Yuxarı

"Bahalı manat” iqtisadiyyata sərf etmir

Donald Tramp ABŞ prezidenti olduqdan sonra  dolların bahalaşmasına qarşı mübarizəyə başladı. Ekspertlər bunu Trampın biznes adamı olması ilə izah edirlər. Məlumdur ki, hər bir ölkədə baha valyuta iqtisadi aktivliyi azaldır. Ölkənin ixrac potensialına ciddi şəkildə təsir edir. Bu baxımdan həddindən artıq baha valyuta, əslində heç bir ölkəyə sərf etmir. ABŞ iqtisadiyyatı isə son dövrlərdə zəifləməyə doğru gedirdi. Bu prosesin qarşısını almaq üçün ABŞ ilk növbədə bütün iri istehsal şirkətlərini ölkəyə gətirdi. Bu fonda dolların dünya bazarında sürətlə bahalaşması ABŞ-ın zərərinə işləyən amil idi. 

Bu baxımdan mövcud hakimiyyətlə ABŞ Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Departamenti (FED) arasında ciddi fikir ayrılığı yaranmışdı. FED uçot dərəcəsini artırır, bu da dünya bazarında dolların mövqeyini gücləndirir. Bu isə iqtisadi inkişaf baxımından ABŞ hakimiyyətinin maraqlarına cavab vermir. Hətta ABŞ prezidenti Tramp bir müddət öncə FED-in apardığı maliyyə siyasətini sərt şəkildə tənqid etmişdi. Qeyd edək ki, FED müstəqil qurum olmaqla yanaşı müstəsna səlahiyyətlərə malikdir və prezidentin bu qurumuna heç bir halda müdaxilə etmək imkanları yoxdur. Buna görə də elə həmin zamanlarda FED rəhbəri Cannet Yellenin növbəti seçkilərdə əvəzlənəcəyi gündəmə gəlmişdi. Artıq bu quruma FED-in İdarəedicilər Şurasının üzvü Cerom Paeull rəhbərlik edəcəyi deyil. Təbii ki, dolların sürətlə bahalaşması digər ölkələr üçün təsirsiz ötüşmür. Dolların uçot dərəcəsinin birinci dəfə artırılması Azərbaycanda kəskin devalvasiya ilə müşahidə olundu. Ardıcıl devalvasiya ölkənin maliyyə, xüsusilə də bank sistemini iflic etdi. Hətta dollar bir müddət öncə 1.92 manata qədər bahalaşmışdı. Sonradan hökumət müxtəlif yollarla bu vəziyyəti müəyyən qədər tənzimləməyə başladı və 1.70 həddinə çatdırdı. Uzun müddətdir ki, dollar-manat münasibətləri məhz bu səviyyədə qalıb. Ekspertlər isə manatın "üzən məzənnə” rejimində olmasına baxmayaraq məzənnənin sabit qalmasını bir neçə amillə izah edir.

Birincisi, məzənnənin sabit qalmasını təmin etmək ilk növbədə yaranan ajiotajın qarşısını almağa hesablanmışdı. Oynaq məzənnə heç bir halda etibarlı qəbul edilmir. Devalvasiya zamanı manatla olan əmanətlərin sürətlə dollarla əvəzlənməsi də oynaq məzənnənin yaratdığı problem idi. Bu isə bazarda manat dövriyyəsinin azalmasına xidmət etdi. Sonradan manatın 1.70 məzənnədə, sabit qalması müəyyən qədər vəziyyəti düzəltdi. Bu proses Azərbaycan Mərkəzi Bankının (AMB) "inzibati” müdaxilələri hesabına tənzimləndi. Ölkənin iqtisadi siyasəti də məhz məzənnənin üzərində qurulub. İkincisi isə qeyri-neft sektorunun inkişafı məhz manatın məzənnəsindən asılıdır. Yəni, ölkənin ixrac potensialını artırmaq üçün manatın məzənnəsi böyük rola malikdir. Bu gün manatın dollar qarşısında bahalaşması qeyri-neft sektorunun inkişafına mane olur. 

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, manat bahalaşarsa, hökumətin qeyri-neft sektorunun inkişafı üçün atdığı həyata keçməyə bilər:

"Görünən odur ki, Azərbaycan hökuməti və Mərkəzi Bankı son aylarda məzənnənin aşağı həddinin "qırmızı xətti”ni çəkib. Yəni, hökumət manatın 1.70-dən daha çox möhkəmlənməsinə icazə vermir. Artıq 5 aydır ki, eyni situasiyanı görürük. Çünki həm Dövlət Neft Fondundan dollar şəklində ayrılan vəsait büdcəyə manat şəklində köçürüldüyündən daha möhkəm manat daha çox vəsaitin xərclənməsinə səbəb olur. Son vaxtlar isə Neft Fondunun vəsaitlərinə qənaət rejimi tətbiq olunub. Ona görə də hökumət və Mərkəzi Bank 1.70-dən daha möhkəm manat istəmir. Digər səbəb isə ondan ibarətdir ki, əgər doğrudan da biz qeyri-neft ixracatını artırmaq istəyiriksə, hökumət bununla bağlı planlar, proqramlar elan edib, müəyyən işlər görürsə, manat bahalaşdıqca bu planlar həyata keçməyə bilər. Çünki baha yerli valyuta ixracatı əngəlləyən əsas amildir. Bu dünyanın hər yerində belədir və iqtisadi qanunlar bu istiqamətdə işləyir. Bütün bunları nəzərə alsaq, hökumət manatın 1.70-dən möhkəm olmasında maraqlı deyil. Görünən odur ki, yaxın gələcəkdə də bu maraq olmayacaq”.

Ancaq ehtimal olunur ki, FED-də rəhbərlik dəyişikliyindən sonra bu qurum mövcud maliyyə siyasətində redaktələr edəcək və dünya bazarında dolların ucuzlaşmasına rəvac verəcək. Dollar dünya bazarında ucuzlaşarsa, bu, manatın bahalaşmasını zəruri edəcək. Bu isə proseslərin hansı yöndə inkişaf edəcəyini sual altına salır. Bütün hallarda hər şey FED-in ilin sonuna qədər keçirəcəyi toplantılarda verəcəyi qərardan asılı olacaq. Əgər dollar bahalaşarsa, yenə də manatın sabit qalması üçün Mərkəzə Bank əlavə maliyyə resursları xərcləmək məcburiyyətində qalacaq. Dollar ucuzlaşarsa da qeyri-neft sektorunun inkişafı üçün nəzərədə tutulan siyasətə redaktələr etmək zəruri olacaq.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları