Yuxarı

Avro niyə "sürət götürüb?”

Avro niyə

Akif Nəsirli: "Bazarı tənzimləmək çətindir”

Ölkənin valyuta bazarında baş verən proseslər fərqli yöndə inkişaf edir. Belə ki, manat-dollar münasibətləri uzun zamandır sabit (oxu: 1 dollar-1.70 manat) olsa da, Azərbaycanın milli valyutası digər valyutalara, xüsusilə də avro və rubla qarşı zəifləyir. Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, dollar yenə də 1.7012 manat civarında qalsa da, Avro 1.9856, rubl isə 0.0286 civarında bahalaşıb. Dollardan başqa demək olar ki, digər bütün xarici valyutalar manata nisbətdə bahalaşmaqda davam edir.Dolların sabit qalması, digər xarici valyutaların isə bahalaşması maliyyə bazarında müəyyən qədər çaşqınlıq yaradır.

Əslində dolların manata nisbətdə 1.70 məzənnə civarında saxlanılması bu gün sərf edir.Dünya bazarında baş verən proseslərdə də dollar dünya valyutalarına qarşı müəyyən qədər dəyər itirir.Banklararası ticarətdə dollar hər gün cüzi də olsa dəyər itirir.Böhran dövründən sonra bu ilk belə haldır."Bloomberg" terminalında dollar günə 1.7000 manat kursu ilə başlayıb və 1.6906 manata qədər ucuzlaşıb. Başqa sözlə, dollar manat qarşısında 0,55% dəyər itirib. Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirir.Ekspertlər də dolların dünya bazarında cüzi də olsa, dəyər itirməsini birjalarda formalaşan yeni indekslərlə əlaqələndirir.

Ancaq dünya valyutalarında baş verən bahalaşma və ya ucuzlaşma, ümumiyyətlə, birjalarda yaşanan oynamalar Azərbaycan manatında hiss olunmur.Yəni, manat heç bir halda dünyada gedən proseslərə reaksiya vermir.İqtisadçılar hesab edirlər ki, bunun səbəbi məzənnənin inzibati yolla Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilməsidir. Qeyd edək ki, dolların məzənnəsini sabit saxlamaq üçün ilin əvvəlində Dövlət Neft Fondu AMB-yə 4 milyard dollar vəsait verdi. AMB bu vəsait hesabına həm öz maliyyə resurslarını yaxşılaşdırdı, həm də manatın dayanıqlığını bərpa etdi.Ancaq göründüyü kimi gedən proseslər yalnız dollar-manat çərçivəsində baş verir.Digər valyutalar isə manata nisbətdə bahalaşmağa davam edir.Manat əgər möhkəmlənirsə, niyə digər valyutalara nisbətdə ucuzlaşır?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında əslində manatın möhkəmlənmədiyini dedi. Onun sözlərinə görə, hökumət manatın sabitliyini yalnız dollara görə süni vasitələrlə saxlayır: "Maliyyə bazarını süni vasitələrlə tənzimləyirlər. Digər valyutaları həmin qayda ilə tənzimləmək isə daha çox xərc aparır.Hökumətin isə maliyyə durumu ürəkaçan deyil.Aybaay iqtisadiyyat kiçilir.Dolların sabit qalması, digər valyutaların isə bahalaşması məhz bu səbəblərə görədir.Hökumət avro və ya digər valyutaları dollara uyğun olaraq saxlamaqda maraqlı olsa da, maliyyə imkanları buna adekvat deyil.Hökumətin imkanı olsa, bütün valyutaların aşağı məzənnədə saxlanılmasına pul xərcləyər.Çünki digər valyutaların məzənnəsinin artması hökumətə heç nə qazandırmır.Yəni, ümumi hesabda yenə də hökumətin maliyyə itkisi yaranır.Bunların baş verməməsi, manatın bazara uyğun olaraq güclənməsi üçün zamana və yeni effektiv layihələrə ehtiyac var. Bunun yeganə yolu ölkə iqtisadiyyatını dirçəltmək, daxili istehsalı artırmaq və manatın arxasında dura biləcək təminatlı iqtisadiyyat yaratmaqdır.Bu isə uzun yoldur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları