Yuxarı

Nağdsız hesablaşma qərarı: Fiaskoya uğradı?

Nağdsız hesablaşma qərarı: Fiaskoya uğradı?

Əkrəm Həsənov: "Maliyyə Bazarlarına Nəzarət Palatası bu qanundan sui-istifadə etməyə başladı”

Devalvasiyadan sonra məzənnənin inzibati qaydada tənzimlənməsi üçün müxtəlif addımlar atıldı.Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta bazarında süni manat qıtlığı yaratmaqla məzənnəni tənzimləməyə çalışdılar.Nəticə etibarı ilə bu ilin yanvar ayında dövriyyədə olan manat kütləsini azaltmaq üçün "Nağdsız Hesablaşmalar Haqqında” Qanun qüvvəyə mindi. Bu qərarın bazara təsiri o qədər də hiss olunmadı. Çünki nağdsız hesablaşmaların kütləvi şəkil alması üçün infrastruktur lazımi səviyyədə deyil.

Digər tərəfdən əhali arasında nağdsız əməliyyatlara maraq demək olar ki, yox səviyyəsindədir.Bununla yanaşı bir çox ticarət obyektlərində də post-terminallar yoxdur və ya işlək vəziyyətdə deyil.Bütün bu və bu kimi texniki problemlər, əhali arasında təbliğat-təşviqat kampaniyasının aparılması bu prosesin uğursuz getməsinə zəmin yaratdı.Artıq 7 aydır ki, nağdsız hesablaşmalar haqqında qərar verilsə də, bu gün müsbət nəticələrin əldə olunduğunu görmək mümkün deyil.Bu prosesin uğursuzluqla nəticələnməsi isə ölkə iqtisadiyyatında daha ciddi problemlər yaratdı.Belə ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta bazarında manat kütləsini azaltmaq üçün alternativ yollardan istifadə etməyə başladı.Bu gün ölkədə iqtisadi aktivliyin azalmasının da səbəbi məhz manat kütləsinin süni yollarla dövriyyədən çıxarılmasıdır.İqtisadçılar hesab edir ki, nağdsız hesablaşmaların daha geniş yayılması əslində əhaliyə daha böyük imkanlar verir.Ancaq yuxarıda da qeyd olunduğu kimi bunun üçün alt infrastrukturun lazımı səviyyədən qat-qat aşağı olması nəticədə bu günkü duruma səbəb oldu. Nağdsız hesablaşmalara keçidlə  bağlı verilən qərardan 7 ay keçib. Maraqlıdır, bu müddət ərzində Azərbaycan iqtisadiyyatının qazancı nə oldu, itirdiyi nə?

Hüquqşünas, "Antikollektor” MMC-nin direktoru Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, qanun yanvarın 1-dən qüvvədə olsa da, sadəcə olaraq bir neçə müddəası aprelin 1-dən qüvvəyə minib:

"Qanun bütövlükdə 7 aydan çoxdur ki, qüvvədədir. Qanunun müsbətləri ilə yanaşı, mənfi cəhətləri də var. Hesablandığı kimi "Nağdsız Hesablaşmalar Haqqında” Qanun Azərbaycan iqtisadiyyatının, sahibkarlarının və digər şəxslərin daha da şəffaf olmasına xidmət edir.Çünki əvvəllər bütün ödənişlərin əksəriyyəti nağd qaydada idisə, indi əksəriyyəti nağdsızdır.Əvvəllər dövlət satınalmalarında nağd ödənişlər çox idi.İndi isə dövlət satınalmaları üzrə pul nağd qaydada heç kəsə ödənilə bilməz.Bu da müəyyən mənada korrupsiyanın qarşısını alıb.Tutaq ki, əvvəllər hansısa bir dövlət orqanı özünə dəftərxana ləvazimatı alır.Bunun üçün də 50 min manat alıb.Amma hamı bilir ki, onun aldığının qiyməti heç 20 min manat deyil.Dövlət 50 min manatı həmin sahibkarın hesabına köçürür.Sahibkar da bu vəsaitin 25 min manatını nağd şəkildə çıxarıb dövlət orqanında ona bu alqı-satqının baş tutmasında kömək etmiş dövlət məmuruna rüşvət verir.Qalan 20 min manat şirkətə lazımi avadanlığı almaq üçün sərf olunursa, 5 min manatı da sahibkar özünə götürür.Bu qanuna görə dövlət satınalmaları xətti ilə daxil olan pulu nağd şəkildə çıxartmaq mümkün deyil.Yəni, həmin sahibkar heç bir şəkildə rüşvəti oradan verə bilmir”.

Demək olmaz ki, bu qanun həmin sahədə korrupsiyanın qarşısını tam alıb.Əlbəttə, müəyyən yollar axtarılıb tapılır.Amma o yollar onlara baha başa gələcək.Bu nöqteyi-nəzərdən "Nağdsız Hesablaşmalar Haqqında” Qanunun effekti var. Digər yaxşı cəhəti odur ki, vergidən yayınmanın qarşısını alır.Çünki əvvəllər kiminsə kiməsə ödənişi var idisə, onun nağd qaydada ödəyirdi və vergidən yayınırdı. Amma burda heç də bütün ödənişlər keçilməyib, yəni orada müəyyən məhdudiyyətlər qoyulub ki, nağd ödənişlər hansı hallarda ola bilməz”.

Mövcud qanunun mənfi tərəflərinə gəlincə, ekspert təəssüf hissilə deyib ki, Azərbaycanda qanunvericilik nağdsız hesablaşmaların stimullaşdırlması yolu ilə yox, məhdudiyyətlərlə getdi: "Müəyyən güzəştlər tətbiq etmək olardı. Məsələn, sahibkar ödənişi nağdsız etsəydi, onun vergi dərəcəsi aşağı ola bilərdi, nəinki nağdı qaydada etsəydi. Bu halda nağdsız ödənişi öz xoşuna etmək istəyənlərin sayı çoxalacaq ki, vergini az versin. Amma Azərbaycanda bu, məhdudiyyətlər yolu ilə getdiyinə görə bəzi sahibkarlar çalışırlar ki, pulları bank sisteminə düşməsin”.

Əkrəm Həsənovun sözlərinə görə, bəzi məsələlər var ki, "Nağdsız Hesablaşmalar Haqqında” Qanunda tənzimlənməyib:

"Mövcud qaydalara əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri 30 min, digər vergi ödəyiciləri 15 min manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər. Bu da ona gətirib çıxarır ki, bəzi sahibkarlar şirkətlərini bölürlər.Tutaq ki, sahibkarın şirkətinə ayda nağd qaydada 100 min manat ödəniş etmək lazımdır.Amma yeni qanuna görə sahibkar ayda 30 min manatdan çox ödəyə bilməz.Sahibkar bu vəziyyətdən çıxmaq üçün bir şirkətini 4-5 yerə bölür ki, həmin limit onların hər birinə aid olsun.Təəssüf ki, qanunvericilik bu məsələni tənzimləməyib.Ən mənfi tərəfi odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu qanundan sui-istifadə etməyə başladı.Banklara tapşırıq verib ki, sahibkarların və şirkətlərin illik dövriyyəsindən asılı olaraq ayda öz hesabından 15 və ya 30 min manatdan çox nağd pul çıxara bilməz.Halbuki qanunda belə məhdudiyyət yoxdur.

Qanunda nəzərdə tutulub ki, sahibkarlar nağd qaydada başqasına ödəniş edə bilməz, amma bank hesabından çıxara bilərlər.Tutaq ki, sahibkarın bank hesabında 100 min manat vəsaiti var və o pulu çıxarmaq istəyir.Qanunun tələbinə görə həmin vəsaiti çıxartmaq olar, amma nağd qaydada başqasına ayda 30 mindən çox ödəyə bilməz.Amma Palata qanunsuz olaraq banklara göstəriş verib ki, sahibkar ayda 30 min manat çıxara bilər.Palata bununla sahibkarlıq fəaliyyətinə ciddi zərbə vurur.Bu qanunsuz göstərişlə bir növ banklara kömək etmək istəyirlər.Hazırda banklarda pul azdır, şirkətlər banklara etibar etmir, bu yolla banklara etibarı bərpa etmək istəyirlər.Amma əksinə, belə şeyi görənlər banklarda pul saxlamaqdan qorxur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları