Yuxarı

ABŞ dolların alternativini "vurur”

ABŞ dolların alternativini

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi  (ABŞ) bir müddət öncə dünyanın ən iri elektron ticarət portalı hesab olunan "Amazon”a qarşı çıxdı. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "Amozon”un işçi qüvvəsinə ehtiyacı azaltdığını və buna görə də işsizliyin artdığını bildirmişdi. Bu günlərdə isə ABŞ-ın iri maliyyə holdinqi "JP Morgan Chase"in icraçı direktoru Jamie Dimon onlayn valyuta olan "Bitkoin”in (BTC) "dələduzluq” olduğunu deyib. Qeyd edək ki, Bitkoin 2008-ci ildə Satoşi Nakamota tərəfindən heç bir rəsmi maliyyə qurumu ilə bağlılığı olmadan formal olaraq icad olunub. 

Bitkoin heç bir rəsmi qurumun vasitəçiliyi olmadan transfert oluna bilən bir növ onlayn valyutadır. Hətta iddia olunur ki, bitkoin dollar və avroya alternativ olaraq yaradılıb və dövriyyəyə buraxılıb. Haqqında səslənən fikirlərə baxmayaraq bir sıra dairələr bitkoinin ciddi bir dönərli valyuta olduğunu qəbul edir. Belə ki, dünyanın bir çox ölkəsində bitkoin ciddi qəbul olunur və hətta dövlətlər səviyyəsində etibar edilir. Hətta 3 il öncə Almaniyanın maliyyə naziri də bitkoini bir növ hesablaşma valyutası olaraq gördüklərini bildirmişdi.

Maraqlıdır, bitkoinə Azərbaycanda maraq nə qədərdir? Ümumiyyətlə, bu cür valyutalardan istifadə etmək nə qədər effeklidir?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bu cür valyutaların son dövrlər Azərbaycanda da populyarlıq qazandığını deyib. Ekspert bununla yanaşı qeyd edib ki, bu cür kripto valyutalar effektli deyil:

"Bitkoin əsasən son iki ildə dünya maliyyə bazarında yayılmağa başladı. Bu elektron valyutanın özünün məzənnəsi var, birjalarda müəyyən olunur və bunun müqabilində alqı-satqı aparılır. Çox qəliz sistemdir. Hər bitkoinin 24 rəqəmli öz kodu var. Reyestrdə həmin kod uyğun gəlməlidir ki, onun alqı-satqısı həyata keçirilsin. Ötən ilin sonunda və bu ilin əvvəlində bitkoinlərə daha ciddi maraq yarandı və mart ayından başlayaraq qiyməti kəskin şəkildə bahalaşdı. Hər bir məhsulun heç bir səbəb olmadan qiymətinin bu qədər qalxması şübhə doğurur. Heç bir ciddi nəzarət mexanizmləri olmayan kripto valyutaların sürətlə piramidalara dönüşməsi və gələcəkdə insanlara ziyan vurması artıq ciddi şəkildə müzakirə olunur.

"JP Morgan”ın siyosunun açıqlamasında maraqlı məqamlardan biri də o idi ki, artıq terrorçular da maliyyə qaynaqlarının izini itirmək üçün bu cür kripto valyutalardan istifadə edir. Bu çox ciddi bir siqnaldır. Çox güman ki, gələcək G-20 və G-7 ölkələrinin sammitində bu məsələ gündəmə gələcək və beynəlxalq səviyyədə ciddi nəzarət mexanizmləri işlənib hazılanacaq. Bu valyuta növünün Azərbaycanda populyarlığı isə son dövrlərə təsadüf edir. Tanıdığım və tanımadığın şəxslər bununla bağlı məsləhətlər almağa çalışırlar. Əslində mən bu məsələyə ilk gündən çəkincəkli yanaşıram, bu gün də çəkincəkliyəm. Hər hansı bir nəzarət mexanizmi olmayan kripto valyutaların, bazara istənilən qədər valyuta çıxarmaq imkanı verən bir məhsulun gələcəkdə bir şar kimi partlaması qaçılmaz olacaq.

Son zamanlar qiyməti 4800 dollar olan bitkoinlər 2-3 gün ərzində 1000 dollara qədər dəyər itirdi. Belə oynaqlıq olan hər hansı bir valyutanın gələcəkdə effektli olma ehtimalı çox aşağıdır. Belə çıxır ki, hər hansı bir siyasətçinin verəcəyi bəyanat bunu daha da qiymətdən sala bilər. Amma ilkin vaxtlarda kim bununla məşğul oldusa, qazandı. Çünki vaxt var idi ki, bitkoinin qiyməti 30-50 dollar arasında idi. Amma bir neçə gün əvvələ qədər 4500-ə qədər bahalaşmışdı. Bu böyük bir piramidaya bənzəyir və günün birində bunun çökməsi qaçılmazdır”.

Bitkoinin dollar və avroya alternativ olacağı iddiasına da toxunan ekspert bunun tamamilə absurd iddia olduğunu deyib: "Bir az dərindən araşdırılsa, məlum olacaq ki, bunun da arxasında Rusiya xüsusi xidmət orqanları durur. Çünki ilkin mərhələsi Bolqarıstandan başladı və sonradan yayıldı. Kripto valyutaların yaradılmasında rusiyalı haker qruplarının rolu çox böyükdür. Ola bilər ki, araşdırmalar zamanı bu əməliyyatların da arxasında Rusiyanın dayandığı məlum oldu. Bu məsələdə hər şey böyük ölkələrin yaxın günlərdə verəcəyi reaksiyalardan asılı olacaq. Kripto valyutaların nə dollara, nə də avroya alternativ olması mümkünsüzdür. Çünki dolların arxasında ABŞ iqtisadiyyatı və Federal Ehtiyat Sistemi, avronun arxasında Almaniya və Fransa kimi ölkələrin iqtisadiyyatı və Avropa Mərkəzi Bankının siyasəti durur. Ancaq bitkoinin arxasında duracaq heç nə yoxdur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları