Yuxarı

Böyük şirkətlər müflis olur

Böyük şirkətlər müflis olur

Dünyada baş verən ağır iqtisadi böhran böyük şirkətlərin də işində ciddi problemlər yaradır.Maliyyə çatışmazlığı ilə üzləşən bir sıra iri şirkətlər müflis olduqlarını rəsmən elan ediblər.Buna misal olaraq Almaniyanın ikinci ən böyük aviaşirkəti olan "Air Berlin”i müflisləşmə proseduruna başlamasını göstərmək olar.Şirkətin yaydığı rəsmi məlumatda qeyd olunur ki, müflisləşmə haqda qərar şirkətin əsas səhmdarı "Etihad”ın maliyyə dəstəyini dayandırmasından sonra verilib.Məlumdur ki, Azərbaycanda da son iki ildə, xüsusilə də 2014-ci ilin sonlarından ciddi böhran bir çox sahələrə ciddi ziyan vurdu.

Xüsusilə, bankların kəskin maliyyə böhranı ilə üzləşdiyi bir vəziyyətdə ölkənin iqtisadi vəziyyətini tamamilə iflic hala saldı.Bu da ölkədə fəaliyyət göstərən iri biznes sahələrinə mənfi təsir göstərdi. Xüsusilə orta və kiçik sahibkarların bazardan çıxması ilə müşahidə olunan proses ölkənin iqtisadi aktivliyini ciddi şəkildə zəiflətdi. Nəticədə bu gün bazarda baş verən kəskin bahalaşmanı da ekspertlər məhz bu səbəblərlə izah edir.

Bütün baş verənlərə baxmayaraq Azərbaycanın iri şirkətləri hələ ki, bazarda qalmağı bacarıb.Bir sıra iri xarici şirkətlərin ölkəni tərk etməsi istisna olmaqla, yerli şirkətlərin demək olar ki, hamısı öz fəaliyyətini davam etdirir.Ekspertlər bunu yerli şirkətlərin əksəriyyətinin oliqarx məmurların nəzarətində olması ilə izah edirlər.Bu baxımdan da həmin şirkətlər müflis olmurlar.Ancaq zaman-zaman bəzi iri şirkətlərin müflis olması haqqında məlumatlar yayılır və şirkət rəsmiləri tərəfindən təsdiq edilir.Ancaq həmin şirkətlər sonradan yenə də əvvəlki qaydada öz fəaliyyətlərini davam etdirirlər.Ekspertlər hesab edir ki, bu müflisolmalar sadəcə, şirkətlərin öz öhdəliklərindən yayınması üçün atılan addımdır.İstər vergi, istər kredit, istərsə də digər borcların ödənilməməsi üçün şirkətlər müflis olmaq yolunu seçdi.Bu da əslində ilk növbədə dövlət büdcəsinə ciddi şəkildə zərər vurur.Bəs Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin real olaraq müflis olmaq ehtimalı varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu gün əsas problem Azərbaycanda müflisləşmə inistitutunun işləməməsidir. Onun sözlərinə görə, bu proses qeyri-şəffaf aparılır: "1997-ci ildə müflisləşmə haqqında qanun qəbul olunub. Əgər istənilən şirkətin, fərdi sahibkarın, vətəndaşın əmlakı borcundan azdırsa o, məhkəmə qaydasında müflis elan edilməlidir. Bunun da iki yolu var. Ya şirkət özü məhkəməyə müraciət etməlidir ki, onu müflis elan etsin, ya da onun kreditorları. Kreditorlar məhkəməyə müraciət edir və bildirir ki, bizə borclu olan şəxsin borcunu qaytarmaq imkanı yoxdur, onu müflis elan edin.Bu gün isə Azərbaycanda bunların heç biri baş vermir.Faktiki olaraq bu günə qədər banklardan başqa, heç bir hüquqi şəxsin məhkəmə tərəfindən müflis olunmasına rast gəlmirik. Xaricdə isə bu proses fərqlidir və daha yaxşı işləyir. Deyək ki, xaricdə hansısa bir şirkətin 100 milyon əmlakı var, ancaq həmin şirkətin 150 milyon borcu var. Bu zaman onun kreditorları tez məhkəməyə müraciət edir və çalışır ki, qalan 100 milyon onların arasında bölünsün. Heç olmasa pullarının bir hissəsini geri qaytara bilsinlər.Azərbaycanda isə şirkət müflisdirsə, demək ki, orada heç 1 qəpik də yoxdur.Buna görə də kreditorların məhkəməyə müraciət etməyə marağı yoxdur.Çünki Azərbaycanda iqtisadiyyat qeyri-şəffafdır, korrupsiya var. Hətta müflis olan şirkətdə nəsə qalsa belə, onun kreditorları, məsələn banklar çalışırlar ki, qeyri-qanuni yollarla, yəni kollektor şirkətlərlə, polisnən, hədə-qorxu ilə onu qaytarsınlar.Bununla da şirkət rəhbərlərinə təsir göstərməyə çalışırlar”.

Ekspert sahibkarların, fiziki şəxslərin isə müflis elan olunması üçün məhkəməyə müraciət etməmələrinin bir neçə səbəbi olduğunu bildiridi. Əkrəm Həsənov hesab edir ki, onlar heç nəyə nail ola bilməyəcəklərini bildikləri üçün məhkəməyə müraciət etmir:

"Məhz müflis elan olunmadıqları üçün bir müddətdən sonra isə yenidən fəaliyyət göstərirlər.Amma burada əsas problem məhkəmələrin müflisləşmə işindən yayınmasıdır.Son bir neçə ay ərzində Azərbaycanda ilk dəfə biz istər fərdi sahibkarlar, istər hüquqi şəxslər, istərsə də şirkətlərin müflis olması üçün məhkəmələrə müraciət etmişik.Bir neçə aydır ki, məhkəmələr müxtəlif bəhanələrlə bu işlərə baxmaqdan yayınırlar.Bunun da arxasında duran banklardır.Yəni, banklar şirkətlərin, fiziki şəxslərin, fərdi sahibkarların özlərini müflis elan etmə ənənəsinin başlamasına mane olurlar.Çünki qanuna görə özünü müflis elan etmiş şəxsdən borc tələb etmək olmaz.Banklar da buna imkan vermək istəmirlər”.

Ekspert həmçinin vurğulayıb ki, müflisləşmə inistitutu işləməyən ölkədə bazar iqtisadiyyatından, inkişafdan söhbət gedə bilməz: "Çünki bu ölkədə şəffaflığın olmadığını göstərən əsas amildir. Digər tərəfdən heç kim ona məxsus olan əmlakı dəqiq göstərmir. Məsələn, Azərbaycanda bir çox iri şirkətlərin rəsmi heç bir əmlakı yoxdur.Bu işdə onların uzun illər ərzində qeyri-şəffaf fəaliyyət göstərdiyinin sübutudur.Əmlakları yoxdur, amma borcları çoxdur.Məsələn, elə böyük şirkətlər var ki, onun kapitalı rəsmən 10-20 manat göstərilir. Buna da heç kim nəzarət etmir. Baxırsan ki, 11 manat kapitalı olan şirkətin banka 10 milyon manat borcu var. Əlbəttə ki, bank onun müflis olması haqqında məhkəməyə müraciət etməyəcək. Sadəcə bank polisə, prokurorluğa müraciət edir ki, həmin şirkətin sahibi haqqında cinayət işi qaldırın.Amma ilk növbədə həmin bankın özünə cinayət işi açılmalıdır ki, heç nəyi olmayan şirkətə 10 milyon kredit necə verilib?Məhz bu cür məsələlərə görə Azərbaycanda müflisləşmə inistitutları işləmir.Xarici ekspertlər də bu məsələdə təəccüblərini gizlətmirlər.Digər tərəfdən müflisləşmə haqqında qanun 1997-ci ildə qəbul olunub və artıq köhnəlib.Heç bir beynəlxalq standartlara cavab vermir”.

Vilayət Muxtar