Yuxarı

Nağd hesablaşmalara güzəştlər

Nağd hesablaşmalara güzəştlər

Pərviz Heydərov: "Nağdsız hesablaşmaların tətbiqini inzibati yolla genişləndirmək olmaz”

Azərbaycanda yanvarın 1-i 2017-ci ildən "Nağdsız hesablaşmalar haqqında" qanun qüvvəyə minib.Qanunla vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilib. Artıq qanunun tətbiqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, eləcə də digər qurumlar bu istiqamətdə fəaliyyətlərə start verib. Ötən gün Azərbaycanda təhsil sahəsi də daxil olmaqla əksər sahələr üzrə hesablaşmalar nağdsız aparılması ilə bağlı layihə qəbul olundu.

Bununla bağlı "Nağdsız hesablaşmalar", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Məşğulluq haqqında", "Sosial sığorta haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Turizm haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Bələdiyyə qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "İcbari sığortalar haqqında", "Sığorta fəaliyyəti haqqında" qanunlara, Əmək, Cinayət, İnzibati Xətalar məcəllələrinə və digər sənədlərə dəyişikliklər edilib. Layihələrə əsasən, müvafiq olaraq qanunların əhatə etdiyi sosial sığorta, sosial müavinətlər, turizm, körpələrin qidalanması ilə bağlı müavinətlər və sair hesablaşmalar yalnız nağdsız qaydaya keçir.

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3-cü maddəsinə (Nağdsız qaydada həyata keçirilən hesablaşmalar) əlavə edilən bəndə görə isə bu cür hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.Layihələr səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, iyunun 21-də Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər qurumların üzvləri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Vergilər Nazirliyinin rəhbərliyi arasında görüşün keçirilməsi planlaşdırılır. 

Görüş "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlərin müzakirəsi məqsədilə keçiriləcək. Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin, iqtisadiyyat naziri Şahin Mustafayevin,  Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının iştirak edəcəyi gözlənilir. İlkin məlumatlara görə nağdsız hesablaşmaların yaratdığı çətinliklər nəzərə alınaraq, yeni təkliflər planı hazırlanacaq.Həmçinin bəzi qurumlar güzəştlərin tətbiq olunması da planlaşdırılır.

İqtisadçı-ekspert Pərviz Heydərov "Cümhuriyət” qəzetinə bildirib ki, ölkədə valyuta bazarında yaranan məlum gərginliyi aradan qaldırmaq üçün görülən tədbirlər sırasında nağd hesablaşmaların məhdudlaşdırılması siyasəti də mühüm rol oynayıb:

"Ümumiyyətlə, son vaxtlar maliyyə məsələlərində qeyri-nağd hesablaşmaların genişləndirilməsi üçün çox işlər görülmüş və mühüm addımlar atılmışdı. Deyərdim ki, bunların bir çoxu əslində, gecikmiş tədbirlərdir.Ancaq burada digər nüanslar da vardır. O da bundan ibarətdir ki, nağdsız hesablaşmaların zorla tətbiqi mümkün deyil və bunun bir sıra neqativ təsir və nəticələri vardır. Ümumiyyətlə, nağdsız hesablaşmaların tətbiqini inzibati yolla genişləndirmək olmaz.Bu mənada son vaxtlar sözügedən istiqamətdə görülən işlər və atılan addımlar xüsusən, sahibkarlar tərəfindən müəyyən narazılıqlarla qarşılanıb.

Odur ki, məsələyə kompleks yanaşmaq tələb olunur.Belə ki, nağdsız ödənişlərin və hesablaşmaların tətbiqi və genişləndirilməsi stimullaşdırıcı yollarla olmalıdır.Bu, bütün əlaqədar subyektlər üçün sərfəli xarakter daşımalıdır.Müəyyən maraq kəsb etməlidir.Biznes və sahibkarlıq fəaliyyəti üçün məhdudlaşdırıcı xarakter daşımamalıdır”.

İqtisadçı onu da qeyd edib ki, nağd ödənişlər də sui-istifadə hallarına yol açmamalıdır:

"Nağd vəsaitlə real iş görülməlidir, valyuta bazarına çıxıb dollar-manat alveri edilməməlidir. Bu baxımdan əlaqədar strukturlar sözsüz ki, birgə müzakirələr aparmalı və müvafiq təkliflərini verməlidir.Bu məsələ tək bir qurumun, məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatasının işi deyildir.Bu sahədə müvafiq qanun var, sadəcə olaraq bunun effektli tətbiqi mexanizmi olmalıdır.Nağdsız hesablaşmalar üzrə müəyyən çətinliklər var və bu inkar edilmir.Ancaq bu, necə aradan qaldırılmalıdır və bundan ötrü nələr tələb olunur, bütün bunları praktika üzə çıxarmalıdır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları