Yuxarı

Oliqarxların "kredit oyunu”

Oliqarxların

Bu gün ölkə iqtisadiyyatı çox ağır durumdadır. Maliyyə çatışmazlığı, iqtisadi durğunluq hökm sürür. Fəaliyyətdə olan bankların əksəriyyəti maliyyə çatışmazlığı ilə üzləşib, artıq iflas həddinə çatıb. Ancaq bu vəziyyətdə belə bir sıra məmurlar qeyri-qanuni fəalliyyətdən əl çəkmirlər. Yayılan məlumata görə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov devalvasiyadan öncə Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu təxminən 1 milyard dollar təşkil edir. 

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün "Respublikabank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. Təbii ki, bu hələ məmurların kredit oyununun ictimaiyyətə məlum olan tərəfidir. İstisna deyil ki, digər yüksək vəzifəli məmurlar da bu üsuldan istifadə edərək öz büdcələrini daha da zənginləşdiriblər. Nəzərə alsaq ki, bütün bu pullar məhz dövlət vəsaitləri hesabına götürülüb, bu da dövlətin vəsaitini talamaq hesab olunmaya bilməz.

İqtisadçı-ekspert Natiq Cəfərli də "Cümhuriyət” qəzetinə şərhində bildirib ki, bu cür kredit oyunları ölkənin iqtisadi vəziyyətini çıxılmaz duruma salıb:

"Təbii ki, yüksək vəzifəli məmurların gələcək devalvasiyadan xəbərsiz olması mümkün deyil. Hətta biz daxili informasiyaya malik olmadığımız halda devalvasiyadan aylar öncə dəfələrdə deyirdik ki, Azərbaycan manatı bu cür davam edə bilməz, dəyərdən salınmalıdır ki, iqtisadi proseslər üçün şərait yaradılsın. Təəssüf ki, manatı dəyərdən saldılar, ancaq o şəraiti yaratmadılar. Çünki devalvasiya ilə paralel olaraq ciddi islahatlar aparılsaydı, ölkə iqtisadiyyatına pozitiv təsir edə bilərdi. Bankların sağlamlaşdırılması üçün idxal və ixrac məhsullarına stimul verilsəydi, daha fərqli situasiya ilə qarşılaşa bilərdik. Çox təəssüf ki, devalvasiya baş verdi, addımlar atılmadı.

Təbii ki, məmurların, xüsusilə də Mərkəzi Bankın rəhbərləri devalvasiyanın baş verəcəyini bilirdilər. Devalvasiyadan öncə böyük kredit əməliyyatlarının manatla götürülməsi və devalvasiyanın baş verməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın devalvasiyadan öncə 15.8 milyard dollar ehtiyatı 1 ilin içində 11 milyard dollar azaldı. Mərkəzi Bankın bu qədər vəsait itirməsinin səbəblərindən biri də həmin oliqarxların manatla kredit götürüb dollara çevirərək ölkədən çıxarması oldu. Təkcə Azərbaycan Beynəlxalq Bankında bu günə qədər 10 milyard kredit borcu silinib. Bu günə qədər heç ortalığa da çıxarılmır ki, 10 milyard manatı kim, necə, hansı şərtlərlə götürüb və ən əsası niyə qaytarmır? Bütün bu kredit əməliyyatlarının əsas məqsədi manatı dollara çevirib ölkədən çıxarmaq idi.

"Kredit oliqarxları” 0.78 məzənnə ilə götürdükləri kreditdən devalvasiyadan sonra ən azı 2 dəfə artıq vəsait qazanıb. Belə əməliyyatlar, dələduzluqla həm ölkə iqtisadiyyatına ciddi zərbə vurdu, həm də ölkənin valyuta ehtiyatlarının dağılmasına səbəb oldu. Ən təhlükəli məqamlardan biri olan bank sektorunun çökməsinə şərait yaratdı. Bu gün bank sektoru çox ağır durumdadır. Çünki bununla bağlı ciddi addımlar atılmır. Bank sektoru nə qədər ağır durumda olsa, ölkə iqtisadiyyatında canlanma da olmayacaq. Bank sektoru düşdüyü durumdan çıxmalıdır ki, iqtisadi canlanma üçün addımlar atılsın”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları