Yuxarı

Yerli kartofun "bazarı bağlanıb”

Yerli kartofun

Cari il sentyabr ayının 1-nə kimi tarlalardan 707,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz az kartof, 1057,6 min ton (7,3 faiz çox) tərəvəz, 400,8 min ton (7,9 faiz az) bostan məhsulları toplanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hektarın orta məhsuldarlığı kartof üzrə 2 sentner, tərəvəz üzrə 22 sentner, bostan məhsulları üzrə 7 sentner artaraq, müvafiq olaraq 150, 170 və 176 sentner olub. Ötən dövr ərzində Komitənin açıqladığı məlumatlar əsasən demək olar ki, ölkədə kartof istehsalı azalan tendensiya nümayiş etdirir. 

Bəzi iqtisadçılar hesab edir ki, ikinci çörək hesab olunan kartof istehsalının azalması çox ciddi məsələdir. Son illər kənd təsərrüfatı məhsulu istehsalı göstəricilərinin tez-tez və kəskin şəkildə dəyişməsi daxili istehsalın dayanıqlı, davamlı olmadığını göstərir. İqtisadçılar kartof istehsalının azalmasını kənd təsərrüfatında işlərin kortəbii aparılmasında, idarəetmədə qeyri-peşəkarlığın  və naşılığın olmasında görür. 

Ekspertlərin qənaətincə aqrar sahədə düzgün kadrların seçilməməsi bu sahənin ölkənin ərzaq təminatında üzərinə düşən vəzifənin öhdəsindən gələcəyinə əminlik yaratmır. Bundan əlavə əkin sahələrinin azalması, kənd təsərrüfatı məhsulları istehsalında istifadə olunan istehsal vasitələri, texnika, texnoloji avadanlıqların, toxum və gübrələrin fermerlərə güzəştli şərtlərlə verilməsi kimi problemlər hələ də aktuallığını qoruyur. Bu kimi neqativ hallar ümumilikdə, kənd təsərrüfatının dirçəlməsinin qarşısını alır, mövcud problemlərin daha da genişlənməsinə, dərinləşməsinə səbəb olur və aqrar sahəni sürətlə tənəzzülə doğru sürükləyir.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı "Cümhuriyət” qəzetinə bildirib ki, kartofun azalmasının bir neçə səbəbi ola bilər: "Birinci səbəb kimi əkin sahələrinin azalmasını göstərmək olar. Ənənəvi kartof əkən bəzi bölgələrdə əlverişsiz hava şəraitilə əlaqədar olaraq məhsuldarlıq aşağı olub. Digər tərəfdən, əvvəlki illərdə kartof əkinilə məşğul olan fermerlərin yetişdirdikləri məhsulun satışında yaşadığı problemlər istehsalın azalmasına təsir edir. Məlumdur ki, yerli məhsulun qiyməti xaricdən idxal olunan məhsula nisbətən ucuz olur. Nəzərə almaq lazımdır ki, Azərbaycana xaricdən xeyli həcmdə kartof idxal edilir. Bu baxımdan yerli məhsulların keyfiyyətli olmasına baxmayaraq, qiymət baxımından rəqabətdə uduzur. Bunu nəzərə alan fermerlər kartof əkininə çox meyil göstərmirlər. Fermerlər əvvəllər kartof əkdikləri sahələrdə artıq başqa məhsullar yetişdirməyə başlayıblar”.

Vəziyyətdən çıxış yolu...

Qadir Bayramlı hesab edir ki, kartof yetişdirən fermerlərə uzunmüddətli güzəştli kreditlər verilməlidir: "Bundan əlavə fermerlər keyfiyyətli kartof toxumu ilə təmin olunmalıdır. Həmçinin fermerlər kənd təsərrüfatında zəruri olan texnika və ucuz yanacaqla təmin olunmalıdır. 

Azərbaycan fermerlərinin yetişdirdiyi məhsulların satışı üçün yeni imkanlar araşdırılmalıdır. Hesab edirəm ki, idxal olunan kartofa müəyyən dərəcədə məhdudiyyət qoyula bilər. Zənnimcə, bu addımlar atılarsa, kartof istehsalının artmasına faydası ola bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları