Yuxarı

Yağ biznesindəki müəmma

Yağ biznesindəki müəmma

Kərə yağının qiymətində olan fantastik artım günlərdir ki, ictimaiyyətin müzakirəsindədir.Süni qiymət oyunu ilə bağlı cavabdeh dövlət qurumları arasında da açıq savaş başlayıb.Bu məsələdə konkret cavabdeh olanlar nədənsə yaxalarını kənara çəkir, bahalaşmanı görməzdən gəlirlər.Sanki yağın qiymətindəki pik həddin necə və kimlər tərəfindən təyin edilməsindən xəbərsizdirlər.

Kərə yağının qiymətinin pik həddə çatdırılması səbəbi hələ də müəmmalı olaraq qalır...  

Bu dəfə də Vergilər Nazirliyi kərə yağının və digər məhsulların qiymətlərindəki son bahalaşmanı şərh edib. Belə ki, Vergilər nazirinin müavini Sahib Ələkbərov yerli mətbuata açıqlamasında deyib ki, qurum da son vaxtlar bəzi ərzaq məhsullarının qiymətinin bahalaşmasından narahatlıq keçirir, lakin bu məsələdə nazirliyin heç bir rolu yoxdur:

"Vergilər və aksizlərdə heç bir dəyişiklik baş verməyib, buna görə də, qiymətlərin bahalaşmasının vergilərlə bağlı olduğunu demək düzgün deyil. Digər tərəfdən, qiymətlərin qalxması üçün obyektiv və subyektiv səbəblər var və bunlar müvafiq orqanların diqqət mərkəzindədir” -  deyə qurum rəsmisi deyib.

Bir daha xatırlatma edək: Kərə yağı ölkə bazarlarında 70 faiz bahalaşıb və bununla da istehlak azalıb.  Belə ki,"Westgold” və "Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, "President” yağı 18.50, "Pınar” kərə yağı isə 24.35 AZN, "Doyaruşka” kərə yağı isə 23 AZN-ə satılır. Kərə yağları ilə yanaşı, duru yağların da qiymətində 5-10 faizlik artım müşahidə olunur.

Məlum olduğu kimi artıq Dövlət Gömrük Komitəsi də artımla bağlı ittihamlara cavab verib və bir növ məsələdən yayınaraq, məsuliyyəti üzərindən kənara atıb.Bildirib ki, kərə yağının qiymətində artımın baş verdiyi dövrdə bu mal növü üzrə gömrük vergi və rüsumlarında hər hansı dəyişiklik olmayıb.

Gömrük orqanlarının bu sahədə inhisarçılıq hallarına yol verməsinə gəlincə, DGK-dən deyiblər ki, ötən il ölkəyə yağ idxal edən şirkətlərin sayına və idxal olunan məhsulun miqdarına dair rəqəmlər bu iddiaların absurd olmasının sübutudur: "Belə ki, 2016-cı ildə Azərbaycana 22 ölkədən 51 şirkət 28 377 938.84 ABŞ dolları dəyərində 8 357 095.43 kq, 2017-ci ilin 9 ayı ərzində isə 44 şirkət 16 ölkədən 35 998 149.22 ABŞ dolları dəyərində 8 391 526.17 kq yağ idxal edib ki, bu da iddiaların əksini sübut edir. 

Statistik rəqəmlərdən də göründüyü kimi, ötən il 1 kq yağ 3.39 ABŞ dollarına, cari ildə isə 1 kq yağ 4.28 ABŞ dollarına rəsmiləşdirilib ki, mövcud artım da dünya bazarında yağ məhsulunun bahalaşması ilə əlaqədardır. O cümlədən, 2016-cı ildə Almaniyadan 11, Rusiya Federasiyasından 11, Ukraynadan 10, Belarusdan 7, Yeni Zelandiyadan 5 şirkət, 2017-ci ilin 9 ayı ərzində isə Ukraynadan 13, Rusiyadan 8, Türkiyədən 7, Belarusdan 6, Almaniyadan 5, Yeni Zelandiyadan 4 şirkət yağ idxalını həyata keçirib.

Daxili bazarda formalaşan qiymətlərlə bağlı məsələyə gəlincə,  Dövlət Gömrük Komitəsi bunun səlahiyyətlərinə aid olmadığını qeyd edib. Araşdırmalara görə Ümumdünya Ərzaq Təşkilatının (FAO) verdiyi son məlumata görə 2017-ci ilin sentyabr ayında  dünya bazarında süd məhsullarının, o cümlədən, kərə yağının qiymətində ötən illin müvafiq dövrü ilə müqayisədə 27, 4 faiz artım müşahidə olunur. Sentyabr ayında baş vermiş bahalaşma avqust ayına nisbətən 224,2 bənd  təşkil edib ki, bu da 2,1 fazi artım deməkdir. Süd məhsularının, kərə yağının qiyməti 2014-cü ilin fevral ayı ilə müqayisədə 18,6 faiz azalıb. Sentyabr ayında baş vermiş bahalaşma isə Avstraliyanın, Yeni Zelandiya və Avropa Birliyinin tədarükü məhdud səviyyədə saxlaması, həmçinin ABŞ-da təklifin cüzi artması ilə izah olunur. 

İqtisadiyyat Nazirliyi də kərə yağının qiymətlərinin dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilmədiyini deyərək, əslində məsələyə hər hansı şəkildə müdaxilə edə bilmədiklərini ifadə edib.

Dövlət qurumları bu məsələyə müdaxilə edəndən sonra yağı ölkəyə idxal edənlərin də səsi çıxdı.İdxalçılar istehlakçılara müraciətində qeyd ediblər ki, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir. 2017-ci ilin sentyabr ayında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85 faizədək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə isə 30 faizdən çox artıb və hazırda bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir:

"Bununla belə, artım tendensiyası davam edir. Lakin hazırda satışda olan kərə yağları 1 ton yağın qiyməti 5200-5450 ABŞ dolları olan vaxtlarda alınıb və Azərbaycana idxal olunmuş mallardır". Bildirilir ki, yağın Gürcüstanın Poti limanından Bakıya gətirilməsi üçün hər tona görə təxminən 70-80 ABŞ dolları nəqliyyat xərcləri ödənilir:

"Bununla yanaşı, idxal olunan kərə yağı üçün gömrük vergi və rüsumları da ödənilir. Yeni Zelandiyadan gətirilən kərə yağı üçün bu vergi və gömrük rüsumları 36 faiz təşkil edir.Beləliklə, Yeni Zelandiyadan gətirilmiş və hazırda satışda olan kərə yağının 1 kiloqramının idxalçının anbarına giriş qiyməti 7.18-7.52 ABŞ dolları və ya 12.21-12.78 manat təşkil edir.

Nəzərə almaq lazımdır ki, yağın saxlanması, ticarət şəbəkələrinə paylanması, marketinqi, əmək haqqı, sosial sığorta, vergilər və s. ilə əlaqədar bir sıra digər xərclərimiz də mövcuddur. Eyni zamanda yağların pərakəndə satışını həyata keçirən mağazaların da əməkhaqqı, sosial sığorta, elektrik enerjisi, vergi və digər xərcləri var".

Müraciətdə deyilir ki, bütün bu xərclər nəzərə alınmaqla Yeni Zelandiya istehsalı olan kərə yağlarının topdansatış qiyməti 15.02-15.97 manat, pərakəndə satış qiyməti isə 15.90-17.10 manat arasında dəyişir:

"Bununla yanaşı, bu gün mağazalarda digər ölkələrdən gətirilən bir sıra yağlar da istehlakçılara təklif olunur. Bu yağların qiyməti təxminən 12-13 manatdır. Ümumiyyətlə, digər mallarda olduğu kimi, yağ satışı bazarında da qiymətlər azad rəqabət şəraitində tələb-təklif əsasında formalaşır. Müxtəlif qiymətə yağların olması istehlakçılara seçim hüququ verməklə yanaşı, biz sahibkarların da öz məhsullarına yüksək qiymət müəyyən etməsinin qarşısını alır.Biz sahibkarlar dövlət başçısının özəl sektora yaratdığı əlverişli işgüzar şəraiti və rəqabət mühitini yüksək qiymətləndirir və istehlakçıları heç bir halda qiymətlərin əsassız artırılmayacağına əmin edirik".

Qurumlar bir-birini "yağlayır”...

Qeyd edək ki, gün ərzində hər kəs 12,8 qram kərə yağı istehlak edir. Bitki yağında isə bu göstərici 22,1 qram, marqarində isə 5,8 qram təşkil edir. İldə isə bu rəqəm respublika üzrə 51 min 344 tondur.Bazarda təxminən 30 növə qədər kərə yağı satılır.Ölkənin kərə yağından olan gəliri 12 milyard dollardır.İstehsal böyük miqdarda olduğu üçün idxal əlverişlidir.Bu səbəbdən də həmin sahə monopoliyaya çevrilərək süni qiymət siyasəti həyata keçirilir.Ekspertlər hesab edir ki, 30-a qədər növdən istifadə olunan kərə yağnın əksəriyyətini təmiz kərə yağı saymaq olmaz.Çünki bu yağların rəngi həddindən artıq sarıdır.Bu rəngi almaq üçün ona boya vururlar. Əslində isə əsl kərə yağının rəngi ağ olmalıdır və onu böləndə parçalanmalıdır. Təəssüf ki, istehlakçıların çoxu bu tələbləri bilmir və əksinə, rəngi sarı olan kərə yağlarını almağa üstünlük verirlər.Kərə yağının biznesi ilə bağlı hələki qurumlar bir-birilərini "yağlamaqla” məşğuldurlar.Müəmmanın qurbanlarına çevrilən istehlakçılar isə səssizlik nümayiş etdirərək, hədiyyə olaraq növbəti süni qiymət artımına da dözmək iqtidarındadırlar.Əgər kərə yağnın qiymət artımında Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi və idxalçı şirkətlərin özlərinin dediyi kimi müdaxiləsi yoxdursa, demək, günahkar istehlakçılardır. Onlar özləri yağın qiymətinin qaldırılmasına israrçı olublar...

Alçina Amilqızı






Həftənin ən çox oxunanları