyasəti, qızıla olan tələbin azalmasına səbəb olub. Qiymətin texniki mənzərəsi üzrə təhlillərə əsasən, qiymət 1245 dollara kimi də ucuzlaşa bilər.
Ekspertlər bildirirlər ki, FED-in uçot dərəcəsini artırması dolların möhkəmlənməsinə səbəbdir.Dollar bahalaşdıqca bir qayda olaraq həm neftin, həm əlvan metalların, həm də qızılın qiyməti paralel olaraq ucuzlaşır.Çünki xammalın qiyməti birjalarda dollarla müəyyən olunduğundan dollar ekvivalentində qiymətlərin aşağı düşməsi prosesi olur.Proqnozlara görə əsas təsir dünya maliyyə bazarlarına, ikinci yan təsirləri isə xammal bazarlarına olacaq.

İqtisadçıların qənaətincə, dünyada dolların möhkəmlənməsi heç şübhəsiz, Azərbaycan manatına da təzyiqi artıracaq.İlk növbədə bütün ticarət tərəfdaşlarının və qonşu dövlətlərin valyutalarında da ucuzlaşma olacaq.Mütəxəssislər hesab edir ki, kəskin devalvasiya olma ehtimalı olmasa da, manatın dəyərdən düşməsi sürəti arta bilər.Qərarın digər təsiri neft qiymətlərilə bağlıdır.Məlumdur ki, dollar bahalaşdıqca neft ucuzlaşır.Maraqlıdır, gedən proseslər iqtisadiyyatı neftdən asılı olan ölkələrin yeni iqtisadi böhrana düşməsinə zəmin yaradırmı?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, neftin ucuzlaşması neftdən asılı olan ölkələr üçün faciədir. O bildirib ki, ucuzlaşan neft bütün dünya iqtisadiyyatı üçün pozitiv addımdır: 

"Neft ucuzlaşarkən daşımalardan tutmuş, vətəndaşların aldığı yanacağa qədər bir çox şeylər ucuzlaşır. Bu ucuzlaşma da əhalinin alıcılıq qabiliyyətini artırır və iqtisadi canlanmaya səbəb olur.Neftdən asılı olan ölkələrlə neftin ucuzlaşmasından qazanan ölkələri ayırmaq lazımdır.Neftin ucuzlaşması bir qrup ölkələrə pis təsir etsə də, ümumilikdə dünya iqtisadiyyatının canlanmasına təkan verən amillərdən biridir.Elə dövlətlər də var ki, baxmayaraq neft ölkəsidir, amma neftin qiyməti ilə bağlı ciddi narahatlıq keçirtmir.Dünyada ilk üçlüyə daxil olan və ən çox neft hasil edən ölkələrdən biri ABŞ-dır.Gündəlik neft hasilatı 9.5 milyon barelə yaxındır.

Amma neftin qiymətinin hansı səviyyədə olması onu maraqlandırmır və o bundan əziyyət çəkmir.Çünki iqtisadiyyatı çoxşaxəlidir.Neftin qiymətinin düşməsi son 10 ildə ABŞ-da benzinin qiymətini ən aşağı səviyyəyə qədər enməsinə səbəb oldu.Bu da əhali üçün çox pozitiv xəbər oldu.Uzun illərdir iqtisadiyyatı çoxşaxəli modelə oturdura bilməyən və neftdən kəskin asılı olan, o cümlədən Rusiya, Azərbaycan və Qazaxıstan kimi ölkələrdə problem yaradır.Uzun illərdir rəqabətli və çoxşaxəli iqtisadi modelə keçə bilməyən ölkələr bundan əziyyət çəkirlər”.

"Bahalı dollar daha ucuz neft deməkdir”

Ekspert Rusiya Mərkəzi Bankının 2018-ci ilin ortalarında dünya bazarında neftin orta qiyməti 25 dollar/barel səviyyəsinə qədər ucuzlaşması ehtimalı ilə razılaşmadığını deyib: 

"Neftin 25 dollara qədər ucuzlaşması ciddi görünmür. Bu, kifayət qədər aşağı bir rəqəmdir. Uzun illər neftin qiymətinin 40-50 dollar, hətta bəzi aylarda 40 dolardan da aşağı düşmə ehtimalı var. Amma yaxın zaman üçün neftin kəskin ucuzlaşmasını demək çətindir. Təbii ki, burda FED-in faiz artımının da təsiri var. Bahalı dollar daha ucuz neft deməkdir. Ümumi götürdükdə kəskin ucuzlaşma birja oyunçularının özlərinə belə sərf etmir.Buna görə də uzun zaman neftin qiymətinin 40-45 dollar civarında qalması gözlənilir.Bunun özü neftdən asılı olan ölkələrə ciddi siqnaldır.Çünki həm Rusiya, həm Azərbaycan, həm də Qazaxıstan hökumətlərinin dəfələrlə açıqlaması olub ki, neftin qiymətinin düşməsi müvəqqətidir.Yəni, qiymətin yenidən qalxmasına ümid edirdilər.Hətta bunun üçün OPEC-lə danışıqlar da aparılırdı.

Xüsusən də ərəb ölkələri neftin qiymətini yuxarı qaldırmaq üçün addımlar atırdı, həmçinin bazara müdaxilələr edirdi, eyni zamanda hasilat həcmlərinin azaldılması ilə bağlı qərar qəbul etdi.Amma bazarın öz qaydaları var. Bazar bu siqnallara pozitiv reaksiya vermədi.Məsələyə daha qlobal və fəlsəfi yanaşsaq hazırda neftin erasının bitdiyini görürük.İnsanlıq tarixində daş dövrü dünyada daş dövrü bitdi deyə bitmədi.Yəni, insanlıq daş dövründən tunc dövrünə keçdi deyə bitdi.Həmin məsələ neftə də aiddir.

XX əsr neft əsri idi.XXI əsr yeni texnologiyalar, yeni enerji mənbələri əsridir.Buna görə də neftin əhəmiyyəti getdikcə azalır.Belə olan halda neftin qiymətinin artım ehtimalı getdikcə sıfıra yaxınlaşır.Bu nöqteyi-nəzərdən neftdən asılı olan ölkələrdə çox ciddi problemlərin davam edəcəyini gözləmək mümkündür. O cümlədən Azərbaycanın da gəlirlərinin və ümum daxili məhsulun azalmasını, eləcə də ticarət balansında mənfi saldoya malik olduğunu yaxın gələcəkdə müşahidə edə bilərik”.

Qızıl önəmini itirir

Natiq Cəfərli qızılın qiymətinin düşməsinin bir neçə səbəbinin olduğunu da deyib:

"İlk növbədə bu qiymətli metal, zinət əşyası kimi artıq insanları cəlb etmir. İkinci növbədə isə dünya bazarında inflyasiyanın minimuma enməsi, səhmlərin qiymətlərinin artması və dolların güclənməsi əsas amillərdir.İqtisadiyyatda təlatümlər olanda investorlar tarix boyu qızılı güvənli liman kimi bu metalı seçirdilər.Uzun zamandır ki, Avropada "brexsit”lə bağlı problemlər yaşanırdı.Bu da birjalarda əsəbi şərait yaratmışdı.Bir çox oyunçular qızıla keçməyə üstünlük verdilər.Amerikanın özündə Trampla bağlı ciddi proseslər gedir.Proseslər nəticə etibarilə Trampın impiçment ediləcəyini də proqnozlaşdırır.Bu da birjalarda qızıla tələbatı artırır. Amma FED-in son faiz artımı və il ərzində daha bir dəfə uçot dərəcəsini yenidən artıracağını bəyan etməsi qızıla olan marağı azaltmağa başladı. Dünya investorları əsasən dollara və bu növdən olan qiymətli kağızlara keçməyə başladı.Bu da qızılın qiymətinin düşməsinə səbəb oldu.Düşünürəm ki, əgər FED sentyabrda növbəti dəfə faiz artırsa, qızılın qiymətinin 1257 dollardan 1100-1000 dollar koridoruna qədər enməsi ehtimalı çox yüksəkdir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları