Yuxarı

Dollara qarşı cəbhə yaranır

Dollara qarşı cəbhə yaranır

Dünya bazarında dolların məzənnəsi artdıqca, ölkələr vəziyyətdən çıxmaq üçün alternativ yollar axtarır.Dolların bahalaşdığı ilk zamanlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "dollardan imtina” və hesablaşmaların yerli valyutalarla aparılması ilə bağlı təkliflə çıxış etdi.İlkin olaraq Rusiya və İran Türkiyənin bu təklifi ilə bağlı razılaşmalara getdilər.Ancaq ekspertlər hesab edirdilər ki, bu populist çıxışdır və heç bir effekti olmayacaq.

Çünki dünyada hələ ki, dollara alternativ ola biləcək valyuta yoxdur. Digər tərəfdən yerli valyutalar ilə hesablaşmaqla bağlı razılığa gələn ölkələrin öz milli valyutalarının dəyəri məhz dollarla ölçülür.Görünən odur ki, Türkiyənin bu təklifi hələ gündəmdə olsa da, ancaq ciddi effekt vermir.

Venesuela da artıq ticarət dövriyyəsində türk lirəsindən istifadə etməklə bağlı hazırlıqlara başlayıb.Türkiyə mətbuatı yazır ki, Venesuela Türkiyə ilə ticarət əlaqələrində valyuta ilə bağlı yaranan çətinlikləri aradan qaldırmaq üçün pul transfertinin asanlaşdırılması üçün razılığa gələcək.Bu barədə Venesuelanın xarici ölkələrlə iqtisadi əməkdaşlığına cavabdeh olan xarici işlər nazirinin müavini Ramon Gordils məlumat verib. O, əsasən, mədənçilik və inşaat olmaqla bir çox sahələrdə Türkiyə şirkətləri ilə əməkdaşlıq etmək istədiklərini bildirib. R.Gordils Venesuela prezidenti Maduronun Türkiyəyə səfəri zamanı ticarət anlaşması imzalanacağını da qeyd edib.

İkili razılaşmalar əsasında bu prosesə keçid etmək o, qədər də asan görünmür.Çünki yerli valyutalarla ticarət dövriyyəsi etmək üçün ölkələr güclü iqtisadi gücə sahib olmalıdır.İqtisadçılar hesab edir ki, Venesuelanın iqtisadi durumu çox acınacaqlı durumdadır.Ölkə ciddi maliyyə çatışmazlığı və siyasi gərginlik içindədir.Bu baxımdan Venesuelanın bu prosesdən müsbət nəticə əldə edəcəyi gözlənilmir.Qeyd edək ki, Venesuelanın pul vahidi Bolivarın (bolivar fuertesi) dollara nisbətən məzənnəsi hal-hazırda 1 dollar-10.8 VEF (Bolivara) bərabərdir. Maraqlıdır, Rusiya, İran və Venesueladan sonra Türkiyənin bu layihəsinə qoşulan ölkələrin sayı arta bilərmi?

İqtisadçı-ekspert Fuad İbrahimov "Cümhuriyət” qəzetinə açıqlamasında dollardan imtina haqqında səslənən fikirlərin əsassız olduğunu deyib. F.İbrahimov hesab edir ki, deyilənlərin reallaşması üçün alternativ etalon valyutanın fomalaşması vacibdir:

"Bu dövlətlərin siyahısı arta bilər. Dünya ölkələri dünya iqtisadiyyatından, siyasətindən təcrid olunduğu halda siyasi baxımdan qısqanclıq nümayiş etdirib hansısa etalon valyutadan imtina edə bilər.Ancaq bu siyahının artmasının heç bir əhəmiyyəti yoxdur.Çünki bu prosesin işləməsi üçün mexanizm yoxdur.Bu sadəcə olaraq siyasi fikirlərdir.Hansısa dövlətlər elan edir, qarşılıqlı niyyət protokolu imzalayır ki, ticarət əlaqələrini yerli valyutalarla aparsınlar.Ancaq bütün bunlar apsurd fikirlərdir, heç bir iqtisadi əsası yoxdur. Sadəcə olaraq ölkələr arasında mono səviyyədə barter əməliyyatı keçirilə bilər. Amma bunun iqtisadi cəhətdən institutsional əsası yoxdur.Bu işləri görmək üçün uzun zaman keçməlidir ki, hansısa bir ölçü vahidi formalaşsın.Əks halda, Venesuela gərək öz milli valyutasından imtina etsin, milli valyuta kimi lirəni qəbul etsin.Ya da əksinə olaraq Türkiyə belə bir addım atsın. Ancaq ola bilər ki, bir sıra ölkələr də belə bir addım atsın. Amma mexanizm yoxdur və yaxın gələcəkdə də olmayacaq.Ölkələr öz aralarında etalon valyuta kimi qızıldan istifadə edə bilərlər.Heç bir ölkənin valyutası deyil, ancaq dəyərli ölçü vahididir.Digər hallarda isə əhəmiyyəti və əsası yoxdur.Ancaq bir məsələdə var ki, qızılın da dəyəri məhz dollarla hesablanır.ABŞ dollarından imtinanın başqa yolu yoxdur.Çox qəribədir ki, siyasi cəhətdən çox inkişaf etmiş ölkə rəhbərləri bu məsələni gündəmə gətiriblər.Hesab edirəm ki, siyasətçilər ən azından öz iqtisadi korpusu ilə məsləhətləşib bu cür fikirləri irəli sürməlidir.Sözü deyəndən sonra mexanizmi hərəkətə gətirmək lazımdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları