Yuxarı

Neft nə qədər qazanc gətirir?

Neft nə qədər qazanc gətirir?

Dünya birjalarında neft ucuzlaşır. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02 faiz azalaraq 57,34 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,11 faiz artaraq 64,20 dollar olub. Eyni zamanda Azərbaycan nefti bahalaşıb. Birjalarda "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 2,58 dollar və ya 4,06 faiz artaraq 66,20 dollar təşkil edib. Göründüyü kimi birjalarda "AzeriLight" markalı neftin dəyəri Brent, WTI markalı nefti üstələyir.

Maraqlıdır, birjalarda Azərbaycan neftinin bahalaşmasına səbəb nədir?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, "AzeriLight" markalı neftlə Brent markalı neftin arasında müəyyən fərqlər var: "Əvvəla "AzeriLight" markalı neft yüngül və az kükürdlüdür. Brent markalı neft də az kükürdlü, yüngül qrupa daxil olan neft növüdür. Amma məsələ burasındadır ki, London birjasında satılan neftin etalon markası Brent götürülür. Ona görə də Avropa bazarlarında qiymət formalaşmasında baza qiyməti kimi etalon marka olaraq Brent götürülür. Yəni, Avropa enerji bazarlarında satılan neft növlərinin qiyməti Brent markalı neftin etalon qiymətinə bağlanır. Bu gün London birjalarda göstərilir ki, Brent markalı neftin qiyməti 64,20 dollar, "AzeriLight" markalı neft 66 dollar civarındadır. İlk öncə müəyyən etmək lazımdır ki, bu qiymət hansı təslim şərti altında formalaşıb? Çünki "AzeriLight" markalı neft iki təslim şərtində satılır. Fond və Ceyhan. Ceyhanda gəmiüstü təslim qiymətidir.

Həmin qiymətə xam neftin yüklənməsi, administrativ, terminal və.s xərclər daxildir. Nəticədə Fond qiymətlərində bir rəqəm formalaşır. İtaliya limanında daşınma və malın sığortası satıcının hesabına formalaşır. Əgər Azərbaycan Dövlət Neft Şirkəti təslim şərti altında hər hansı bir dövlətə və yaxud alıcıya kontrakt əsasında neft həcmlərini tədarük edirsə, alıcının göstərdiyi son qəbul məntəqəsi göstərilir. Həmin limana qədər bütün xərclər mal göndərənin yəni, ARDNŞ-nin boynundadır. Hesab edirəm ki, 66 dollar Fond qiyməti deyil, bu, ola da bilməz. Bura daşınma, yükləmə, liman, administrativ, balans sığortası və digər xərclər daxildir. Eyni zamanda, malın alıcının son təyin etdiyi limana çatdırılma xərcləri də bura aiddir”.

Ekspertin qənaətincə bahalı neft amili iqtisadiyyatında enerji amili xüsusi rol oynayan ölkələrin iqtisadi həyatında canlanmaya təkan verir: "Azərbaycan da daxil olmaqla Vyana sazişinə qoşulan dövlətlərinin böyük əksəriyyəti neftdən asılıdır. Yəni, onların dövlət büdcəsinin böyük bir hissəsi neftdən gələn gəlirlər hesabına formalaşır. Buna görə də dünya bazarında neftin qiyməti nə qədər çox yüksək olarsa, neft ixrac edən dövlətlərin gəlirləri də bir o qədər çox olacaq. Neft satışından daxil olan vəsaitlər həmin ölkələrin sosial xərclərini, eləcə də digər öhdəlikləri qarşılamasını asanlaşdırır. Azərbaycan ucuz neft təcrübəsinin ağır nəticələrini 2014-cü ildən bu günə qədər yaşayır. Neft gəlirləri azaldıqca, sosial, investisiya xərcləri azalır və hökumətin digər islahatlar aparmaq imkanları məhdudlaşır. Bu, tək Azərbaycana yox, İrana, Səudiyyə Ərəbistanına, Rusiyaya, İraqa, eləcə də Vyana sazişinin iştirakçısı olan digər dövlətlərə də aiddir”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları