Yuxarı

Xidmət qurumlarında ixtisarlar başlayır

Xidmət qurumlarında ixtisarlar başlayır

Büdcə xərclərinin azaldılması və bəzi qurumların mənfəətlə işləməməsi dövlət qurumlarında ixtisarları zəruri edir.Gələn xəbərlərə görə, büdcə xərclərinə qənaət etmək üçün artıq bir sıra dövlət qurumlarında ixtisarlar edilməsi nəzərdə tutulur.Xatırladaq ki, işçilərin ixtisar olunması prosesinə ilk olaraq "Bakı Metropoliteni” QSC başlayıb.Belə ki, dekabrın 9-da "Bakı Metropoliteni” QSC-nin ixtisara düşən işçiləri qurumun qarşısında toplaşaraq etiraz ediblər.Qeyd edək ki, şikayətçilər "Bakı Metropoliteni” QSC-dən ümumilikdə 230 nəfərin ixtisara düşdüyünü bildiriblər.

Bu ixtisarların digər qurumlarda da aparılacağı söylənilir.Həmin fikirlərə görə, artıq "Azərbaycan Dəmir Yolları” QSC-də işçilərinin bir hissəsini ixtisar etməyə hazırlaşır.Qeyd edək ki, hələ 2017-ci ilin ilk aylarında qurum tabeliyində olan Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə maliyyə yardımının dayandırılması ilə əlaqədar yanvarın 1-dən təsərrüfat hesablı idarəetməyə keçməsi haqqında qərar vermişdi. Bununla yanaşı bir sıra tibb işçilərini ixtisara salan qurum, "Azərbaycan Dəmir Yolları”nın tibb işçilərinə ehtiyacı olmadığını bildirmişdi. Növbəti ildə də büdcə xərclərinə qənaət ediləcəyi artıq məlumdur. Bu baxımdan bu qurum da əvvəlki illərdən fərqli olaraq daha az dotasiya alacaq. Buna görə də adıçəkilən qurum artıq indidən xərclərini azaltmaq üçün ixtisarlara başlamağa hazırlaşır.

İşçilərini ixtisara salan qurumlar təkcə adıçəkilən qurumlar olmayacaq.Nəzərə alsaq ki, "Azərenerji” ASC hər ilin yekunlarında zərərlə işlədiyini açıqlayır.Onda ixtisarların "Azərenerji”dən də yan keçməyəcəyi məlumdur. "Azərenerji”ASC dövlətdən böyük məbləğdə dotasiya alan qurumlardandır. Onu da qeyd edək ki, bu qurum bazarda həm də tək inhisarçı qurumdur.Amma buna baxmayaraq "Azərenerji” ASC zərərlə işləyir.Məlumatlara görə, qurumun ilkin olaraq regional idarələrində ixtisarlar ediləcək.Qurumun bu prosesi 2018-ci ilin əvvəlinə qədər yekunlaşdıracağı bildirilir.

İşçilərin ixtisara düşməsinin "Azərişıq”dan da yan keçməyəcəyi haqqınd fikirlər mövcuddur.Bu qurumun da illik hesabatlarında zərərlə işlədiyi göstərilir. Həm büdcədən dotasiya alan, həm də Tarif Şurasının verdiyi qiymətlərlə əhaliyə enerji satan qurumun niyə zərərlə işləməsinə hələ də tam aydınlıq gətirilməyib. Rəqabətsiz mühitdə, tək inhisarçı qurumun zərərlə işləməsi ciddi problemlərin olduğunu göstərir."Azərişıq” QSC-nin də yeni ilin əvvəindən ixtisarlara start verəcəyi gözlənilir ki, bununla da qurum xərclərini azaltmağı hesablayır.

"Azəriqaz” İstehsalat Birliyinin də ixtisarlara gedəcəyi gözləntilər arasındadır.Ehtimallara görə ən ciddi ixtisarlar məhz bu qurumda aparılacaq.Bildirilir ki, "Azəriqaz” işçilərin çıxarılması ilə yanaşı, bir sıra rayonlarda qaz istismar sahələrini ləğv edəcək.Məlumatlara görə bu istiqamətdə artıq müzakirələr yekunlaşıb, yaxın günlərdə prosesə start veriləcək.

İşçilərini ixtisar edəcək qurumlar arasında "Azərsu” və "Azəristilik” ASC-nin də adı hallanır.Bu qurumlarda çalışan işçilərin bir çoxunun ilin sonuna qədər işdən azad olunacağı gözlənilir. Xüsusilə də ixtisarların adıçəkilən qurumların tərkibində fəaliyyət göstərən tikinti, xidmət və s. şirkətlərində aparılacağı bildirilir.

Qeyd edək ki, 1 milyon 500 min muzdlu işçinin 900 mindən çoxu dövlət büdcəsi hesabına maliyyələşən qurumlarda işləyirlər. Ekspertlər hesab edir ki, özəl sektorda çalışanlarla müqayisədə bu çox böyük disbalans yaradır.Bu da dövlət büdcəsinin böyük həcmdə yüklənməsinə səbəb olur.Adıçəkilən qurumların indi ixtisar yolunu seçməsi zamanında aparılan yanlış idarəetmənin səbəbidir.Bu qurumların xərclərə qənaət üçün işçilərini ixtisar etməsi isə zərurətdən doğan haldır.

Vilayət Muxtar