Yuxarı

Nazirlik ucuzlaşma anonsu verdi

Nazirlik ucuzlaşma anonsu verdi

Hökumətin qərarı ilə yağ idxalı üçün gömrük rüsumları 3 dəfə azaldıldığı bildirildi.  Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağlar, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-ədək azaldılıb. Qərar dərc edildikdən sonra 30 gün ərzində qüvvəyə minir və 2019-ci il dekabrın 31-dək qüvvədə qalır. Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişikliklər iqtisadiyyat, vergi, maliyyə nazirliklərinin və Dövlət gömrük komitəsinin razılaşdırılmış təklifi əsasında edilib.

Bu qərardan sonra yağın qiymətinin neçə manat civarında aşağı düşməsi barədə müstəqil ekspertlərin söylədiyi fikirlər haçalandı. İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, rüsum qiymətlərinin 3 dəfə azaldılması qiymətlərə 1- 2 manat civarında təsir göstərəcək: "Məsələn, kilosu 18 manat olan yağın qiymətinin 1-2 manat arası ucuzlaşması gözlənilir. Bu da qiymət həcminin ümumi dəyərinin 10 faiz həcmində ucuzlaşması deməkdir. Ucuzlaşma prosesini dekabr ayından görə biləcəyik. Əvvəl sahibkarlar ümumi dəyərin 15 faizi həcmində gömrük rüsumu verirdisə, indi 5 faiz həcmində gömrük rüsumu verəcəklər”.

İqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, ötən il kərə yağı və digər məhsulların idxal əməliyyatları üzrə 31,8 milyon dollarlıq mal qeydiyyata alınmayıb: "Rəsmi məlumatlara görə, ölkəyə 1 kq Yeni Zelandiya yağı 5 manat 34 qəpiyə idxal olunur. Rüsum endirildikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər. Gömrük rüsumu 15 faizdən 5 faiz endirildikdən sonra isə qiymətdə aşağıdakı dəyişiklik baş verə bilər. Malın rüsumla birlikdə dəyəri 5 manat 60 qəpik, ƏDV hesablandıqdan sonra gömrükdən çıxış dəyəri 6 manat 61 qəpik olur. Göründüyü kimi rüsumun 3 dəfə aşağı salınması hesabına 1 kq kərə yağı digər şərtlər nəzərə alınmadığı halda orta hesabla 63 qəpik ucuzlaşa bilər. Bu isə  kərə yağının satışında böyük endirimə gətirib çıxarmayacaq. Hesab edirəm ki, 1 aydan sonra başlayan 50-60 qəpiklik ucuzlaşma qısa müddətli dövrdə müşahidə olunacaq və çox keçmədən qiymətlər yenə də əvvəlki səviyyəsinə qayıdacaq”.

İqtisadçı-alim Vüqar Bayramov isə bildirib ki, rüsumun 3 dəfə və ya 10 faiz azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər: "Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz əlavə dəyər vergisi (ƏDV) ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq.

Bu isə o deməkdir ki, son güzəşt hər idxal olunan 100 min dollarlıq kərə yağında 11.8 min dollar fərq yaradacaq. Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq, bu halda Yeni Zelandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər. Dəyişikliyin gələn ay tətbiq edildiyini nəzərə alsaq, onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə edilə bilər".

İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev ”Cümhuriyət” qəzetinə bildirib ki, azad rəqabət mühitində tələb və təklif əsasında bazar iqtisadi prinsiplərinə uyğun olaraq müəyyənləşir: "Dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətindən başqa digər mal və xidmətlərin qiymətləri azad rəqabət mühitində bazar iqtisadi prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında müəyyənləşir. Ümumiyyətlə, kərə yağının qiyməti dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətləri sırasına daxil deyil. Yağın qiyməti dövlət tərəfindən tənzimlənməyən mal və xidmətlərin taarifləri kimi, azad rəqabət mühitində tələb və təklif əsasında bazar iqtisadi prinsiplərinə uyğun olaraq formalaşır. Şübhəsiz ki, gömrük rüsumlarının aşağı salınmasının bazara təsiri olacaq. Bu da yağın qiymətinin aşağı düşməsinə öz təsirini göstərəcək”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları