Yuxarı

Ermənistana müsəlman dəstəyi

Ermənistana müsəlman dəstəyi

Ermənistanla İran "Meghri" azad iqtisadi zonası yaradıblar. Ermənistan ərazisində yaradılmış bu zonanın açılış mərasiminə qatılan baş nazir Karen Karapetyan deyib ki, bu, biznesin inkişafına güclü təkan verəcək. Onun sözlərinə görə, bu zona İran iş adamlarına imkan verəcək ki, burada biznes qursunlar və istehsal etdikləri malları rahat şəkildə Avropaya və Asiya ölkələrinə ixrac etsinlər. Baş nazir deyib ki, burada mal istehsal edib İrana daşımaq üçün də gözəl imkanlar mövcuddur. Karapetyan bildirib ki, azad iqtisadi zonanın yaradılması işin yarısıdır, işin qalanı bu zonanın nə dərəcədə səmərəli istifadə edilməsindən asılı olacaq. Baş nazirin fikrincə, azad iqtisadi zona sərhədyanı bölgələrin qarşılıqlı ticarətini genişləndirməyə, turizmi inkişaf etdirməyə imkan verəcək.

Bu ilin 9 ayı ərzində İranla Ermənistanın ticarət dövriyyəsi 211 milyon dollar təşkil edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur. Bu iqtisadi zonada iş quranlar gəlir vergisi, ƏDV, aksiz vergiləri və gömrük rüsumlarından azad ediləcəklər. Yalnız mənfəət vergisi verəcəklər. İqtisadi inkişaf və Sərmayələr naziri Suren Karayan deyib ki, qarşıdakı bir neçə ildə "Meghri"də çalışan operatorların sayının 50-70-ə çatacağına ümid edir. Onların buraya 150 milyon dollaracan sərmayə qoyacaqları gözlənilir.

"İran Qüds məsələsində də saxtakarlıq edir”

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə açıqlamasında sözügedən layihənin yeni olmadığını bildirib:

"Bu, İran İslam Respublikasının işğalçı Ermənistana iqtisadi dəstəyinin daha bir nümunəsidir. Sirr deyil ki, Ermənistanın rəsmiləri, ayrı-ayrı QHT-ləri hamısı birmənalı şəkildə bildirir ki, əgər İran olmasaydı, rəsmi İrəvan çoxdan iflas edərdi. Belə çıxır ki, İranın Ermənistana bu sayaq yardımları Azərbaycan torpaqlarını da işğal altında saxlaya bilir. Başqa sözlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun işğal altında qalmasına İran yardım edir. Qüdslə bağlı İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitindən bir həftə keçməyib. Yaxud həmin sammitin qəbul etdiyi bəyannamənin mürəkkəbi qurumayıb. Həmin tədbirdə islam dövlətlərinin bir-birinə dəstək verməsi, onlara qarşı atılan ədalətsiz addımlara və.s kimi məsələlər müzakirə olundu. Belə olan şəraitdə İranın Ermənistana yardımına nə ad vermək olar? Deməli, İran Qüds məsələsində saxtakarlıq edir. Qüds məsələsi İran hakimiyyəti üçün fələstinlilərin girov saxlanılmasında bir vasitədir. Əgər İran səmimi olsaydı, Şuşa şəhəri də rəsmi Tehran üçün Qüds qədər müqəddəs olardı. Çünki bütövlükdə Qarabağ türk torpağı olmaqla yanaşı, həm də müsəlman torpağıdır. Burada yaşayanların böyük çoxluğu müsəlmandır. Qüds mədəniyyət mərkəzi olduğu kimi Qarabağ da Qafqazda mədəniyyət mərkəzidir. Üstəgəl, ən qədim sivilizasiya yerləri Qarabağdadır. Bunun bariz nümunəsi Füzuli rayonunda olan Azıx mağarasıdır. Bu qəbildən olan çoxlu sayda ocaqlar, pirlər, mədəniyyət mərkəzləri, o cümlədən, abidələr var. Qüds kimi  Qarabağa da  müqəddəs müsəlman torpağı kimi yanaşıb onu işğal edənə qarşı eyni formada müqavimət göstərilməlidir. Əgər məsələyə siyasi sövdələşmə kimi yanaşılırsa, o zaman saxtakarlıq ortaya çıxır. 1991-92-ci illərdən İran tərəfi Ermənistana yardım etdi və bu günə qədər də bu yardımları davam etdirir. Bu ayın əvvəllərində İran parlamentinin sədri Əli Laricani də bu məsələni vurğuladı ki, İran Ermənistanın səmimi dostudur. İran həmişə ona pənah gətirən dostlarına yardım edir. Daha sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanda səfərdə olanda bəyan etdi ki, Ermənistan bölgə üçün sabitlik örnəyidir. O, həmçinin qeyd edib ki, İran Ermənistanın ən yaxın qonşusudur. "Meghri" azad iqtisadi zonasının yaradılması da İranın Ermənistana etdiyi növbəti yardımdır. Çünki perspektivdə ermənilər həmin bazara Rusiyadan da iş adamlarını cəlb etmək istəyirlər. Beləliklə, bölgədə böyük bir ticarət mərkəzi açmağa nail olmaq istəyirlər. Bu isə Ermənistan iqtisadiyyatına yardım etməkdir. İşğalçı ölkənin iqtisadiyyatının güclənməsi, Qarabağın işğal altında olmasının ömrünü uzadır”.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər İrana "dur” deyə biləcək bir sanksiya verə bilərmi?

"İran  müsəlman dünyasında pozucu bir dövlətdir”

Ekspert qeyd edib ki, İƏT işsiz bir təşkilatdır: "BMT nədirsə, onun oxşarı da İƏT-dır. İƏT sadəcə olaraq, bəyanatlar verə və qətnamələr qəbul edə bilər. Bu təşkilatın sanksiya tətbiq etmək imkanı yoxdur. Etsə belə, kimsə ona əməl etməyəcək. İƏT-in 57 üzv dövlətindən hansı biri İrana qarşı sanksiya ilə çıxış edə bilər? Səudiyyə Ərəbistanı ilə İran arasında anlaşmazlıqlar var. Bunun da kökündə Amerika ilə münasibətlər durur. Səudiyyə Ərəbistanı Amerika ilə dostdur, İran isə Amerika ilə düşməndir. Həmin bu dostluq və düşmənçilik də hər iki dövlətin bir-birinə münasibətini həll edir. Səudiyyə Ərəbistanı Qüdsü öz ərəb dünyasının daxili işi bilir və buna kimsənin müdaxilə etməsinə imkan vermək istəmir. İran isə deyir ki, Qüds dünya müsəlmanlarının işidir və hamı buna münasibət bildirməlidir. Digər tərəfdən, Qüdslə bağlı Donald Trampın qərarının geri oxunması üçün Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, İran kimi hansı islam dövlətləri ABŞ-a sanksiya tətbiq edə bilər? Heç biri. Sanksiya tətbiq etsə belə, nə təsiri ola bilər? Eləcə də, İƏT-nın heç bir üzvü Qarabağla bağlı İrana qarşı heç bir sanksiya tətbiq etməz. Çünki islam, xristian, eləcə də yəhudi dövlətlərinin hamısının əli bir-birinin cibindədir, hamısı bir-birilə alver edir. Ona görə də ticarət bu tip müqəddəs məsələləri çox zaman kölgədə qoyur. Çox nadir hallarda bəzi dövlətlər bu tip məsələlərə qarşı çox sərt reaksiya verir. Məsələn, Pakistan Ermənistanı dövlət kimi tanımır. Eləcə də Türkiyə, Ermənistanı dövlət kimi tanısa da, amma işğaldan əl çəkmədiyi üçün sərhədləri açmır. Bu hadisələr Ermənistanın iqtisadiyyatına və ideoloji iddialarına təsir etmək gücündə deyil. Azərbaycanın ən yaxın qonşusu İrandır. Rəsmi Tehran çox gözəl bilir ki, Azərbaycan torpaqları işğal olunub. Amma İran nə Ermənistanın işğalçı olmasını dilinə gətirib, nə də ki, onunla əməkdaşlığı azaldır. İran hakimiyyəti müsəlman dünyasında pozucu bir dövlətdir. Bu pozuculuğun ən bariz nümunəsi Ermənistana münasibətində görünür. İran hakimiyyəti də, dövləti də saxtakardır. O, öz iddiası və hikkəsindən başqa heç nəyi müdafiə etmir. Əgər müdafiə etsəydi, Qüds də çoxdan azad olunardı, Qarabağın da işğaldan azad edilməsi istiqamətində xeyli işlər görülmüşdü”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları