Yuxarı

Banklar əhalini kredit bataqlığına sürükləyir

Banklar əhalini kredit bataqlığına sürükləyir

Natiq Cəfərli: "Gəlirlərin aşağı düşdüyü dövrdə isə bu çox təhlükəli haldır”

Hökumətin problemli kreditlərin həllinə dəstək verməməsi vəziyyəti daha da acınacaqlı duruma gətirib çıxarıb. Bu gün bir çox bankların ümumi kredit portfelinin böyük hissəsi problemli kreditlərdən ibarətdir. Bu baxımdan devalvasiyalardan sonra bankların kreditləşməni dayandırması anlaşılan idi. Ancaq nəzərə alsaq ki, Azərbaycan banklarının kreditləşməyə alternativ qazanc mənbəyi yoxdur, o, zaman bankların maliyyə çatışmamazlığı ilə üzləşməsi qaçılmaz olur. Necə ki, bu gün bir çox kommersiya bankının təqdim etdiyi maliyyə hesabatlarında bunu açıq şəkildə görmək mümkündür.

2016-cı ilin əvvəllərində rəsmi rəqəmlərə görə Azərbaycanda problemli kreditlərin həcmi 8.5-9 faiz civarında idi. Ancaq bu il üçün açıqlanan rəsmi rəqəmlərdə problem kreditlərin həcminin artdığının şahidi oluruq. Statistik rəqəmlərə görə bu gün problemli kreditlərin həcmi ümumi kredit portfelinin 11 faizini təşkil edir. Ancaq buna baxmayaraq banklar artıq müəyyən qədər kredit verməyə başlayıblar. Hətta bəzi banklar kredit şərtlərini asanlaşdırması haqqında reklam çarxları da yayımlayır və müştəriləri banka cəlb etməyə çalışır. Problemli kreditlərin artdığı, əhalinin gəlirlərinin azaldığı bir zamanda bankların kreditləşməyə başlaması vətəndaşlar arasında müəyyən çaşqınlıqlar yaradır. Əgər problemli kreditlər həll olunmursa, günü-gündən artırsa, banklar niyə kreditləşməyə maraq göstərir?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində problemi kreditlərin həcminin düzgün hesablanmadığını deyib. Onun sözlərinə görə, 11 faizli göstərici ümumiyyətlə, geri qaytımaq ehtimalı olmayan kreditlərdir: 

"Ümumiyyətlə, problemli kreditlərin statistikasında da ciddi problemlər var. Yəni, müxtəlif hesablamalar aparılır və buna görə də fərqli rəqəmlər göstərilir. Bu rəqəmlərə görə isə Azərbaycanda ümumi kredit portfelinin 11 faizi problemli kredit hesab olunur.Beynəlxalq Bankın problemli kreditlərin isə bu statistik rəqəmlərə aidiyyatı yoxdur.Ümumi respublika üzrə problemli kreditlər hesablananda Beynəlxalq Bank hesablanmır. Son 1 ildə rəsmi rəqəmlərdə 2 faiz artım olub və beləliklə, problemli kreditlərin həcmi 9 faizdən 11 faizə çatıb. Amma çox nüfuzlu beynəlxalq reytinq agentlikləri var ki, onların hesablamalarında ən optimist rəqəm 25 faizdən yuxarıdır.

Bu isə o deməkdir ki, hər 4 kreditdən 1-i problemlidir.Beynəlxalq qurumlarla rəsmi rəqəmlər arasında olan ciddi fərq əslində vəziyyətin doğru-düzgün qiymətləndirməsinə imkan vermir.Görünən də odur ki, hətta bəzi bankların kredit portfelinin yarısı problemlidir.Azərbaycanda aparılan rəsmi statistikada yeni termin, ümidsiz kreditlər icad olunub.Dünya praktikasında belə bir termin yoxdur.Hesab edirəm ki, bununla problemli kreditləri iki hissəyə bölüblər.Bu isə rəsmi statistikada çox böyük rəqəmin alınması üçündür.Bu gün rəsmi statistikada göstərilən 11 faiz də məhz ümidsiz kreditlər kimi qiymətləndirilməlidir.Obrazlı desək, banklar artıq bu 11 faizin qaytarılmasından tamamilə əllərini üzüblər”.

Ekspert hesab edir ki, banklar bu gün kredit verməyə məcburdur. N.Cəfərlinin sözlərinə görə, bankların bu gün də yeritdiyi kredit siyasəti yanlışdır: 

"Kreditləşmənin yenidən başlaması və sürətlə getdiyini demək mümkün deyil. Çünki kredit faizləri çox yüksəkdir.Banklar isə yüksək faizli kreditləri çox aşağı müddətlə verirlər. Bu da nə iş adamlarında, nə də vətəndaşlarda kreditləşməyə ciddi maraq oyatmır. Hətta son zamanlar Azərbaycan Mərkəzi Bankının keçirdiyi manat-repo hərracında tələbatın artması da bunu sübut edir.Mərkəzi Bank həftəlik 100-120 milyonluq tələb olacağını düşünərək, o, qədər borc kağızını satışına çıxarır.Ancaq görünən odur ki, tələb bundan 4-5 dəfə yüksək olur.Bu onu deməyə əsas verir ki, banklar əllərində olan manat kütləsini kredit şəklində əhaliyə verməkdənsə, 2 həftəlik borc şəklində Mərkəzi Banka verməyi daha üstün tutur.Bu banklara qısa müddət ərzində 12-13 faizli illik gəlir əldə etmək imkanı verir.

Doğrudur, kreditləşmədə daha çox qazanc var, amma kreditlərin özündə problemlərin olduğunu nəzərə alaraq banklar özləri də bu prosesdə ciddi şəkildə iştirak etmirlər.Amma bu günə qədər və indi də verilən kreditlərin strukturuna baxdıqda əksəriyyəti istehlak kreditləridir.Əslində bu da banklar tərəfindən doğru yanaşma deyil. İstehlak kreditləri iqtisadi canlanmaya az təsir edən amillərdən biridir. Əsas istehsalla məşğul olan, orta və uzunmüddətli yatırımlar edən, yeni iş yerləri yaradan sahələr maliyyələşsə, kapital qoyulsa daha məntiqə uyğun olardı. Ancaq maliyyənin istehlak kreditlərinə yönəlməsi onu deməyə əsas verir ki, gələcəkdə bununla da bağlı problemlər yaranacaq.Çünki bir çox hallarda əhali indi götürdüyü kreditlərlə, köhnə borclarını bağlamağa, ya da gündəlik ehtiyaclarını ödəməyə çalışırlar.Gəlirlərin aşağı düşdüyü dövrdə isə bu çox təhlükəli haldır.Bir müddət sonra yeni verilən kreditlərin də problemli kreditlər siyahısına düşmək ehtimalı çoxdur”.

Sonda Natiq Cəfərli vurğulayıb ki, dövlət dəstəyi olmasa, bu problem öz həllini tapmayacaq, bir çox bank tamamilə müflis olacaq: 

"Bankların ən böyük qazanc mənbəyi kreditdir. Əgər banklar ayaqda qalmaq istəyirsə, kredit verməyə məcburdur.Banklarda kreditlərdən başqa depozit problemləri də var. Banklar 12-15 faiz arası depozit xərclərini də əhaliyə ödəməlidirlər.Əgər banklar pul qazana, kreditləşmə apara bilməsələr, gələcəkdə depozitlərlə bağlı problemlər də üzə çıxacaq.Əhalinin depozitə qoyduğu vəsaitlərin faizlərini qaytara bilməyəcəklər.Ona görə də açığı banklar bu gün çox pis vəziyyətdədirlər.Bir yanda kreditləşmə aparmalıdırlar ki, pul qazanıb depozitləri ödənisləri, digər tərəfdən isə verdikləri kreditlərin geri qayıtmasında ciddi problemlər yaşayırlar.Yəni, bu anlamda bankların vəziyyəti çox ağırdır.Bu səbədəndir ki, bankların əksəriyyəti böyük valyutadəyişmə məntəqəsinə çevrilib. Ancaq valyuta əməliyyatlarından (oxu: manat-dollar; manat-Avro) az da olsa, pul qazanmağı düşünürlər. 

Hesab edirəm ki, banklar kreditləşmə əmməliyyatlarına başlasalar, gələcəkdə daha ciddi problemlərlə üzləşəcəklərini anlayırlar.Digər tərəfdən də bankların çıxış yolu yoxdur.Depozit faizlərini qaytarmaq üçün banklar kredit verməyə məcburdurlar.Açığını desək, əvvəl-axır hökumətin və dövlətin müdaxiləsi olmadan bu problemin həlli mümkün olmayacaq.Ya bankların əksəriyyəti müflis olub sıradan çıxmalıdır, ya da dövlət dəstək verməlidir.Azərbaycan bankları üçün təəssüf ki, alternativ ödəniş, yardım mənbəyi yoxdur”.

Vilayət Muxtar