Yuxarı

"Bitcoin” dolları sıxışdırır

"Bitcoin”lə bağlı daha bir xəbərdarlıq FED sədri Janet Yellen tərəfindən edilib. Belə ki, ABŞ Mərkəzi Bankı FED-in sədri Janet Yellen, Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının ardından keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. Yellen, son günlər rekordlar qıran "bitcoin”lə bağlı mövqeyini bildirib. O çıxışında "bitcoin” sabit bir yığım və investisiya aləti deyil, çox spekulyativ bir aktivdir" ifadələrinə yer verib.

Janet Yellen sözügedən virtual pulun ödənişlər sistemində çox kiçik bir paya malik olması səbəbindən maliyyə sabitliyə risklərinin məhdud olduğunu vurğulayıb: "Bitcoin” hazırda ödəmə sistemlərində çox kiçik bir rol oynayır. Stabil bir dəyər mənbəyi, müəyyən bir zəmanəti, eləcə də tənzimləyicisi yoxdur. Olduqca spekulyativ bir aktivdir. Bankların, tənzimləyicilərin bu bazardakı iştirakçılarla, məxfilik və çirkli pul yuma qanunlarının pozulmadığından əmin olmaları lazımdır".

Yellen açıqlamasında FED-in hazırda rəqəmsal pul vahidini ciddi şəkildə qiymətləndirmədiyini, amma mümkün faydalarını araşdırdığını da deyib. FED sədri qeyd edib ki, "bitcoin” çirkli pulların yuyulmasında istifadə edilə bilər. O xatırladıb ki, bankların bu məsələdə öhdəlikləri var.

Virtual pul bankların kapitalına çevrilə bilərmi?

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında, FED sədrinin dediyi fikirlərin əksəriyyətinin həqiqətə uyğun olduğunu deyib: "Eynilə Janet Yellenin dediyi fikirlərin hamısı kağız valyutalara da aiddir. Guya ABŞ dollarının təminatı var ki?! Federal Ehtiyat Sistemi nə qədər istəyir dollar buraxır, amma onun heç bir təminatı yoxdur. 70-ci illərin əvvəlinə qədər dolların qızıl təminatı olub. Amma bundan sonra Amerika birtərəfli qaydada öhdəliyini pozdu, dolları qızıla dəyişmədi. Bu baxımdan "bitcoin”dəki problem eynilə bütün dönərli valyutalarda da var. Sadəcə, fərq ondadır ki, "bitcoin”in qiymətini bazar tənzimləyir. Amma dolların məzənnəsinə hər bir mərkəzi bank, xüsusən də FED təsir edir”. "Bitcoin”in qiymətinin bazar tərəfdən tənzimləməsi üstünlükdürmü?

Əkrəm Həsənov hesab edir ki, bu, "bitcoin”in üstünlüyüdür: "Bir var, istifadə etdiyiniz valyutanın məzənnəsi konkret hansısa bir şəxsdən asılıdır. Bir də var ki, məzənnə bazar tələbindən müəyyən olunur. Hesab edirəm ki, puldan istifadə edən şəxslər üçün daha yaxşıdır ki, ciblərində olan pul vahidinin dəyərini bir şəxs müəyyənləşdirməsin. Amma "bitcoin”in ən mənfi cəhəti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi, eləcə də vergidən yayınmadır. Bəli, bu, təhlükədir. Çünki dövlət pullarının üzərində pis-yaxşı öz nəzarəti var, amma "bitcoin” anonim valyutadır. Yəni, bu valyutadan kimin, necə istifadə etməsi görünmür”.

Ekspertin sözlərinə görə hazırda "bitcoin”in kapitallaşması 300 milyard dollardır: "Bu, hələlik dünya miqyası üçün elə də böyük həcm deyil. İlin əvvəlində "bitcoin”in qiyməti 1000 dollar deyildi, amma indi 18 min dollar civarındadır. Niyə FED rəhbəri indiyə qədər buna münasibət bildirmirdi? Çünki heç bir təhlükə görmürdü. Hələlik təhlükə böyüməsə də, bu tendensiya artan xətt üzrə davam edir. Əgər Yellen təhlükə görməsəydi fikir bildirməzdi. Təbii ki, "bitcoin”, eləcə də digər kriptovalyutalar dövlətlərin buraxdığı valyutalara, xüsusən də dollar üçün rəqibdir. FED rəhbərliyini ilk növbədə bu məsələ narahat edir ki, rəqib əmələ gəlib və güclənir. Hələlik "bitcoin”in qiyməti yüksəkdir, bu templə davam etsə, qarşıdakı bir neçə il ərzində ciddi rəqibə çevrilə bilər. Buna görə də FED "bitcoin”i, eləcə də digər kriptovalyutaları gözdən salmaq istəyir. Güman edirəm ki, istəklərinə də nail ola biləcəklər. Xanım Yellenin çıxışını bu istiqamətdə qiymətləndirirəm ki, Amerika "bitcoin”i aradan götürməyə hazırlaşır”.

Əkrəm Həsənovun qənaətincə, bütün təhlükələrə rəğmən "bitcoin” qlobal valyuta bazarına daxil ola bilib: "Mərkəzi banklar bundan qorxur. Guya "bitcoin” olmayanda çirkli pullar yuyulmurdu, terrorçuluq maliyyələşdirilmirdi?! Bunu digər valyutalar vasitəsilə də edirlər. Sadəcə olaraq, "bitcoin”də bu təhlükə daha çoxdur. "Bitcoin” qeyri-dövlət valyutasıdır. Ona görə də dövlətlər bu valyutaya qarşı daha çox qısqanclıqla yanaşır. İndiyə qədər kiçik və orta dövlətlər bu barədə dillənirdi, Amerika isə özünü elə aparırdı ki, sanki, bu, onun üçün ciddi deyil. Artıq FED rəhbəri də buna fikir bildirdisə, deməli, "bitcoin” həqiqətən də dünya valyuta bazarına daxil olub və ABŞ-ı ciddi narahat edir”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları