Yuxarı

Hökumət yağla bağlı qərar verdi

Hökumət yağla bağlı qərar verdi

Fuad İbrahimov: "Qiymət məsələsinin təkcə gömrük tarifləri üzərində qurulması səhv yanaşmadır”

Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağlar, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-ədək azaldılıb.

Qərar dərc edildikdən sonra 30 gün ərzində qüvvəyə minir və 2019-ci il dekabrın 31-dək qüvvədə qalır. Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişikliklər iqtisadiyyat, vergi, maliyyə nazirliklərinin və Dövlət gömrük komitəsinin razılaşdırılmış təklifi əsasında edilib.

Qeyd edək ki, bir müddət əvvəl yağın qiymətinin kəskin bahalaşması əhalidə ciddi narazılığa səbəb olmuşdu. Yağın satışının ölkəyə idxal olunduğundan qat-qat baha satılması məsuliyyətindən boyun qaçıran Dövlət Gömrük Komitəsi bəyan edib ki, yağ ölkəyə 4 dollar civarında idxal edilir. Gömrük Komitəsi bununla da məsuliyyəti digər qurumların üzərinə ataraq, bahalaşmanın onlara aidiyyəti olmadığını bildirib. Bundan sonra 7 kərə yağı idxalçısı olan şirkətlər Gömrük Komitəsinin mövqeyinin əksinə bəyanat yaydı.

Bunlar "Delta Qrup C.O.” MMC, "Vest Produkt Marketinq” MMC, "Azərsun Holdinq” MMC, "Dinçer və Carçıoğlu” BM, "Gulistan Baku” MMC, "Veysəloğlu” MMC və "Lactalis Caspi” MMC kimi kərə yağı idxalçılarıdır. İdxalçılar istehlakçılara müraciətində qeyd etmişdilər ki, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir: "2017-ci ilin sentyabr ayında Yeni Zelandiyada kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfədən çox, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85 faizədək, 2017-ci ilin yanvar ayı ilə müqayisədə isə 30 faizdən çox artıb və hazırda bir ton üçün 6100-6200 ABŞ dolları arasında dəyişir. Bununla belə, artım tendensiyası davam edir. Lakin hazırda satışda olan kərə yağları 1 ton yağın qiyməti 5200-5450 ABŞ dolları olan vaxtlarda alınıb və Azərbaycana idxal olunmuş mallardır".

Maraqlıdır, Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması qiymətlərə neçə manat təsir edəcək?

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət” qəzetinə bildirib ki, yeni qərarın qiymətə heç bir təsiri olmayacaq:

"Hazırda Azərbaycanda qiymətin əmələgəlmə prosesinin vergi və gömrük rəsmiləşdirməsindən çox az asılılığı var. Bu gün ölkədə qiymətlərin formalaşması birinci sahibkarın özünün sığortalamasından irəli gəlir. Çünki sahibkar məhsulu valyuta ilə alıb Azərbaycana gətirdikdən sonra manatla istehlakçıya satır. O, satışdan əldə etdiyi vəsaiti mütləq dönərli valyutaya çevirməlidir ki, həmin məhsulu ölkəyə təkrar gətirsin. Sahibkar gətirdiyi məhsulun qiymətini maya dəyərindən bir qədər artıq qoyaraq özünü sığortalayır ki, manat qəflətən dəyərini itirsə, bundan ziyan çəkməsin və gəlir əldə etsin. Digər tərəfdən məhsulları istehlakçıya çatdıran şəbəkələrin – market, iri topdan və pərakəndə satış mərkəzlərinin də fəaliyyətinə diqqət yetirmək lazımdır. Öz növbəsində onlar səviyyələrinə uyğun qiymət spredində (investorun ticarət edərkən ödədiyi alış və satış qiyməti arasındakı fərq olan əməliyyat xərci) fərqi yüksək götürürlər. Ona görə edirlər ki, xərcləri artıb. Son illər manatın məzənnəsinin aşağı düşməsi faktını kənara qoyaq. Hazırda ölkədə mavi yanacağın, suyun, elektrik enerjisinin qiyməti qalxıb. Bu üç əmsal istər-istəməz marketlərin fəaliyyətinə təsir göstərir. Biz vergi sistemində şəffaflığı əldə edə bilmirik”.

İqtisadçının qənaətincə, bu gün vergi sistemində texniki təchizat, təminat müasir dövrün tələblərinə uyğun olmasına baxmayaraq sahibkarlar vergi orqanlarının fəaliyyətindən əziyyət çəkir, şəffaflığı tuta bilmirlər: 

"Ən başlıca göstərici odur ki, həmin məhsulu Azərbaycana gətirməkdə mütləq inhisarçılıqdan azad olunmalıdır. Bu halda Ukraynadan 5.80 manata məhsulu əldə edib, Azərbaycana 8.90 və ya 9 manata çatdırıb, nəhayət piştaxtalara 10 manata oyaraq əhalini təmin etmək olar. Söhbət ən yüksək keyfiyyətdə olan yağdan gedir. Əgər bu göstəricilər həm sahibkarların, həm də məhsulları istehlakçıya çatdıran şəbəkələrin, bir sözlə, alqı-satqı iştirakçılarının maraqlarına cavab vermirsə, heç vaxt məsələni köklü şəkildə həll etmək mümkün olmayacaq. Burada məsələyə kompleks yanaşmaq lazımdır. Qiymət məsələsinin təkcə gömrük taarifləri üzərində qurulması səhv yanaşmadır. Bu da ondan irəli gəlir ki, məsələyə düzgün qiymət verə bilmirik. Burada söhbət makroiqtisadiyyatdan gedir. Biz isə məsələyə belə yanaşırıq ki, gömrükdə rüsumlar aşağı düşsə, qiymətə təsir edəcək. Bu, mikroiqtisadi düşüncələr üzərində qurulmuş bir yanaşmadır. Ona görə də biz bu problemdən düzgün çıxa bilmirik. Çünki bu işə institusional səviyyədə baxmırıq”.

Fuad İbrahimov onu da əlavə edib ki, bаzаr iqtisаdiyyаtının özünə хаs оlаn gеnеtik əsаslаrı vаr: 

"Əgər hansısa bir məsələyə görə sərəncam və ya əmr verilirsə, o yerinə yetirilə bilmirsə, müəyyən müddətdən sonra həmin sərəncam ləğv olunub digəri ilə əvəz olunursa, artıq bu, bazar iqtisadiyyatının fiaskosudur. Yəni, bazar münasibətlərinin, eləcə də qarşılıqlı əlaqələrin, fikirlərin pozulduğu halda bu termin öz əksini tapır. Bu da makroiqtisadi tarazlığın pozulmasına gətirib çıxarır. Bunu kompleks şəkildə, mərhələli formada həll etmək lazımdır. Bütün sahələrdə ardıcıllıq pozulanda iş alınmır”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları