Yuxarı

Kiçik biznes sıradan çıxır: Pul azalıb

Kiçik biznes sıradan çıxır: Pul azalıb

Ölkədə davam edən maliyyə böhranı banklarla yanaşı digər sahələrə də ciddi şəkildə təsir göstərib. Xüsusilə, kredit siyasətində ciddi problemlərin yaşanması bu sahə üzrə ixtisaslaşmış qurumların gəlirlərini aşağı salıb. Məlumdur ki, bu gün bankların kredit portfeli aşağıdır. Ekspertlər bunu bankların zamanında yanlış maliyyə-kredit siyasəti ilə əlaqələndirir. Məhz yanlış maliyyə-kredit siyasətinin nəticəsidir ki, bu gün problemli kreditlərin həcmi 3 milyard manata çatıb. 

Bu problemlər digər maliyyə qurumlarında da özünü büruzə verir. Belə ki, "Azərbaycanda mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar" mövzusunda keçirilən beşinci investorlar yarmarkasında çıxış edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib ki, son 3 ildə mikromaliyyə təşkilatları istifadəçilərinin sayında ciddi azalma qeydə alınıb:

"2015-ci ildə mikromaliyyə təşkilatlarının 600 min istifadəçisi olub. Təşkilat rəhbəri əlavə edib ki, 2016-cı ildə mikromaliyyə təşkilatlarından borcalanların sayı 298 minə qədər, 2017-ci ildə isə 118 minə qədər azalıb."

Mikromaliyyə təşkilatlarının kredit portfeli 2015-ci ildə 348 milyon dollar olub. 2017-ci ildə bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 80,1 milyon dollara düşüb. Düşünürəm ki, bu sektora dəstək vermək lazımdır. Maraqlıdır, mikromaliyyə təşkilatında istifadəçilərin sayının azalmasına səbəb nədir və qurumun gözlədiyi dəstəyi kim verməlidir?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bu azalmaları iqtisadi aktivliyin olmaması ilə izah edib:

"Bank sistemində olan problemlər özünü o sahədə də göstərdi. İqtisadi aktivliyin azalması, banklarda yaşanan problemlər mikrokreditləşməni xeyli dərəcədə aşağı saldı. Bu da xüsusilə, kiçik bizneslə məşğul olan əhalinin kifayət qədər azalmasına səbəb oldu. Bu bir bəladır və iqtisadi aktivliyin azalması ilə bağlı olan məsələdir. Mikrokreditlərin aşağı düşməsi həm iş yerlərinin, həm də bu sahədə çalışan insanların azalmasına səbəb olur”.

Natiq Cəfərli hesab edir ki, bu quruma yalnız dövlət dəstək verə bilər. Ancaq bu dəstəyin effektli olması üçün dəqiq hesablamaların aparılması vacibdir:

"Dəstəyi isə yəqin ki, dövlət büdcəsndən istəyirlər. Çünki onları bu vəziyyətdən çıxaracaq alternativ bir qurum yoxdur. Ancaq bu dəstəkdən əlavə ayrılan vəsaitlərin nə qədər iş yerləri açılmasına, iqtisadi aktivliyin artmasına hansı səviyyədə imkan verəcəyini öncədən hesablamaq lazımdır. Əgər bu hesablamalar olmayacaqsa, gələcəkdə nə qədər vəsait ayrılırsa ayrılsın, həmin vəsaitin effektivliyi çox aşağı səviyyədə olacaq. Sonuc etibarı ilə iş yerlərinin, əlavə dəyərin yaranması lazımdır. Bunu hədəf kimi qarşıya qoyub işləyəcəklər, o, zaman effekt verəcək. Hələlik isə bu hədəflər doğrulmur. Ona görə də ümumi iqtisadi azalma ilə paralel olaraq bu sahədə də zəiflik müşahidə olunacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları