Yuxarı

Manata "qırmızı xətt” çəkildi

Manata

Dünya maliyyə sistemində baş verən dəyişikliklər Azərbaycanda hiss olunmur. İqtisadi qanunlara istinad etsək, bu mümkünsüzdür. Manatın dollar qarşısında sabit qalması, başqa sözlə desək, Azərbaycan Mərkəzi Bankının məzənnəni bu cür tənzimləməsi doğru qəbul olunmur. Maraqlıdır, manat-dollar münasibətləri bundan sonra necə tənzimlənəcək? Kəskin ucuzlaşma mümkündürmü?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində məzənnənin 1.70 həddində olmasında hökumətin maraqlı olduğunu deyib: 

"Görünən odur ki, Azərbaycan hökuməti və Mərkəzi Bankı son aylarda məzənnənin aşağı həddinin "qırmızı xətti”ni çəkib. Yəni, hökumət manatın 1.70-dən daha çox möhkəmlənəsinə icazə vermir. Artıq 5 aydır ki, eyni situasiyanı görürük. Çünki həm Dövlət Neft Fondundan dollar şəklində ayrılan vəsait büdcəyə manat şəklində köçürüldüyündən daha möhkəm manat daha çox vəsaitin xərclənməsinə səbəb olur. Son vaxtlar isə Neft Fondunun vəsaitlərinə qənaət rejimi tətbiq olunub. Ona görə də hökumət və Mərkəzi Bank 1.70-dən daha möhkəm manat istəmir. Digər səbəb isə ondan ibarətdir ki, əgər doğrudan da biz qeyri-neft ixracatını artırmaq istəyiriksə, hökumət bununla bağlı planlar, proqramlar elan edib, müəyyən işlər görürsə, manat bahalaşdıqca bu planlar həyata keçməyə bilər. Çünki baha yerli valyuta ixracatı əngəlləyən əsas amildir. Bu dünyanın hər yerində belədir və iqtisadi qanunlar bu istiqamətdə işləyir. Bütün bunları nəzərə alsaq, hökumət manatın 1.70-dən möhkəm olmasında maraqlı deyil. Görünən odur ki, yaxın gələcəkdə də bu maraq olmayacaq. Əksinə, dollarla bağlı dünyada baş verən prosesləri müəyyən vaxtdan sonra Azərbaycana mütləq təsir edəcək. Hələlik neft qiymətlərinin bahalaşması, keçən ilə nisbətən neft qiymətləri 25 faiz artıb və bunun nəticəsi olaraq tədiyyə balansında müəyyən qədər sabitlik, müsbət saldo yaranıb. Bu neft qiymətlərinin bahalaşmasından asılıdır. Digər tərəfdən də ölkədə alıcılıq qabiliyyəti aşağı düşməsi səbəbindən idxal azalıb. Bu ilin ilk 8 ayında idxal həcmində 27 faiz azalma var. Tədiyyə balansının sabitləşməsində bu amil də ciddi rol oynayır. Çünki ölkədən daha az valyuta çıxmağa başlayıb. Bu iki faktor Mərkəzi Bankı daha da rahatladır və inzibati qaydada tənzimlədiyi məzənnəyə daha az pul xərcləməyə şərait yaradır”.

Natiq Cəfərli hesab edir ki, dünyada gedən proseslər bir müddət sonra mütləq şəkildə Azərbaycana təsir edəcək: 

"Son günlər dünyada dolların möhkəmlənməsini görürük. Dolların indeksi 91.5 punkta qədər düşmüşdü, amma artıq 93 punktu keçib. Bir neçə gün öncə 1 avro 1.20 dollara bərabər idi. Bu gün isə 1.17 dollar 1 avrodur. Burada da dolların möhkəmlənməsini görürük. Digər tərəfdən FES rəhbəri Yellenin açıqlamaları oldu və FES-in son toplantısının deleqramı yayıldı. Bu deleqramdan məlum olur ki, FES dekabrda faiz artımına gedəcək və öz likvididliyinin daraldılması prosesinə başlayacaq. Bu da dolları möhkəmləndirən amillərdən biridir. Ona görə də düşünürəm ki, cari ilin sonuna qədər Mərkəzi Bankın maliyyə resursları var. Çünki maliyyə sabitliyinin saxlanılması üçün Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manat transfert olunub. Bu da müəyyən dərəcədə Mərkəzi Bankın rahatlığını təmin edib. Amma gələn il üçün bu qədər böyük həcmdə vəsaitin ayrılması nəzərdə tutulmayıb. Ən azından bununla bağlı heç bir ip ucu yoxdur. Hesab edirəm ki, gələn il bu qədər vəsaitin ayrılması mümkün olmayacaq. Çünki hər il Mərkəzi Banka bu qədər vəsaitin ayrılması mümkünsüzdür, çünki Neft Fondunun özünün də öhdəlikləri və problemləri var. Ona görə də gələn il Mərkəzi Bank üçün daha çətin olacaq. FES faiz artırsa və obrazlı desək, dolları bazarlardan geri yığmağa başlasa, o, zaman təbii ki, dolların bahalaşması Azərbaycana da təsir edəcək. Ancaq manatın ən aşağı həddinin 1.70 olacağı açıq şəkildə görünür. Hökumət və Mərkəzi Bank məzənnənin bundan aşağı düşməsində heç cür maraqlı görünmür”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları