Yuxarı

SOCAR "qaz vurub, qazan dolduracaq”

SOCAR

SOCAR maşınlara xüsusi avadanlıq quraşdırıb, sıxılmış qaz satacaq.Məqsəd yanacaq sərfiyyatına qənaət etməkdir.Məlumata görə "SOCAR Petroleum" QSC (SOCAR-ın "törəmə” şirkəti) 2018-ci ilin II rübündən Azərbaycanda sıxılmış qazın pərakəndə satışına başlayacaq.Beləliklə də "SOCAR” brendi altında fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrində sıxılmış təbii qazın ("Compressed Natural Gas", CNG) satışına başlamağı planlaşdırır.Şirkət nəqliyyat vasitəsinə CNG ilə işləməyə imkan verən xüsusi avadanlığın quraşdırılması xidmətini tətbiq edəcək.

Bu yeniliklər Azərbaycanın neft məhsullarının pərakəndə satışı bazarında ilk dəfə tətbiq edilir.Şirkət CNG-nin qiymət baxımından sərfəli alternativ yanacaq kimi müştərilərə satışına başlamağa qərar verib.Xüsusi olaraq yaradılmış xidmət mərkəzlərində avtomobillərə İtaliyada istehsal edilmiş keyfiyyətli və təhlükəsiz CNG-qurğular quraşdırılacaq."SOCAR Petroleum” artıq bu xidmətdən yararlanmaq istəyən şəxslərin qeydiyyatına başlayıb.Şirkətin mütəxəssislərinin hesablamalarına görə, CNG-dən istifadə avtomobil sahibinə hər 10 min kilometr üçün yanacaq sərfinə 600 manat qənaət etməyə imkan verəcək.

Hazırda Azərbaycanda "BakuBus” şirkətinin "Iveco" markalı sərnişin avtobusları "SOCAR Petroleum" şirkətinin 2015-ci il iyunun 3-də istismara verilmiş Zığ-Hövsan terminalında istehsal edilən CNG ilə işləyir.

Avtomobillərin qazla işləməsi təhlükəlidirmi? 

Yol-nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı "Cümhuriyət” qəzetinə bildirib ki, qazın özü olduqca təhlükəli bir mayedir. Bu mayedən istifadə yalnız qaydalar çərçivəsində mümkündür:

"Nəinki avtomobillərdə, eləcə də məişətdə qazdan istifadə edərkən tələb olunur ki, o qaydalara əməl edək. Avtomobillərdə qazdan istifadə dünyanın bir çox ölkələrində tətbiq olunur.Qardaş Türkiyənin özündə bu geniş yayılmış bir metoddur.Amma hər halda orada peşəkar mütəxəssislər var. Avtomobildə benzindən qaza keçirilməsi yüksək peşəkarlıq tələb edən bir işdir.Çünki benzinə nisbətən qaz balonundan istifadə edən avtomobillərin partlaması, alışması daha tez baş verə bilər.Yəni o baxımdan onu təhlükəsiz etmək üçün daha incə qaydalara qədər əməl olunmalıdır.Çünki adi bir zərbədən o qaz balonunun rezin borusu yerindən çıxsa, partlayışın baş verməsi qaçılmazdır.Yanacaq isə güclü izolyasiya olunub, mühafizə olunur”.

Ekspert qeyd edib ki, yanacaq baha olan ölkələrdə ucuz variantlara keçilir:

"Onlardan da biri sıxılmış qazdır. Azərbaycanda bu 10-15 il əvvəl çox geniş yayılmışdı. Bildiyimə görə onunla bağlı o qədər də təhlükəli hadisələr baş verməyib.Baş veribsə də, amma kütləvi hal olmayıb.Hər halda qənaət baxımından sürücülərə sərfəlidir. Sürücülər bundan faydalana bilər,  düzgün qaydada olsa lap yaxşı olar. İqtisadi çətinlik dövründə hamı vəziyyətdən çixiş yolu kimi hansısa bir addım atmağı düşünür.Görünür, SOCAR rəhbərliyi də sürücülərimizi düşünərək belə bir addım atıb.Bu bir biznesdir. Həm də qaz benzinə nisbətən ekologiyaya daha az zərər vurur. Sadəcə, konstruksiya məsələlərinə diqqət eləmək lazımdır. Qənaət baxımından da çox faydalı ola bilər. Amma hər avtomobil də bu vasitə ilə işləyə bilməz”.

Ekspert əlavə edib ki, taksilər də yanacaq kimi qazdan istifadəyə keçə bilər:

"Bildiyimə görə bu avtobuslarda bir qədər çətin məsələdir. Təcrübədə də rast gəlməmişəm.Ən çox o zaman taksilərdə tətbiq edirdilər.Müasir avtobuslarda əgər nəzərdə tutulursa, o zaman bu sistemdən yararlanmaq olar. O vaxt qazdan istifadə olunanda bunu kustar üsullarla hansısa sexdə quraşdırırdılar. Amma bu yaxşı üsul deyil.Bunu peşəkar fəaliyyət göstərənlərin ixtiyarına buraxmaq lazımdır ki, hansısa bir hadisə baş verəndə də onun yaxasından yapışmaq mümkün olsun”.

Qeyd edək ki, avtomobil.az saytında yer alan məlumata görə qazla işləyən avtomobilin bir sıra üstün cəhətləri var. Məsələn, belə avtomobillərdə tullantı qazları daha "təmizdir”: həmin qazlar insanların sağlamlığı və ətraf mühit üçün az təhlükəlidir (benzinlə işləyən avtomaşınlarla müqayisədə 2-3 dəfə az təhlükəlidir). Benzinin qiymətinin indiki səviyyəsini nəzərə alsaq, qazla işləyən avtomobillərdən istifadə iqtisadi cəhətdən də özünü doğruldur.Qaz bir çox başqa göstəricilərə görə də digər yanacaq növlərindən sərfəlidir.Məsələn, hər qaz kütləsi vahidinə düşən yanma istiliyi yüksək olduğuna görə yanacağa çəkilən xərclər azalır, detallara düşən gərginliyin azalması isə mühərrikin istismar müddətini uzadır, habelə yağın "yanması” da azalır. Bundan başqa, qazın saxlanıldığı balonlar öz quruluşuna görə yüksək təzyiq üçün nəzərdə tutulur və çox möhkəmdir ki, bu da qəza zamanı onların sınmasını istisna edir, halbuki yanacaq çənləri asanlıqla deformasiyaya uğrayır və onlardan sızan benzin asanlıqla alışa bilər. 

Bütün bunlarla yanaşı, avtomaşına qaz yanacağı avadanlığının quraşdırılması avtomobil həvəskarları arasında mübahisə mövzusu olaraq qalır.Qaz yanacağından istifadənin əleyhdarlarının əsas arqumenti ondan ibarətdir ki, qaz partlayış təhlükəsi doğurur və xoşagəlməz qoxu verir.Əslində qaz qatışığının iyi olmur, amma qaz sızmasını aşkara çıxara bilmək üçün onu "odorasiya” deyilən əməliyyata məruz qoyurlar, yəni ona spesifik qoxu verirlər.

Qaz yanacağından istifadə zamanı mühərrikdə səs-küy nisbətən az olur və detonasiya olmur. Bunun səbəbi odur ki, qazda oktan göstəricisi duru yanacağa nisbətən çoxdur (təxminən 100 vahid).Qazın özünəməxsus cəhətləri və yanacaq sisteminin konstruksiya xüsusiyyətləri ucbatından mühərrikin gücü 5-7% aşağı düşür və sürətyığma dinamikası pisləşir, amma avtomobil şəhərdə istismar edildikdə bu fərq o qədər də nəzərə çarpmır.Avtomaşında qaz yanacağı qismində məişət yanacağından istifadə etməyə dəyməz, onun təyinatı tamam başqadır.Balonun lazımi səviyyədən artıq doldurulmasına da yol vermək olmaz, çünki bu zaman təzyiq artır, bu isə təhlükəlidir.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları