Yuxarı

Sığorta şirkətlərinə son möhlət

Sığorta şirkətlərinə son möhlət

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 06 oktyabr 2017-ci il tarixli Qərarına əsasən "Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib. Palata tərəfindən qeyd olunan qərar "Başak-İnam Sığorta Şirkəti” ASC-nin   2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.  2017-ci il  oktyabrın 6-dan lisenziyası ləğv olunmuş "Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilmişdi.

Ümumiyyətlə, Azərbaycanda sığorta şirkətlərinin ləğv olunması, lisenziyasının dayandırılması, birləşməsi prosesi artıq bir neçə ildir davam edir.Məlumat üçün qeyd edək ki, 2000-ci ildə bazarda 65-dən yuxarı sığorta şirkəti vardı.Hazırda onların sayı 24-ə düşüb.Ekspertlər bildirir ki, bazarda çox ciddi likvidlik problemi var. Sığorta şirkətləri rəqabətə davam gətirə bilmir.Analitiklər proqnozlaşdırır ki, şirkətlərin ləğvi və ya fəaliyyətinin dayandırılması önümüzdəki illərdə də gözləniləcək.Xüsusilə banklardan asılı olan sığorta şirkətlərinin son zamanlarda sıradan çıxmağı onu göstərir ki, onların əksəriyyəti öz bizneslərini əsasən, bank müştəriləri üzərində qurub.Həmçinin bazarda digər sığorta növləri aktiv olmadığı üçün onlar bağlanmaq məcburiyyətində qalır.

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı "Cümhuriyət” qəzetinə bildirib ki, "Başak-İnam Sığorta Şirkəti”nin lisenziyasının ləğvi gözlənilən idi:

"Sığorta şirkəti ödəmə qabiliyyətli kapital problemlərinin həllinə heç cür nail ola bilməyib. "Başak-İnam Sığorta Şirkəti”nin çox müştərisi yoxdur, ümumiyyətlə, davam edən öhdəlikləri azdır. Çünki sözügedən şirkət xeyli müddətdir ki, yeni müqavilələr bağlamırdı.Ancaq köhnədən davam edən müəyyən müqavilələri var idi.Lisenziyanın dayandırılması o demək deyil ki, onlar dərhal bağlanır.Lisenziya dayandırılanda onlar yeni sığorta müqaviləsi bağlaya bilmirlər.Amma onların köhnə öhdəlikləri davam edir.Ləğvolunma prosesi başa çatana qədər şirkət öz müştəriləri qarşısındakı öhdəliklərini yerinə yetirməlidir.İlk növbədə öz sığorta ehtiyatlar ilə, əgər bu ehtiyatlar yetməzsə, öz aktivləri və bank hesabları ilə cavabdehdilər.Ona görə də hesab edirəm ki, orada qalan azsaylı müştərilərin bununla bağlı heç bir şübhəsi olmalı deyil.Amma hər bir halda bu şirkətin sonu gözlənildiyi kimi də oldu”.

Ekspertin sözlərinə görə, hazırda bazarda 24 sığorta şirkəti fəaliyyət göstərir:

"Çox güman ki, azalma ilin sonuna qədər davam edəcək. Hazırda fəaliyyət göstərən bir neçə sığorta şirkətinin vəziyyəti qənaətbəxş deyil.Xüsusilə, 8 ayın hesabatlarına baxdıqda görmək olur ki, kifayət qədər zərərli fəaliyyət göstərən şirkətlər var. Bu şirkətlərin yığımları ödənişlərindən dəfələrlə azdır.Təbii ki, bu mənfi ilə onların fəaliyyət göstərməsi qeyri-mümkündür.Bazarda müəyyən birləşmə, ləğvetmə prosesləri gözləniləndir”.

Yeganə Oqtayqızı