Yuxarı

Problemli kreditlər dalana dirənib

Problemli kreditlər dalana dirənib

Azərbaycanda vaxtı keçmiş kreditlər bu il oktyabrın 1-nə 1 milyon 857 min 100 manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə bu, sentyabrın 1-i ilə müqayisədə 33,1 milyon manat və yaxud 1,8 faiz çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 384,5 milyon manat və yaxud 26,1 faiz, son 1 ildə isə 259,8 milyon manat və yaxud 16,3 faiz artıb. Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,9 faiz olub. Bu nisbət avqustun sonunda 14,7 faiz, ötən ilin sonunda 9 faiz, ötən il sentyabrın sonunda isə 9,5 faiz təşkil edib. Problemli kreditlərin axırı necə olacaq?Vəziyyətin bu cür davam etməsi nəyə yol aça bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirilib ki, birinci devalvasiyadan sonra hökumətə dəfələrə müəyyən təkliflər verib:

"Təklif etdik ki, həm Mərkəzi Bank, həm hökumət, həm də kommersiya bankları birlikdə komissiya yaratsın. Beləliklə, devalvasiyalardan sonra iki dəfədən çox bahalaşan kreditlərin bütün yükünün vətəndaşların çiyninə düşməsinə imkan verməsin.Təəssüf ki, iki ildən çoxdur ki, hər ay problemli kreditlərin həcmi artır.Baxmayaraq ki, bura Mərkəzi Bankın problemli kreditləri daxil deyil.Onlar dövlət dəstəyi hesabına həmin problemi həll etməyə çalışırlar.Beynəlxalq Bankın 10 milyard manata yaxın problemli kreditini sildilər.

Bu bankın təqribən 3.2 milyard dollara yaxın xarici borcunu dövlət öz üzərinə götürdü.Həmin məbləğin də 2.3 milyard dolları birbaşa xarici borc, 1 milyard dollara yaxın isə Neft Fonduna olan borc idi.Beynəlxalq Bankla bağlı bu addımlar atıldı, amma digər banklarla bağlı heç bir önləyici tədbirlər görülmədi.Məsuliyyət bölgüsü olmadan bütün yük vətəndaşın çiyninə düşdü.Vətəndaşlar devalvasiyadan sonra iki dəfədən çox artan kreditləri və onun üzərinə hesablanan yüksək faizləri ödəyə bilmədi.Problemli kreditlər məsələsi getdikcə şişdi və bankların çevik işləməsi üçün ciddi problemlər yaratdı”.

İqtisadçı hesab edir ki, vəziyyətdən çıxış yolu kimi məsuliyyətin 3 hissəyə bölünməsi lazımdır:

"Devalvasiya Mərkəzi Bankın və hökumətin aldığı bir qərar idi. Bu zaman vətəndaşın dollarla götürdüyü kredit bir anda iki dəfədən çox bahalaşdı.Burada vətəndaşın günahı yoxdur.Dövlət atdığı addımlara özü cavabdehlik daşımalıdır.Eyni zamanda məsuliyyətin bir hissəsini Mərkəzi Bank, bir hissəsini hökumət, bir hissəsini banklar, bir hissəsini də vətəndaşlar öz üzərinə götürməli idi.Banklar anlamalı idi ki, vətəndaşları yüklədikcə vəsait geri qayıtmayacaq və daha da ağır duruma düşəcəklər.Amma təəssüf ki, bu addımların heç biri atılmadı və bütün yük vətəndaşın üzərinə düşdü.Əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, indi kreditin aylıq ödənişi ailənin gəliri qədərdir.Bu zaman isə vətəndaşın krediti ödəməsi mümkün deyil ki, bu da problemli kreditlərin sayını artırır”.

Natiq Cəfərli hesab edir ki, hökumət problemli kreditlərin həlli istiqamətində tədbirlər görməyə gecikib:

"Əgər tədbir görülməsə, problemli kreditlərin həcminin hər ay daha çox artacaq.Bu, həm bankların işini iflic edir, həm də vətəndaşlara ciddi problemlər yaradır.Hazırda məhkəmələrdə 70 faizdən yuxarı işlər məhz bank-vətəndaş çəkişməsinə aiddir.Burada məhkəmələrin də üzərinə böyük yük düşür.Həbs, məhkəmə, eləcə də cəzalar problemli kreditin həlli deyil”.

Yeganə Oqtayqızı