Yuxarı

Bankların xarici borcu artıb

Bankların xarici borcu artıb

Bankların xarici borclanması artıb.Kommersiya banklarının xarici öhdəliklərinin həcmi 5 ay davam edən azalmadan sonra artım nümayiş etdirib.Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə bankların xarici öhdəliklərinin həcmi 6 891 milyon manat təşkil edib.Hansı ki, iyul ayının 1-nə bu rəqəm 6800.4 milyon manat olub. Bir ayda bankların xarici öhdəlikləri 90,6 milyon manat və yaxud 1,33 faiz artıb. Keçən ilin analoji dövrünə nisbətən bankların xarici öhdəlikləri 442,7 milyon manat və yaxud 6,86 faiz çoxalıb.

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, kommersiya banklarının xarici borclanmaya getmə prosesinin nə dərəcədə düz olub-olmaması çətin başadüşüləndir:

"Bəzi kommersiya banklarının birbaşa xarici sərmayələrə, investorlara çıxışları olsa belə, digər bankların bu çıxışı yoxdur. Hesab edirəm ki, bunu vahid termin kimi bütün banklara qarşı istifadə etmək düzgün deyil. Bankların xarici borcunun artması proses gedir. Ola bilsin ki, kimlərsə yenidən sərmayəçilərdən hansısa aktivləri əldə edirlər, amma bunu yerləşdirə bilmirlər.Statistik nöqteyi-nəzərindən bunu borclanmanın artımı kimi qeyd etmək olar.Digər tərəfdən, keçmişdə verilən kreditlərin geri qayıtma mexanizmi olmadığı üçün, borclanmaların qalması prosesi də davam edir.Bu səbəbdən perspektivdə borclanma prosesi hələ də davam edəcək.Ona görə ki, bu gün bankların fəaliyyəti üçün mütləq biznes mühiti lazımdır.Azərbaycanda ilk növbədə biznes mühiti bərqərar olunmalıdır ki, bank sistemi rahat nəfəs alsın, maliyyə-kredit sistemi yenidən hərəkətə gəlsin.Bu proseslər gedəndən sonra, ümumiyyətlə, bank sistemində olan bütün çətinliklər mərhələli formada aradan çıxacaq. Əgər bu proses həll olmasa, bankların xarici borclanması daim artacaq. Ola bilər ki, xarici borcun üzərinə borc gəlsin, sərmayəçilər yenidən banklara aktivlər yerləşdirsin. Hətta ola bilər ki, Azərbaycan vətəndaşları öz vəsaitlərini yenidən banklara yerləşdirə bilərlər. Amma bu o demək deyil ki, banklar bu vəziyyətdən çıxacaq.Çünki bankların fəaliyyəti üçün biznes mühiti hələlik bərqərar olmayıb”.

Borcun ödənilməsi hansı halda baş verə bilər?

Ekspert Azərbaycanda Beynəlxalq Bank nümunəsini misal çəkərək, bu bankın xarici borclarının olduğunu diqqətə çatdırıb:

"Əslində bunu texniki defolt kimi qiymətləndirmək lazımdır. Yəni, 51 faiz borc dövlətin payı olduğu üçün bütün borcları Azərbaycan hökuməti öz üzərinə götürdü.Başqa sözlə, bank öz borc payını dövlətin payına transfert etdi.Həmçinin digər banklar da var, hansılar ki, lisenziyaları əllərindən alındı və fəaliyyəti dayandırıldı.Borcun xarici və yaxud daxili olmasının fərqi yoxdur.Borc borcdur, qaytarılmalıdır."Standart Bank” kimi bir vaxtlar Azərbaycan iqtisadiyyatında müəyyən yer tutmuş banklar da ləğvetmə prosesindədir.Burada da vətəndaşların depozit borcları ora aktiv kimi cəlb edilmişdi, ancaq insanlar öz vəsaitlərini geri ala bilmirlər.Çünki həmin vəsaitlər Əmanətlərin Sığortalanma Fondunun tələblərinə cavab vermir.Əmanətlərin Sığortalanması Fondu da texniki defoltla üzləşdi, əmanətçilərin vəsaitini qaytarmağa aktivləri olmadı.Hələlik bu istiqamətdə işlər gedir.Borclular bu gün də pullarını geri istəyirlər, amma borcun geri qaytarılması mexanizmi yoxdur.Hələlik konkret demək olmaz ki, bu, hansı mexanizmlə həll olacaq.Amma Beynəlxalq Bank təcrübəsindən onu göstərmək olar ki, öz borcunu dövlətin hesabına keçirtdi.Dövlətin bu borcu hansı formada qaytaracağı barədə danışıqlar qapalı gedir.Ona görə də bu haqda ətraflı məlumatlar yoxdur.Amma hansı yollasa bu borclar qaytarılmalıdır.Görünür, sonda hökumət bu problemi öz üzərinə götürəcək”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları