Yuxarı

Banklar kredit verməyi dayandırıb

Banklar kredit verməyi dayandırıb

Kommersiya banklarının yürütdüyü yanlış pul-kredit siyasətinin nəticəsi devalvasiyadan sonra özünü kəskin şəkildə göstərməyə başlayıb.Bu gün bankların yaşadığı problemlər, əslində həmin yanlış siyasətin nəticəsidir.Problemli kreditlərin həcminin kəskin artması, bankların maliyyə çatışmazlığı ilə üz-üzə qalması, bir çox bankların iflas həddində olması da məhz bunun nəticəsidir.Yürüdülən yanlış siyasətin əziyyətini isə vətəndaşlar çəkir.İstehlak, biznes və digər kretid növlərində tətbiq olunan şərtlərlə hazırkı mövcud durum bir-biri ilə tərs mütənasibdir.

Bu gün banklar demək olar ki, kredit vermir.Bütün banklarda kredit şərtləri demək olar ki, eynidir.Digər tərəfdən kredit faizlərinin yüksək olması da əlavə problemlərin yaranmasına səbəb olur, problemli kreditlərin həcminin artmasına rəvac verir.Bankların kredit verməməsi həm ölkənin iqtisadi aktivliyini aşağı salır, həm də biznesə ciddi zərbə vurur.

YapıKredi Bankın əməkdaşı Günay Xıdırova sualımıza cavab olaraq bankın istehlak krediti üzrə şərtlərini açıqlayıb:

"İstehlak krediti müraciəti etmək üçün gəlirinizi təsdiq edən sənəd (İş yerindən arayış, Elektron arayış və ya iş yerindən verilən vəsiqə/İD kartı ilə gəliri təsdiq edən əmək haqqının son 12 aylıq hesabdan çıxarışı) və şəxsiyyət vəsiqənizlə bankımızın filiallarına müraciət edə bilərsiniz. Son və əvvəlki (birlikdə) iş yerlərində minimum 12 aylıq əmək təcrübəsi, minimal əmək haqqı 465 AZN təşkil etməlidir. İllik faiz dərəcəsi - 28%, kredit məbləği isə 300-10.000 AZN təşkil edir”.

Access Bankdan isə deyiblər ki, istehlak kreditinin şərtləri belədir:

"İstehlak kreditləri illik 28% ilə ayrılır, məbləğ 500-10000 AZN, müddət 6-24 ay ola bilər. Əmək haqqını kart vasitəsilə almasanız da kredit götürmək mümkün ola bilər. Qərar filialda kredit mütəxəssisləri tərəfindən verilir, zəhmət olmasa filiala müraciət edin”.

Bank of Bakunun əməkdaşı Aytac Əhmədova isə istehlak kreditinin şərtlərini açıqlamaq üçün bizi xeyli sual-cavaba tutdu. Sonda bankın şərtlərini açıqladı:

"Kreditin dəqiq məbləğini kredit eksperti təyin edəcək. Maksimal müddət 18 aydır, illik faiz 26%-dan -32%-dək%, komissiya haqqı-1%(min.20 AZN)”

Bank Respublikanın şərtlərini isə əməkdaşı Nuray Qasımova açıqlayıb:

"10 000 AZN-dək 24 aylıq 30% illik (müəllimlər üçün oktyabr ayının sonunadək 28% illik və 0% komissiya haqqı ilə) dərəcə və 1% komissiya haqqı ilə nağd istehlak kreditləri təklif olunur. Minimal gəlir tələbi 350 AZN (gross) təşkil edir (iş təcrübəsi - son iş yerində 6 ay)”. Bank Respublikanın əməkdaşı əmək haqqının bankdan alınmasının mütləq olmadığını deyib.

Kapital Bankdan Səadət xanım isə bunları deyib:

"Təəssüf ki, hazırda yalnız Kapital Bankın maaş və təqaüd kart sahiblərinə nağd kredit ayrıla bilər”. Yəni, digər banklardan və ya özəl qurumlardan əmək haqqı alanlar bu bankdan kredit əldə edə bilməz.

Unibankın əməkdaşı Aynur xanım isə kredit şərtlərinin parametrləri müxtəlif olduğuna görə bir neçə sualı cavablandırmağımızı xahiş etdi. Sualları cavablandırdıqdan sonra isə bizə uyğun şərtləri təqdim etdi:

"Bu gündən etibarən "Dövlət Müstəqilliyi günü” kredit aksiya çərçivəsində kredit ayrılır. Yaş həddi 20-65 (kreditin bitmə tarixinə); Rəsmi gəliri 174 Azn-dən yuxarı; son 6 ayda iş yeri olmalıdır. Gəlirləri təsdiq edən sənəd(iş yerindən arayış, və ya əmək haqqı kartının son 6 ay çıxarışı, yaxud elektron arayış) təqdim etməklə o faiz komissiya ilə kredit götürmək mümkündür”. 

AGBankdan Əntiqə Zeynallı isə müraciətimizə cavab olaraq İpoteka və əmanət əsaslı kreditlər istisna olmaqla hal-hazırda kreditlərin rəsmiləşdirilməsinin dayandırıldığını deyib.

Turan Bankdan Aygün xanım kredit şərtlərini açıqlayıb:

"İstehlak krediti maksimum 5000 AZN-ə kimi, son iş yeriniz 12 ay olmaq şərti ilə, iş yerindən arayış və yaxud əmək haqqından çıxarış təqdim etməklə verilir. 2000AZN-ə kimi 1 fiziki şəxsin zaminliyi, 2001-5000 AZN-ə kimi 2 nəfər şəxsin zaminliyi ilə verilir və illik faiz dərəcəsi 29% təşkil edir. Maksimum müddət 18 ay təşkil edir.Bu şərtlərimizə əsasən müraciət edə bilərsiniz”.

Qeyd: Kredit şərtləri ilə bağlı bankların mövqeyi onlayn müraciət vasitəsilə alınıb.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları