Yuxarı

Rusiya-Azərbaycan: Bazar uğrunda gizli mübarizə

Rusiya-Azərbaycan: Bazar uğrunda gizli mübarizə

TAP-a etirazların arxasından kəşfiyyat çıxır

Məhəmməd Əsədullazadə: "Bu qlobal savaşda Qərb Rusiyaya qalib gələcək”

Xəbər verildiyi kimi, 40 milyard ABŞ dolları dəyərində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP vasitəsilə 2020-ci ildən Azərbaycandan İtaliyaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Ancaq TAP layihəsinin icrasında bu günə qədər Avropa ölkələri, xüsusilə də İtaliya tərəfindən müxtəlif əngəllər yaradılır. Ekspertlər hesab edir ki, yaradılan maneələrin arxasında dayanan güc Rusiyadır. Qeyd edək ki, bir müddət öncə İtaliyanın Lazio Regional İnzibati Məhkəməsi Trans Adriatik Borusunun (TAP) keçəcəyi yerdə zeytun ağaclarının kəsilməsi üçün Ekologiya Nazirliyinin verdiyi icazəni dayandırmışdı.

Bu günlərdə isə İtaliyanın Apuliya bölgəsinin qubernatoru Miçel Emiliano TAP qaz kəməri layihəsinin əleydarları sırasında yer alıb. Daim ağlasığmaz hərəkətləri ilə tanınan Emiliano bəyan edib ki, TAP-a alternativ olaraq Balkan regionu Apuliya bölgəsi ilə birləşdirən yeni qaz kəmərinin çəkilməsini dəstəkləməyə hazırdır. Qeyd edək ki, sözügedən qaz kəməri "Falcone Group” şirkəti tərəfindən irəli sürülən və heç kimin ciddi qəbul etmədiyi Eagle LNG layihəsidir.

Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində etirazların arxasında Rusiya kəşfiyyatının dayandığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya Azərbaycanla bazar uğrunda gizli mübarizə aparır:

"Azərbaycanın "Şahdəniz 2" konsorsiumundan -qaz yatağından Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün dörd hissədən ibarət olan "Cənubi Qaz Dəhlizi" boru kəmərinin tikintisi bir neçə istiqamətdə həyata keçirilir.  Azərbaycan, Gürcüstan , Türkiyə və Yunanıstanda işlərin davamı olaraq, TAP Albaniya və İtaliyada davam edir. TAP-ın dördüncü, İtaliya ərazisində gedən tikintisi isə ciddi etirazlarla qarşılanır. Ümumi məbləği 40 milyard dollar, illik ötürmə qabiliyyəti 20 milyard kubmetr olacaq bu layihə Avropanın enerji bazarında mühüm rol oynayacaq, Qərbi Rusiyanın qaz şantajından müəyyən qədər azad edəcək. Avropa bazarı uğrunda Rusiya və Azərbaycan arasında gizli mübarizə gedir. Rusiya "Cənub Axını" adlandırdığı qaz kəmərini çəkməklə Azərbaycanın "Cənubi Qaz Dəhlizinə "alternativ yaradır. İki ölkə təbii ki, bazar uğrunda mübarizə aparacaq. Qərb isə, başda ABŞ olmaqla Azərbaycanı dəstəkləyir. Rusiya ilk öncə İtaliyada TAP əngəlləməsi üçün geniş kəşfiyyat işləri aparıb. İtaliyanın Apuliya bölgəsinin qubernatoru Miçel Emiliano gözlənilmədən TAP qaz kəməri layihəsinin əleydarları sırasında yer alıb. Bundan əvvəl isə İtaliyanın Melandunyo bölgəsində TAP kəmərinə görə təhlükəsizlik qüvvələri ilə "No TAP" komitəsinin fəalları arasında güclü toqquşmalar baş vermişdi. Yüzlərlə fəal və yerli sakin "San-Fokada” TAP kəmərinin marşrutu üzərində qalan sonuncu 43 zeytun ağacının köçürülməsini əngəlləməyə çalışıb. "No TAP" komitəsinə rəhbərlik edən İtaliya parlamentindəki yerlərin 22 faizinə sahib "Beş ulduz" hərəkatının lideri, aktyor və blogger Beppe Qrillo Rusiyaya bağlılığı ilə tanınır. "No TAP" komitəsi kəmərin inşası fonunda təxribatçı əməllərindən əl çəkmir. Qubernatorun TAP əvəzinə başqa marşrutları alternativ göstərməsi və bunun əleyhinə çıxması Rusiyanın apardığı siyasətin nəticəsidir”.  

Ekspert hesab edir ki, İtaliya hökuməti TAP-a tam dəstək verəcək və proses uğurla davam etdiriləcək: "İstanbulda 22-ci Dünya  Neft Konqresində prezident İlham Əliyevlə ABŞ dövlət katibi Tillersonun görüşündə bir daha TANAP və TAP tikintisi barədə geniş fikir mübadiləsi aparıldı və Ağ Ev bu genişmiqyaslı layihənin arxasında olduğunu təsdiq etdi. Rusiyanın apardığı pozucu siyasətə baxmayaraq, ABŞ-ın dəstək verdiyi boru kəməri çəkiləcək və Avropanın enerji təhlükəsizliyi təmin ediləcək.  

Qeyd edək ki, ABŞ-ın bir neçə sanksiyalarına görə Rusiyanın "Cənub Axını" qaz kəmərinin çəkilməsi yubanır. Moskva isə enerji məsələlərinə görə Azərbaycana qarşı qəzəblidir. Son günlərdə bu qarşıdurma açıq müstəviyə keçib. Rəsmi Kremlə yaxın  qubernatorun bu layihənin qarşısının alınmasına yönəlmiş fəaliyyəti nəticəsiz qalacaq. Bu gün dünyada enerji resursları və marşrut yolları uğrunda mübarizə kəskinləşir.  Bu qlobal savaşda Qərb Rusiyaya qalib gələcək”.

Vilayət Muxtar