Yuxarı

Banklar 80 min müştəri itirib

Banklar 80 min müştəri itirib

Pərviz Sədrəddinov: "Bu da onunla bağlıdır ki, bankın filialları yenilənir”

Əkrəm Həsənov: "Ümumilikdə ölkədə bank xidmətlərinə olan ehtiyac azalıb”

Azərbaycanın bank sektoru bir ayda 80 min müştəri itirib. Mərkəzi Bankın (AMB) aylıq hesabatında bildirilir ki, Azərbaycanda bank sektorunun müştəri bazası aylıq müqayisədə 80 134 nəfər və ya 1,4 faiz azalaraq 2017-ci il iyulun 1-nə 5 612 810 nəfər təşkil edib. Bank müştərilərinin 1,4 faizini və ya 78 257 nəfərini hüquqi şəxslər, 5 534 553 nəfər və ya 98,6 faizini fiziki şəxslər təşkil edib. Bank müştərilərinin 210 533 nəfər və ya 3,8 faizi sahibkarlardır. İyun ayı ərzində hüquqi şəxs olan bank müştərilərinin sayında 0,4 faiz artım, fiziki şəxslərin sayında 1,4 faiz azalma qeydə alınıb. Eyni zamanda sahibkarların sayında 2,4 faiz artım müşahidə olunub.

Pul insan həyatının əhəmiyyətli bir hissəsidir. Bəzən nağd şəkildə ehtiyac olduğu vaxtlar da az olmur. Bu zaman insanlar ehtiyacını qarşılamaq üçün ya dost-tanışa, ya da banklara müraciət edir. Mövcud durumda insanların dostlardan daha çox banklara üz tutduğuna şahid oluruq. Bunu problemli kreditlərin  həcmindən də görmək olur. Banklar da müştərinin ehtiyacını qarşılamaq üçün köməkçi olur. Onlar cəlbedici və rahat kredit şərtləri təklif edərək daha çox kredit verməkdə maraqlı olur. Amma Mərkəzi Bankın açıqladığı aylıq hesabatdan görünən odur ki, bu təkliflər və şərtlər artıq müştəriləri maraqlandırmır. Yəni, banklar müştəri qıtlığı çəkir.

"Cümhuriyət” qəzeti ölkə ərazisində fəaliyyət göstərən bankların müştəri qıtlığı çəkməsi, eləcə də əvvəlki illərlə müqayisədə nə qədər kredit vermələri ilə maraqlanmağa çalışıb.

"Kapital Bank” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərviz Sədrəddinov bildirib ki, bankda müştəri azalması kimi problem yoxdur: "Müştərilər azalmayıb, əksinə, müraciət edənlərin sayında artım var. Bu da onunla bağlıdır ki, həm bankın filialları yenilənir, həm də transformasiya layihəsi həyata keçirilir. Bununla yanaşı bankın digər üstünlükləri də var”.

Bankın verdiyi kreditlərin həcminə gəlincə, qurum rəsmisi bildirib ki, bank verdiyi kreditləri şəffaf şəkildə, gizlətmədən nümayiş etdirir: "Cari ildə müştərilərə verilən kreditlər həcmi 1181778.06 manat, xalis kreditlər 1042529.19 manat, banklar istisna olmaqla, digər maliyyə institutlarının kreditləri, cəmi 70900.77 manat təşkil edib”.

Sorğunu "Accsses Bank” və "Uni Banka” da ünvanladıq. Təəssüf ki, səlahiyyətli nümayəndələr sorğunun məğzini öyrəndikdən sonra məlumat toplamaq üçün vaxt istəyib zənglərə cavab verməkdən yayındılar...

Hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, banklar yalnız kredit fəaliyyəti ilə məşğul deyil: "Bankların azalan müştərisi təkcə kredit götürənlərdən ibarət deyil. Ümumilikdə ölkədə bank xidmətlərinə olan ehtiyac və bank əmanətləri azalıb. Fiziki şəxslər banklardan öz vəsaitlərini çıxardırlar. Şirkətlərə gəldikdə, məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin bağlanma prosesi sürətlənib. Buna görə də banklar sahibkar müştərilərini də itirir. Bu, adi haldır. Ölkədə iqtisadi böhrandır və buna görə də bank xidmətlərinə ümumən ehtiyac azalıb”.

Ekspert bu ildən "Nağd Hesablaşmalar Haqqında” qüvvəyə minən Qanuna da toxunub: "Bu qanun bankların müştəri bazasını artırmalı idi. Hələ bu qanun olmasaydı, müştəri bazası daha da azalacaqdı. İqtisadi böhrandan əlavə təəssüf ki, banklara etimad da sarsılıb. Bütün bunlar bank müştərilərinin azalmasına gətirib çıxardır”.

Əkrəm Həsənov hazırda banklardan kredit almaq istəyənlərin sayında da azaldığını deyib: "Hətta kredit istəyənlərə banklar özləri kredit vermir. Çünki onların ödəniş qabiliyyətinin olub-olmamasının özü də şübhə doğurur”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları