Yuxarı

Neft ölkələri üçün kritik 8 ay

Neft ölkələri üçün kritik 8 ay

Vüqar Bayramov:"OPEC anlaşmasının qüvvədə qalması Səudiyyə Ərəbistanı ilə Rusiyadan asılıdır”

OPEC+ anlaşmasının 2018-ci il aprel ayının 1-dən fəaliyyətini dayandırması gözlənilir. "TASS" agentliyi xəbər verir ki, buna səbəb Rusiyanın anlaşmadan çıxması amili ola bilər. Belə ki, "TASS"ın analitikləri tərəfindən aparılan sorğuda anlaşmanın 2018-ci ilin mart ayından sonra uzadılması ehtimalı çox azdır.Analitiklərin fikrincə, ən çox anlaşmadan çıxmaq istəyən ölkə məhz Rusiyadır.Rəsmi Moskva əvvəldən hasilatın azaldılmasına çətinliklə razılaşıb.Çünki RF son illərdə yeni layihələrə önəmli investisiyalar yatırıb ki, bu da ölkənin ən azı 2019-cu ilin sonuna qədər hasilatı artırmasını təmin etməlidir.

"Sberbank"ın analitiki Valeriy Nesterov hesab edir ki, Rusiya böyük ehtimalla hasilatın azaldılması anlaşmasının uzadılmasına razı olmayacaq. Belə ki, neftçilər hasilatın cari artım potensialından maksimum faydalanmaq istəyir və rəqiblərini öz istehlak bazarına buraxmağı düşünmür: "Hazırda neft sektorunda Rusiya ilə yanaşı bir çox ölkə anlaşmanı bitirmək istəyir". "Fitch" beynəlxalq reytinq agentliyinin korporasiyalar şöbəsinin müdiri Dmitri Marinçenkoya görə, bu dəfə anlaşmanın uzadılması barədə razılığa gəlmək çətin olacaq.

Ekspertlər hesab edir ki, OPEC+11 hasilatçısı ölkələrinin ötən ilin sonlarında hasilatı azaltması ilə qəbul etdiyi qərar istənilən halda bazara müsbət təsir edib.Amma buna baxmayaraq bəzi ölkələrin gündəlik neft hasilatının həcmlərində artımlar da müşahidə olunub.Ötən ilin dekabr ayında hasilatın azaldılması barədə razılaşma əldə olunanda bazar bunu ciddi qarşıladı və neft qiyməti 54 dollaradək yüksəldi.Sonrakı aylarda neftin qiymətində azalma müşahidə olunsa da, ancaq ilk yarımilliyin nəticələrinə görə orta qiymət yenə də 50 dollardan aşağı olmadı.

Maraqlıdır, hasilat həcmlərinin azaldılmasına dair razılaşma pozularsa, neftin sonrakı aqibəti necə olacaq?

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, hələlik OPEC+ anlaşması qüvvədədir:

"Anlaşmanın uzadılması məqsədindən biri neftin dünya bazarındakı qiymətini əvvəlki səviyyədə qoruyub saxlamaq idi. Güman olunur ki, anlaşmanın pozulması 2018-ci ildə baş verə bilər.Tərəflər 2018-ci ildə yenidən anlaşmanın uzadılması ilə bağlı müzakirələrə başlamalıdır.Böyük ehtimalla o vaxta qədər tərəflər çalışacaq ki, anlaşma qüvvədə qalsın.Təbii ki, istənilən zaman xüsusən də aparıcı ölkələr bu anlaşmadan çəkilə bilər.Bu zaman da anlaşma əhəmiyyətini itirə bilər.Hazırda iki ölkənin mövqeyi çox önəmlidir.OPEC anlaşmasının qüvvədə qalması Səudiyyə Ərəbistanı ilə Rusiyadan asılıdır.Hər iki ölkə birbaşa anlaşmanın aqibətini müəyyənləşdirir.Əgər Rusiya anlaşmadan çəkilərsə, bu, nəticə etibarilə razılaşmanın pozulmasına və yaxud da anlaşmanın əhəmiyyətinin ciddi şəkildə azalmasına gətirib çıxarır. Çünki Rusiyasız OPEC anlaşmasının davam etməsi proses olaraq ciddi əhəmiyyət daşımır”.

Vüqar Bayramov onu da qeyd edib ki, anlaşmanın pozulması dünya bazarında neft hasilatının artmasına gətirib çıxara bilər:

”Çünki anlaşma pozulacağı təqdirdə neft hasil edən ölkələr neft həcmlərini azaltmaqda maraqlı olmayacaq. Onlar çalışacaqlar ki, daha çox həcmdə nefti dünya bazarına çıxartmaqla daha çox satışı həyata keçirsinlər.Bu da nəticə etibarilə dünya bazarında neftin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxaracaq.OPEC anlaşması neftin dünya bazar qiymətinin 50 dollarlıq intervalda qalması məqsədi daşıyır.OPEC-in mövcud anlaşması neftin dünya bazar qiymətində kəskin artımlar vəd etmir.

OPEC anlaşmanın uzadılması neftin dünya bazarında qiymətinin stabilləşməsi üçün lazımdır, artırılması üçün yox.Anlaşmanın pozulması neftin qiymətinin azalmasına gətirib çıxara bilər.Nəticə etibarilə daha kəskin qiymət azalmaları neft hasil edən ölkələrin gəlirlərinə birbaşa təsir göstərəcək.Anlaşmanın pozulması heç bir halda neft ölkələri üçün uyğun deyil.Amma OPEC daxilində fərqli marağa malik olan ölkələr var. Bu isə o deməkdir ki, OPEC daxilində belə ölkələrin anlaşmasında problemlər var. Ona görə də istənilən vaxt OPEC-in bağladığı anlaşmanın pozulması və ya anlaşmanın uzadılmaması riskləri mövcuddur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları