Yuxarı

SOCAR 2,5 milyardı riskə atır?

SOCAR 2,5 milyardı riskə atır?

Rəşad Həsənov: "SOCAR valyuta balansını tənzimləyir”

Ötən il SOCAR-ın banklarda yerləşdirdiyi pul və pul vəsaiti ekvivalentlərinin, o cümlədən depozitlərin həcmi açıqlanıb. SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyəyə görə, 2015-ci illə müqayisədə ötən il dövlət şirkətinin banklarda yerləşdirdiyi pul vəsaitləri 15 faiz azalaraq 4,163 milyard manat təşkil edib. Hesabatda bildirilir ki, qeyd olunan pul vəsaitinin 2,594 milyard manatı ABŞ dolları, 718 milyon manatı Azərbaycan manatı, 378 milyon manatı avro, 249 milyon manatı lirə, 137 milyon manatı İsveçrə frankı, 72 milyon manatı digər valyuta ekvivalentlərindədir. Bundan başqa, şirkətin 15 milyon manat nağd pul vəsaiti var.

Depozitlərə gəlincə, 2016-cı ilin 31 dekabr tarixinə SOCAR-ın bank hesablarında yerləşdirilən depozitlərin həcmi 1,039 milyard manat təşkil edib. Qeyd olunan depozit 3 aydan 1 ilə qədər illik 2,5 - 6 faiz olmaqla yerləşdirilib. 2015-ci ildə yerləşdirilən 139 milyon manat həcmində depozit isə illik 1,72 - 2,85 faiz olmaqla 3 aydan 6 aya qədər yerləşdirilib. SOCAR-ın banklarda yerləşdirdiyi pul vəsaitinin 50 faizə yaxın hissəsini dollarla saxlaması risklidirmi?

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, SOCAR-ın açıq valyuta mövqeyi hazırda ciddi risk formalaşdırmır: "SOCAR vəsaitinin 50 faizə yaxınını dollarla, 50 faizini isə digər valyutalarda saxlayır. Bu, o deməkdir ki, şirkət risklər qarşısında öz depozitlərini yerləşdirərkən məzənnə dəyişikliklərindən itkiyə uğramasın deyə valyuta balansını tənzimləyir.Ola bilsin bu gün dünya bazarında dolların mövqeyi müəyyən qədər zəifləyən görünür.Bu, başqa cür qiymətləndirilə bilər ki, SOCAR itki ilə üzləşir.Amma əslində bu, belə deyil. O baxımdan ki, SOCAR-ın öhdəliklərinin böyük bir qismi xarici valyutadadır. Şirkət digər ölkələrdə investisiya siyasəti və böyük layihələr həyata keçirdir.SOCAR-ın xərclərinin böyük bir qismini xarici valyuta tutur.Bu baxımdan ABŞ dollarının mövqeyinin kiçik faizlərlə zəifləməsi SOCAR üçün ciddi itki formalaşdırmır”.

İqtisadçı onu da qeyd edib ki, SOCAR-ın yerləşdirdiyi depozitlər tam olaraq Azərbaycanın maliyyə bazarlarında deyil: "Şirkət hansı ölkədə fəaliyyət göstərirsə, əməliyyatların, öhdəliklərin, zəmanətlərin tələbi olaraq müəyyən depozitlərin olması zəruridir. Bu depozitlər də təbii olaraq xarici valyutada yerləşdirilməlidir.Çünki bəhs etdiyimiz ölkələrin banklarında milli valyuta ilə depozitlərin yerləşdirilməsi mümkün deyil.Bu baxımdan da burda ciddi təhlükə görmürəm”.

Yeganə Oqtayqızı