Yuxarı

"Bank bazarı” boşalır

Ölkə ərazisində fəaliyyət göstərən 31 bankdan 14-ü zərərlə işləyir. Bu bankların 2017-ci ilin 9 ayı üzrə təqdim olunan hesabatlarında yer alıb.  Zərərlə işləyən bankların yaxın günlərdə bazarı tərk edəcəyi istisna edilmir. 2016-cı ildən etibarən başlayan bankların bağlanma prosesi bir müddət dayandırılsa da, bankların vəziyyəti bu prosesin yenidən başlayacağını aktuallaşdırıb. Digər tərəfdən bankların birləşmə məsələsi də son günlər gündəmdədir. İlin sonuna qədər bir neçə bankın birləşməsi haqqında müxtəlif fikirlər səslənir. 

Hətta Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev də mətbuata açıqlamasında ilin sonuna qədər 2 bankın birləşəcəyinin anonsunu vermişdi. Z.Nuriyev birləşəcək bankların adını açıqlamasa da, ehtimal olunur ki, bu "Rabitəbank” ASC və "Bank Respublika” ASC-dir. Ancaq "Rabitəbank” ASC 2017-ci ilin 9 ayının xalis mənfəətlə başa vurub. "Bank Respublika” ASC isə zərərlə işləyir. Qeyd edək ki, 14 bankın ümumi zərəri 140 milyon manata yaxındır. Ən çox mənfəət əldə edən bank isə Azərbaycan Beynəlxalq Bankıdır. Beynəlxalq Bank cari ilin 9 ayını 469 milyon 893 min manat xalis gəlirlər başa vurub.

Məlumdur ki, bankların bağlanma və ya birləşməsinə Maliyyə Bazarlarına Nəzarət Platası (MBNP) nəzarət edir. Ekspertlər hesab edir ki, Palata bankların bağlanmasında maraqlı deyil. Bu baxımdan zərərlə işləyən bankların digərləri ilə birləşmə ehtimalı daha yüksəkdir.

"Cümhuriyət” qəzetinə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli birləşmənin problemi həll etmədiyini deyib. Ekspert hesab edir ki, birləşmədən sonra da müəyyən proqramlar işlənməlidir:

"Əslində bankların kütləvi şəkildə birləşməsini və ya bağlanmasını gözləmirəm. Çünki bank sisteminə onsuz da güvən çox azdır. Bu bank sisteminə olan güvəni tamamilə yerlə bir edə bilər. Vətəndaşlar onsuz da bankda olan depozitlərini geri çəkirlər. Son məlumatlara görə 2017-ci ilin ilk 9 ayı üzrə 2 milyarda yaxın depozit banklardan çıxarılıb. Ona görə də birdən-birə bankların bağlanmasına və ya birləşdirilməsinə gedilsə, bu təşvişi  daha da artıra bilər. Amma hesab edirəm ki, addım-addım bu proses aparılacaq. Yəni, ayda 1-2 bankın bağlanması haqqında qərarların şahidi ola bilərik. Çox güman ki, bu ilin sonuna qədər 2 bankın birləşməsini görəcəyik. Son məlumatlara görə "Nikoil Bank” və "Accessbank”ın, "Rabitəbank” ASC ilə isə "Bank Respublika”nın  birləşəcəyi ilə bağlı danışıqlar gedir.

Proses davamlı olararsa, bank sektorunda bir neçə bankın azaldığını müşahidə edəcəyik. Amma sağlamlaşdırma təkcə birləşdirmədən ibarət deyil. Çünki banklar birləşəndə təkcə aktivlərini deyil, həm də problemlərini birləşdirirlər. Bütün bankların ən böyük problemi isə geri qaytarılması mümkün olmayan kreditlərdir. İki bank birləşirsə, onların problemli kreditlərinin həcmi də birləşəcək və onun idarəolunma məsələsi daha da aktuallaşacaq. Yəni, birləşmə qərarı sağlamlaşdırma yolunda atılan ilik addımdır. Bundan sonra müxtəlif addımlar atılmalı, dəstək proqramları həyata keçirilməlidir ki, bank ayağa qalxa və yenidən real iqtisadiyyatda kreditləşməni həyata keçirə bilsin. Bu olmasa, birləşmənin də ciddi xeyri olmayacaq”.

2017-ci ilin 9 ayını Azərbaycan Beynəlxalq Bankı 469 milyon 893 min manat mənfəətlə başa vurmasına da toxunan Natiq Cəfərli bildirib ki, bu bankın sağlamlaşması anlamına gəlmir: "Dövlət müəssisələrində çalışan insanların əmək haqqı və dövriyyəsi Beynəlxalq Bank üzərindən həyata keçirilir. Cərimə və bank ödənişlərinin də böyük əksəriyyəti bu bankın əməliyyatlarına aiddir. Hər əməliyyatda isə Beynəlxalq Bank bank xidməti haqqı götürür. Bunların toplamında Azərbaycan kimi ölkədə bir bankın 400 milyondan yuxarı mənfəət götürməsi problemi məsələ deyil. Yəni, bunun səbəbi Beynəlxalq Bankın sağlamlaşması və aktiv iqtisadiyyata qoşulması anlamına gəlmir. Bu bankın bazarda tutduğu hegemon mövqeyə görədir.

Hal-hazırda ölkədə büdcədən maliyyələşən 920 min insan, təqribən 1 milyon 300 min təqaüdçü var. Bunların əksəriyyətinə də Beynəlxalq Bank xidmət edir. Bu bank əməliyyatlarından isə az da olsa, mənfəət əldə edirlər. Digər tərəfdən Beynəlxalq Bank Mərkəzi Bankın keçirdiyi manat hərraclarında ən çox iştirak edən bankdır. Əlində olan vəsaiti kreditləşməyə yönləndirməkdənsə, qısa müddətli manat hərraclarının iştirakçısı olub, illik faizi 14-16 olan gəlir əldə edirlər. Yəni, göstərilən rəqəm Beynəlxalq Bankın aktiv fəaliyyətinin nəticəsi deyil. Bazarda tutduğu hegemon mövqeyə görə əldə etdiyi mənfəətdir”.

Vilayət Muxtar