Yuxarı

Azərbaycan bazarında təhlükəli pullar

Azərbaycan bazarında təhlükəli pullar

Rəşad Həsənov: "Kriptovalyutanın arxasında heç bir maddi ehtiyat və zəmanət dayanmır”

Bitcoinin qiyməti 7000 dollara yaxınlaşır. Bitcoinin qiyməti 6862 dollar təşkil edib. Dünyanın ən böyük birja şirkəti "CME Group"un Bitcoin ilə fyüçers əməliyyatlarına başlayacağını açıqlaması, Bitcoin-ə dəstək olub. Hesablamalara görə, Bitcoin bu il 573 faiz bahalaşıb. Bitcoinin əsl başgicəlləndirici bahalaşması son beş ildə baş verib. Virtual pul 2012-ci ildən günümüzədək 102 min faiz bahalaşıb.

İqtisadçı-ekspert Rəşad Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, virtual pulun dövriyyəyə daxil olması təxminən 2008-ci illərə təsadüf edir:

”Kriptovalyuta - virtaul (rəqəmsal) valyutanın bir növü olmaqla bərabər elektron ödəniş şəbəkəsidir. Bu, bir neçə nəfərin birlikdə təşəbbüsü nəticəsində formalaşmış bir yanaşma idi. Virtual pullar Azərbaycanda demək olar ki, hələ də tam qavranılmır, eyni zamanda çox az istifadə olunur. Təbii ki, ölkədə bitcoinin alışı-satışı ilə məşğul olan kiçik şirkətlər var. Amma məsələ ondadır ki, bu, geniş yayılmayıb. Ölkədə çox az adamda bitcoin var. Onlar daha çox online imkanlardan istifadə edərək bazarlardan bitcoinləri əldə edirlər. Ümumiyyətlə, beynəlxalq ictimaiyyət tərəfindən bu pulun gələcəyi ilə bağlı birmənalı fikirlər yoxdur. Yaponiya Mərkəzi Bankı bitcoinin rəsmi tədavülü ilə bağlı qərar qəbul etdi. Bank bu istiqamətdə ümumi bazanın formalaşdırılmasını təmin edir. Bu vəsaitləri ödəniş vasitəsi kimi qəbul edir. Baxmayaraq ki, ABŞ-da bitcoinlərin dövriyyəsi kifayət qədər böyükdür, amma hələ də müzakirələr gedir. O cümlədən, Federal Ehtiyatlar Sistemi rəsmi olaraq hələ də bitcoinin hansı formada güvənildiyini təmin edəcəyi məsələlərini tam təmin etməyib. Bu istiqamətdə müzakirələr hələ də davam edir. Avropa maliyyə institutları, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu tərəfindən bitcoinin sürətli bahalaşması ilə bağlı narahatlıqlar ifadə olunur. Əsas diqqət çəkən məqam ondan ibarətdir ki, bu valyutanın arxasında heç bir maddi ehtiyat və zəmanət dayanmır. Xüsusilə də maliyyə institutlarını narahat edən məqamlardan biri bundan ibarətdir ki, bu gün müəyyən qədər populyarlığın artması, bazarda valyutanın məzənnəsini kəskin artırır”.

İqtisadçı hesab edir ki, hansısa kiçik bir informasiya kriptovalyutaların dəyərini  kəskin ucuzlaşdıra bilər. O qeyd edib ki, bu istifadəçilərə böyük zərər gətirə bilər:

"Ona görə də beynəlxalq maliyyə institutları bazar iştirakçılarını davamlı olaraq məlumatlandırır. Hələlik bu istiqamətdə heç bir hüquqi addımlar atılmayıb. Dövlətin də bu istiqamətdə konkret mövqeyi yoxdur. Görünən odur ki, gələcəkdə kriptovalyutalar əsas ödəniş vasitəsi kimi geniş yayılacaq. Həmçinin ticarət dövriyyəsində bu vəsaitlərdən istifadə ehtimalları gün-gündən artır. Bəzi böyük şirkətlər artıq məhsullarını kriptovalyutalar müqabilində satmağa başlayıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçası olaraq gələcəkdə bu proseslərə hansısa formada qoşulmalıdır. Əks halda öz məhsul və xidmətlərinin satışında, eləcə də hansısa ödənişin təmin edilməsi məsələlərində çətinliklərlə üzləşə bilər”.

Rəşad Həsənov hələlik Azərbaycanda virtual pullara ictimai tələbin olmadığını da diqqətə çatdırıb:

"Çünki əhali az məlumatlıdır, dövriyyə də kifayət qədər kiçikdir. Bu baxımdan hələlik Azərbaycanda bu istiqamətdə hər hansı ictimai tələb formalaşmayıb. Hesab edirəm ki, bu da hökumətin bu istiqamətdə konkret addımlar atmamasının əsas səbəbidir. Amma gələcəkdə böyük ehtimalla qərarlar qəbul ediləcək. Bitcoinin dövriyyəsi və hüquqi məsələlərin həlli ilə bağlı qanunvericilik bazası formalaşdırılacaq”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları