Yuxarı

Sahibkarlara yeni imkan

Sahibkarlara yeni imkan

Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

"Cümhuriyət” qəzeti xəbər verir ki, fərmanda "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması nəzərdə tutulur. Məlumdur ki, bu gün problemli kreditlərin həcminə görə biznes kreditləri ilk sıradır. Ekspertlər də hesab edir ki, bu Fondun yaradılması məhz buna xidmət edəcək.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında yeni yaradılan Fondun fəaliyyət mexanizminin hələ bəlli olmadığını deyib. Onun sözlərinə görə, sərəncamdan irəli gələn məsələlər öz həllini tapandan sonra bu haqda daha dolğun fikir bildirmək olar.

"Sərəncamla tanış oldum, amma hələ ki, orada ətraflı mexanizmlər yoxdur. Prezident tapşıb ki, həm Fondun nizamnaməsi, fəaliyyət mexanizmi işlənib hazılansın. Yəni, yeni yaradılan Fondun necə işləyəcəyini hələ ki, demək çətindir. Sərəncamla Fondun işçi qrupu tətbiq olunub və mexanizmləri üzərində işləyəcək. Bir neçə ay əvvəl beynəlxalq təşkilatlar, hansı ki, bu layihəni Azərbaycan hökumətinə təklif etmişdilər, onlar bu məsələ ilə bağlı yerli ekspertlərlə, o, cümlədən, mənimlə görüşdülər. Sadəcə olaraq bu müzakirələrdən müəyyən şeyləri bilirəm və mən də bu layihə ilə bağlı öz təkliflərimi vermişəm. Bildiyim qədər, Fondun məqsədi hansı sahibkarın kredit götürmək üçün əksik qalan girovunu tamamlayacaq. Yəni, hansısa sahibkar 1 milyon manat kredit götürmək istəyir, ancaq onun girovu 700 min manatdır. Sahibkar Kredit Zəmanət Fonduna müraciət edərək, müqavilə imzalayacaq və Fond sahibkarlın əksik qalan 300 min manatlıq girovuna zamin olacaq. Bundan sonra bank həmin sahibkara 1 milyon manat krediti verəcək. Əgər, sonra sahibkar götürdüyü krediti qaytara bilməsə, bank həmin 700 minlik girovu tutacaq və əlavə olaraq Fonddan zamin durduğu 300 min manatı tələb edəcək. Təxminən mexanizm məhz bu cür işləyəcək. Əlbəttə bu sahibkarlar üçün əlverişlidir. Bilirik ki, bu gün sahibkarlar üçün kredit götürmək imkanı zəifdir. Ancaq bu Fondun yardımı ilə artıq sahibkarlar istədiyi məbləğdə krediti götürə biləcəklər”.


Əkrəm Həsənov bu məsələdə müəyyən təhlükələrin olduğunu da dedi:

"Yəni, sabah sahibkarlar götürdükləri krediti qaytara bilməyəndə, yük Fondun üzərinə düşəcək. Burada sual yaranır ki, Fonda maliyyə kim verəcək? Fondu təsis edən dövlət olduğu üçün yəqin ki, maliyyəni də dövlət verəcək. 

Yəni, Kredit Zəmanət Fondunun büdcəsi də dövlət büdcəsi tərəfindən təmin olunacaq. Bu isə onu deməyə əsas verir ki, sahibkar krediti qaytarmasa, Fondun, dolayısı ilə dövlət büdcəsinin, yəni xalqın hesabına ödənəcək. Bu o, deməkdir ki, Fond işini düzgün qurmalıdır və zamin durduğu şəxsin gəlir-xərclərini elə yoxlamalıdır ki, sabah problem çıxanda da Fondun üzərinə çox yük düşməsin”.


Ekspertin fikrincə, digər təhlükə isə bankla sahibkarın iş birliyinə getməsidir: "Deyək ki, sahibkarın ümumiyyətlə, götürdüyü kreditin 10 faizi dəyərində girovu yoxdur, ancaq bankla razılaşır və bank o, girovu yüksək dəyərlə qiymətləndirir. Təki, Fonddan pul alsınlar. Bu baxımdan təhlükələr çoxdur. Bütün bunlar nəzərə alınmalıdır və Fondun işləmə mexanizmi çox ciddi hazırlanmalıdır ki, bu cür problemlər çıxmasın.


Əkrəm Həsənov istehlak kreditləri ilə bağlı belə bir layihənin hələ ki, gündəmdə olmadığını deyib:

"Problemli kreditlər həcminə, məbləğinə görə sahibkarlarda daha çoxdur. Sayına görə təbii ki, istehlakçılar üstünlük təşkil edir. Məsələn, deyək ki, bu gün 500 min istehlakçının problemli krediti var, amma sahibkarlarda bu təxminən 50 min nəfərdir. Amma məbləğ hesabında 50 min sahibkarın borcu daha çoxdur. Dövlət də məhz buna görə bu məsələnin həllini öz üzərinə götürüb. Əslində burada dövlətin marağı sahibkarlığın inkişafına nail olmaqdır. Sahibkarlığın inkişafı, həm də iş yerlərinin açılması deməkdir. Bu baxımdan bu sadə vətəndaşlar üçün də xeyirli ola bilər. Sadəcə olaraq gərək sahibkar, bank və hətta Fondun öz rəhbərliyi də bu məsələdən sui-istifadə etməsinlər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları