Yuxarı

Pulu olan xaricdə "ev”lənir

Pulu olan xaricdə

Son illər Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayı artıb. Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 439 mənzil alıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% və yaxud 11 ədəd çoxdur.

Ekspertlər hesab edir ki, Azərbaycan vətəndaşlarının Türkiyədə əmlak almasının əsas  səbəbi  bu ölkədə  evlərin qiymətlərinin Azərbaycandakılardan iki dəfə ucuz olmasındadır. Bundan əlavə  bu ölkədə əmlak alan xarici vətəndaşlar əlavə dəyər vergisindən azad ediliblər.  Yeni qanuna əsasən, Türkiyə ərazisində ilk ofis və ya ev alan, alış-verişi xarici valyutada həyata keçirən alıcılar ƏDV-dən azad edilirlər. 

Maraqlıdır, ev alqı-satqısında dövlətin nəzarətini hansısa formada tətbiq etməklə evlərin qiymətlərini aşağı salmaq olarmı?

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak bazarına yatırımlar etməsi məsələsi yeni deyil: "Bu istiqamətdə artım dinamikası müşahidə olunur. Bunun isə müxtəlif səbəbləri var. Bunlardan birincisi odur ki, Türkiyə Azərbaycan üçün yaxın ölkədir. Həmçinin, oxşar milli-mentalitet, din məsələsi əhəmiyyətli rol oynayır. İnsanlar bəzi hallarda ikinci yaşayış yeri kimi Türkiyəni seçirlər. Digər tərəfdən, burada investor maraqları məsələsi də var ki, bu da önəmlidir. Əksər hallarda biz müşahidə edirik ki, Türkiyədə daşınmaz əmlak Bakı ilə müqayisədə daha ucuzdur. Bu isə daşınmaz əmlak bazarına marağı artırmaqla,  xarici investorlarda o cümlədən, Azərbaycan vətəndaşlarında bazara  cəlbediciliyi artırır.

Üçüncüsü, bəzi hallarda müxtəlif sahələrdə çalışan insanlar yatırım məqsədi ilə Türkiyədə özlərinə mənzil alırlar. Xüsusilə də müəyyən sahələrdə çalışan insanların öz fəaliyyətini tamamlaması, yaxud işdən çıxarılması, gələcəkdə onlarla bağlı qərarların qəbul edilməsi məsələsi onları narahat edir. Əksər hallarda qeyri-qanuni fəaliyyətlə məşğul olan insanlar özləri üçün əlavə ehtiyat yaşayış ölkələri seçirlər. Bunlardan biri də Türkiyədir. O baxımdan davamlı artımlar bu bazarda müşahidə olunur. Dördüncü məqam ondan ibarətdir ki, daşınmaz əmlakın gələcək taleyi ilə bağlı məsələlər tam müəyyənləşdirilməyib, aydın deyil. Qiymətlərin daha çox aşağı meyillənməsi hiss olunmaqdadır. Təbii ki, vətəndaşların faktiki olaraq bu bazara investisiya etməsi doğruluq hesab olunur. O baxımdan da investisiyalarını daha fərqli istiqamətlərə, ölkələrə, Türkiyə bazarına dəyişirlər. Beşinci əlamət kimi isə onu demək olar ki, son illərdə ölkədən gedənlərin sayı artıb.

Gedənlər arasında Türkiyəni seçənlər də çoxdur. Onlar Türkiyədə Azərbaycan vətəndaşı olaraq məskunlaşırlar və daşınmaz əmlak bazarında yatırımlar edəndə Azərbaycandan gəlmişlər kimi qeydiyyata düşürlər. Bu da həmin istiqamətdə say artımına səbəb olur”. Ekspertin fikrincə, dövlətin bu sahəyə nəzarəti mümkün deyil: "Hər hansı bir məhdudiyyətin təşviq edilməsi  mümkün deyil. Təbii ki, ölkədən  pul çıxarılması zamanı müəyyən hesabatlılıq qanunauyğundur. Azərbaycan qanunvericliyində də bu var. 50 mindən yuxarı məbləğdə vəsaitlərin hansı məqsədlə çıxarılması əsas şərt olaraq ortaya qoyulur. Amma buna baxmayaraq istənilən halda vətəndaşın  addımı hər hansı bir ölkənin qanunvericliyinə zidd deyilsə, bu ölkədə daşınnmaz əmlak bazarında yatırımlar etməsi hüququ var. Bunun məhdudlaşdırılması əslində vətəndaşların insan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bu kimi məhdudlaşdırıcı mexanizmlər heç də geniş təşviq olunmur”. 

Vəsaitlərin ölkədən çıxmaması üçün Azərbaycandakı mənzillərin  qiymətlərinin aşağı salınması məsələsinə gəlincə, iqtisadçı deyib ki, əslində dövlətin birbaşa bu məsələnin üzərində işləməsi mümkün deyil: "Burada bazarın özü qiymətlərin formalaşdırılmasında rol oynayır. Təbii ki, bazarda inhisarçılığın olması və digər səbəblər qiymətlərin yüksək olmasından xəbər verir. Dövlət bu istiqamətdə müəyyən qədər balanslaşdırıcı işlər görə və ya inşaat sektorunda təşviqi işləri tətbiq edə bilər. Tutaq ki, Mənzil İnşaat Dövlət Agentliyinin bazara təklif etdiyi evlərin sayını artırmaqla  bu bazarda bir tarazlığı formalaşdırmaq və mənzil qiymətlərinin loyal bazar uyğunluğuna qədər ucuzlaşmasını təmin etmək olar. Amma birbaşa olaraq dövlətin qısa müddətdə hər hansı formada bu proseslərə müdaxilə imkanları məhdud qiymətləndirilir”.

Alçina Amilqızı