Yuxarı

Azərbaycan üçün yeni qazanc fürsəti

Azərbaycan üçün yeni qazanc fürsəti

Natiq Cəfərli: "Bu sanksiyalar Azərbaycan üçün yeni fürsətlər də aça bilər”

Əli Əliyev: "Rusiya MDB ölkələrinə qarşı təzyiqlərini daha da artıracaq”

Qərb-Rusiya qarşıdurması artan xətt üzrə davam edir. Avropa Birliyi (AB) Rusiyaya tətbiq olunan sanksiyaların müddətinin yenidən uzadılması haqqında qərar qəbul edib. Bu dəfə isə sanksiyalar daha çox maliyyə qurumlarına və iri şirkətlərə şamil olunub. AB Şurasından edilən yazılı açıqlamada, AB-nin, Rusiyanın Krım və Sevastopolu qeyri-qanuni ilhaqı üçün tətbiq etməkdə olduğu demarkasiya tədbirlərinin 23 İyun 2018-ci ilə qədər uzadıldığı bildirilib. Uzadılan sanksiyalarla AB vətəndaşları və şirkətlərinin Krım və Sevastopol bölgələrindəki fəaliyyətləri məhdudlaşdırılır.

AB-yə Krım və Sevastopoldan məhsul idxalına icazə verilmir. Heç bir AB vətəndaşı və ya AB şirkəti, Krım və Sevastopoldan əmlak ala bilməz. Bu bölgələrdəki şirkətlərə kredit verilmir. Avropanın turist sərnişin gəmiləri Krım və Sevastopoldakı limanlara təcili vəziyyətlər xaricində yan almırlar. Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar 18 Mart 2014-cü il tarixindən, Krımın ilhaqından  sonra tətbiq edilir. Rusiya bölgənin və dünyanın ən güclü ölkələrindən və Azərbaycanın qonşularından biridir. Ona görə də Rusiyada baş verən iqtisadi, siyasi proseslər müəyyən qədər Azərbaycana da təsirsiz ötüşmür. Bəs bu dəfə tətbiq edilən sanksiyalar Azərbaycana hansı yöndə təsir edə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycana birbaşa təsir edəcəyini düşünmədiyini deyib. Ekspert əlavə edib ki, Azərbaycan bu sanksiyalardan müsbət yöndə istifadə də edə bilər:

 "Çünki sanksiyaların əsas hissəsi bank, maliyyə qurumları və iri neft şirkətlərinə aiddir. Bu sanksiyalar yeni texnologiyaların alınmasında tətbiq olunaraq miqyası genişləndirilə bilər. Nə qədər qəribə səslənsə də bu sanksiyalar Azərbaycan üçün yeni fürsətlər də aça bilər. Çünki Rusiyanın bu sanksiyalar altında olması Azərbaycan vasitəsi ilə müəyyən texnologiyaların ixracatına və ya hər hansı bir formada əməkdaşlığın genişləndirilməsinə fürsət verəcək. Yəni, bu sanksiyaların birbaşa Azərbaycana mənfi təsir göstərəcəyini ehtimal etmirəm. Mənfi təsiri qlobal səviyyədə ondan ibarət ola bilər ki, Qərb-Rusiya qarşıdurması gücləndikcə, sanksiyalar sərtləşdikcə regionda qarşıdurma artır. 

Azərbaycan isə Rusiyanın qonşuluğunda yerləşən kiçik bir dövlət olduğu üçün Qərb-Rusiya qarşıdurmasının artması Azərbaycanın manevr imkanlarını məhdudlaşdırır. Bu isə uzun illərdir davam edən və çox gözəl təqdim edilən balans siyasətinin sonunu gətirə bilər. Balans siyasəti uzun illər həm Qərb, həm də Rusiya ilə münasibətləri normal səviyyədə saxlamağa hesablanmışdı. İndi Qərb-Rusiya qarşıdurmasının artması balans siyasətinin potensialının azaldar və bununla da Azərbaycan seçim qarşısında qala bilər. Bu nöqteyi-nəzərdən təbii ki, təhlükələr var. Amma Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycana birbaşa təsiri yoxdur. 

Azərbaycan çevik siyasət yürüdə bilsə, sanksiya altına düşən Rusiya şirkətlərinə müxtəlif yollarla bir sıra avadanlıqların ötürülməsi ilə vəsait əldə edə bilər. Xüsusilə də neft, qaz sektorunda işləyən avadanlıqları Rusiyaya satmaqla Azərbaycan ciddi gəlir əldə edər. Amma bu məsələdə də ehtiyatlı olmaq əsas şərtdir. Sanksiyaların şərtlərini pozmadan bu prosesi yürütmək lazımdır ki, Qərbin Azərbaycana qarşı münasibəti gərginləşməsin. Amma ümumilikdə Qərb-Rusiya gərginliyinin artması Azərbaycana və bütövlükdə regiona mənfi təsir göstərir”.

Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev də Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana birbaşa təsir etməyəcəyi qənaətindədir. Onun sözlərinə görə, Qərb-Rusiya qarşıdurması kəskinləşdiyi halda Azərbaycan müəyyən təzyiqlərlə üzləşə bilər:

 "Bu əslində Rusiyanın daxili və Putinin ətrafı ilə bağlı olan sanksiyalardır. Bunun Azərbaycana birbaşa təsir edəcəyini düşünmürəm. Ancaq dolayısı yolla Azərbaycana müəyyən təsirlər ola bilər. Qərb-Rusiya qarşıdurması kəskinləşdikcə Rusiya özünümüdafiə mövqeyi tutur. Nəticədə isə Rusiya öz sərhədlərinin periferiyasını gücləndirməsinə başlayır. Bu baxımdan keçmiş Sovet ölkələri Rusiyanın hədəfinə gələ bilər. Baltik respublikaları müstəqillik qazandıqdan və NATO-ya üzv olduqdan sonra onları gözləyən təhlükə barədə NATO-ya müraciət ediblər. Ona görə də NATO həm Estoniya, həm də Latviyada öz hərbi kontingentini yerləşdirib. Bunlar Rusiyanın mümkün təcavüzləri ilə əlaqədar olan müraciətlərdir. İstisna deyil ki, Qərb Rusiya iqtisadi müstəvidə sanksiyaları gücləndirdikcə, Rusiya MDB ölkələrinə qarşı təzyiqlərini daha da artıracaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları