Yuxarı

Sığorta şirkətlərini bankların aqibəti gözləyir

Sığorta şirkətlərini bankların aqibəti gözləyir

Bu ilin 8 ayı üzrə sığorta şirkətlərinin yığım-ödəniş göstəriciləri açıqlanıb.Fins.az hesabata əsasən sığorta şirkətlərinin zərərlilik üzrə renkinqini hazırlayıb.Məlumata görə, hazırda ən zərərli sığorta şirkəti bazarın autsayderi "Amrah Sığorta” şirkətidir. Belə ki, sığorta şirkəti yığımlarında 4,1 dəfə artıq ödəniş edib. Ən zərərli sığorta şirkətləri sırasında fəaliyyətini dayandıran, yalnız öhdəliklərin icrası ilə məşğul olan "Başak İnam Sığorta” şirkəti 2-ci olub.Tibbi sığorta ödənişlərinin yüksək olması "A Qroup”u siyahıda 3-cü edib. "Atəşgah Həyat” topladığından 41,6 faiz əlavə ödənişlə 4-cü, "Rəvan Sığorta” isə 11,7 faiz əlavə ödənişlə 5-ci olub.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda sığorta şirkətlərinin ləğv olunması və yaxud da peşəkarlaşdırılması prosesi 2001-ci ildən gedir:

"Xüsusilə, nəzarət Maliyyə Nazirliyinə keçəndən sonra sığorta şirkətlərinin kapitallaşmasına ciddi tələblər qoyuldu. Bu tələbi qoyulandan sonra şirkətlərin bir çoxu öz kapitallarını formalaşdıra bilmədilər.Yəni, maliyyə sabitliyini qorumaq mümkün olmadı.Əgər 2000-ci ildə bazarda 1000 şirkət var idisə, bu gün onların sayı 25-26 civarındadır.Amma bu, prosesin sonu deyil.Çünki şirkətlərin gündəmində qoyulmuş kapital hədəflərinə çatmaq məsələsi dayanır.Onlar öz maliyyə sabitliyini və məcmu kapitallarını qorumalıdırlar.Digər tərəfdən, ağır bazar rəqabəti şəraitində xüsusən də bank, kredit böhranının hökm sürdüyü bir vaxtda insanların sığorta növlərinə maraqları azdır.Bu, çox acı nəticələrə gətirib çıxara bilər.Demək olar ki, bazarda könüllü sığortalar çox zəif səviyyədə inkişaf edib.Şirkətlər yalnız icbari sığortalar uğrunda mübarizə aparırlar.Xüsusən, icbari sığortaları aparmağa lisenziyası olmayan şirkətlərin vəziyyəti daha da ağır olur.Hər bir halda növbəti illərdə daha bir neçə sığorta şirkətinin bazarı tərk edəcəyini proqnozlaşdırmaq olar”.

Ekspert qeyd edib ki, bu ilin 8 ayının nəticələrinə baxanda məlum olur ki, hazırda sığorta şirkətlərinin bir çoxu zərərdədir:

"Adıçəkilən zərərdə olan şirkətlərin birləşmədikləri halda bağlanması təəssüf ki, gözləniləndir. Standart Sığorta ilə bağlı vəziyyət bir qədər fərqlidir.Yəni, onların "Standart Bankla” bağlı kapital problemi var. Digər şirkətlərin zərərliliyi ötən ilə nisbətən artıb.Amma ümumi götürdükdə heç də hamısının vəziyyəti acınacaqlı deyil.Çünki bəzilərinin zərərləri artsa da, yığımları kifayət qədər yüksəkdir."Başak İnam Sığorta” şirkətinin payına baxanda demək olar ki, bu şirkət 100 faiz bağlanmağa və yaxud da birləşməyə doğru gedir.Yığılan sığorta haqları sözün əsil mənasında çox gülünc rəqəmlərdir.Hazırda 95 faizə qədər azalma müşahidə olunur. Ötən illə müqayisədə "Amrah Sığorta”da 72 faiz azalma var. Həmçinin Dövlət Sığorta Agentliyinin özündə də ciddi azalmalar var. Sözügedən 22 şirkətin hamısının vəziyyətinin pis olduğunu demək olmaz, amma böyük ehtimalla bəzi şirkətlər göstərdiyi nəticələrə görə bu il bağlana bilər”.

Azərbaycanda sığorta şirkətlərinin birləşmə təcrübəsi varmı?

Xəyal Məmmədxanlı deyib ki, vəziyyət çıxış yolu kimi sığorta şirkətlərinin birləşməsi ən doğru addımdır:

"Azərbaycanda birləşmə məsələsi mental olaraq çətindir. Çünki birləşmədən öncə hər kəs birinci qərar verir ki, şirkətə kim rəhbərlik edəcək. Çox vaxt da bunun barəsində bir razılıq əldə olunmadığına görə şirkətlər birləşə bilmir.Amma bu, qaçılmaz yoldur.Əgər bəzi şirkətlər birləşməsələr, bağlanmağa məhkumdur. Ötən il "Buta Sığorta” ləğv olundu, portfelləri "Finans Sığorta” ilə birləşdi. Buna tam birləşmə demək olmasa da, amma ən azından bir şirkətin ləğv olunub portfelinin və yaxud da komandasının başqa bir şirkətə birləşməsi təcrübəsi var. Yaxud da zəif olan şirkətlərin güclü olan şirkətlərə satılması praktikası var. Reytinqə baxanda görmək olur ki, xüsusilə.son onluqda olan şirkətlərdə vəziyyət kifayət qədər acınacaqlıdır. Onların əksəriyyətində yığımlar azalır, ödənişlər çoxalır.Nəticədə qısa müddətdən sonra şirkətlərin ödəmə qabiliyyətində ciddi problemlər yaranacaq.Təklif ondan ibarətdir ki, nə qədər vəziyyətləri daha da acınacaqlı olmayıb, birləşmək ən yaxşı yoldur”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları