Yuxarı

TANAP-a İsrail "qalxanı”

TANAP-a İsrail

Arzu Nağıyev: "İsrailin bu layihəyə qoşulması Azərbaycan üçün  müsbət haldır” 

Sərdar Cəlaloğlu: "İsrailin indiki mərhələdə TANAP-a qoşulması ciddi məsələdir”

2017-ci ilin sonunadək Türkiyə və İsrail Avropaya qaz nəqlini nəzərdə tutan boru kəmərinin tikintisinə dair hökumətlərarası sazişi imzalamağı planlaşdırır."Cümhuriyət” qəzeti Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits bildirib.Nazirin sözlərinə görə, kəmərin tikintisinə dair qərar tərəflər arasında aparılan 4 mərhələdən ibarət danışıqlardan sonra qəbul olunub.

Qəbul olunan qərara əsasən, Aralıq dənizində yerləşən Leviafan qaz yatağından Türkiyə sahillərinədək, oradan isə  TANAP kəmərinədək borunun tikintisi aparılacaq. Nazir qeyd edib ki, İsrail həmçinin Kipr və Yunanıstan üzərindən İtaliyaya ikinci qaz kəmərinin tikintisini də planlaşdırır.Y.Ştaynits iddia edir ki, ölkəsi hər iki kəməri qazla təmin etmək iqtidarındadır.

İsrailin qoşulmaq qərarı nə vəd edir?

Ekspertlər TANAP-ın keçdiyi bir sıra ölkələrdə (İtaliya, Yunanıstan və s.) bu layihəyə qarşı etiraz aksiyalarının başladığı vaxt İsrailin bu qərarı verməsinin arxasında siyasi məqamların olduğunu istisna etmirlər.Ehtimal etmək olar ki, İtaliya, Yunanıstan və layihədə iştirakçı olan digər dövlətlərdə güclü lobbisi olan İsrail layihənin həyata keçməsinə mane olan qüvvələrin qarşısında "qalxan” rolunu oynayacaq.Başqa sözlə, bu baxımdan tikintinin dayandırılması çağırışlarının artdığı vaxt İsrailin bu qərarı verməsi, həmin etirazların arxasında dayandığı iddia olunan İran və Rusiyanın qarşısını kəsə bilər.

"İran mane olmağa çalışa bilər”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə bildirib ki, İsrailin bu layihədə iştirakı müsbət hal kimi dəyərləndirilməlidir. A.Nağıyev hesab edir ki, Türkiyənin burada iştirakı da bu kəmərin keçdiyi regionda yerləşən digər dövlətlərdə qısqanclıq yaradır: "Türkiyə və İsrail arasında daşınmalarla bağlı mühüm müqavilələr var. Azərbaycan nefti də İsrail bazarlarına çıxarılır. Bununla bağlı da tərəflər arasında bir sıra müqavilələr imzalanıb.Düşünürəm ki, İsrail bu layihəyə vaxtında qoşulmaq qərarı verdi. İsrail belə layihələrlə həm öz iqtisadi, həm də siyasi məsələlərini həll edir.İsrailin bu layihəyə qoşulması Azərbaycan üçün də müsbət haldır.Bu iqtisadiyyatımızın şaxələnməsinə təkan verə bilər”. Politoloq istisna etməyib ki, TANAP layihəsinin reallaşmasına mane olmaq istəyən qüvvələr var: "Bu. İran və digər dövlətlər ola bilərlər. Bu baxımdan düşünürəm ki, İsrailin TANAP-a qoşulması həm Azərbaycan, həm də bütün region üçün müsbət haldır”.

"Ciddi məsələdir”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə açıqlamasında İsrailin indiki mərhələdə TANAP-a qoşulmasının ciddi məsələ olduğunu deyib. ADP sədri İsrailin bu qərarının təsadüfi olmadığını diqqətə çatdırıb: "İsrailin son zamanlarda adının Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı  hallandırıldığı vaxt bu məsələnin gündəmə gəlməsi də göstərir ki, bunlar biri-birinə uyğun gələn amillərdir. Azərbaycanla geniş iqtisadi əlaqələri olan İsrail hərtərəfli sahədə əməkdaşlıqda maraqlıdır.Amma İsrailin bu qərarı nə İran, nə də Rusiya tərəfindən birmənalı qarşılanmayacaq.

Yəqin ki, hansısa qərar verərkən bunun sonrakı nəticələri də əvvəldən düşünüləcək.Hesab etmək olar ki, həm Azərbaycan, həm də Türkiyənin buna dəstəyi olduğu üçün İsrail bu addımı atır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları