Yuxarı

Baş bankir bu banklardan "əlini çəkib”

Baş bankir bu banklardan

"Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın iki bankının kreditləşməsinin baza qiymətləndirilməsi və uzunmüddətli depozit reytinqini endirib. "Moody’s” agentliyi "Bank Respublika”nın kontragent riskləri üzrə reytinqini B3 səviyyəsində təsdiqləyib. Eyni zamanda, ehtimal edilən kredit risklərini qarşılamaq məqsədilə ehtiyatların yaradılması istiqamətində bankın aktiv siyasəti kapitalın azalması səbəbinə əsaslanaraq, agentlik digər reytinqlərə də dəyişiklik edib.Bankın kredit qiymətləndirmə reytinqi B3-dən Caa1 səviyyəsinə endirilib.Agentlik bildirir ki, bankın səhmdarları nizamnamə kapitalını daha 10 milyon manat məbləğində artırmaq barədə razılığa gəliblər.Amma bu 2017-ci ildə baş tutmaya bilər.

"Moody"s”un açıqlamasına görə isə, "Bank Respublika”nın nizamnamə kapitalı dekabrın 1-nə 39,8 milyon manat təşkil edir və bu, normativdən (50 milyon manat) aşağıdır. Məhz bu səbəbdən bankın səhmdarları onun kapitalını artırmağa cəhd edirlər."Moody’s” qeyd edir ki, cari ilin 11 ayı ərzində bankın kredit portfeli 17 faiz azalıb. Bundan əlavə, "Moody"s” reytinq agentliyi "Bank of Baku”nun xarici və yerli valyutada kredit qabiliyyəti üzrə uzunmüddətli reytinqini "Caa1” səviyyəsindən "Caa3” səviyyəsinə endirib. Bankın gələcək perspektivi üzrə proqnoz da mənfidir. Agentliyin açıqlamasında bildirilir ki, reytinq qiymətləndrməsi "Moody"s”un bankın vəziyyəti ilə bağlı narahatlığını əks etdirir. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində "Bank of Baku”nun xalis zərəri 35,2 milyon manata çatıb ki, bu da məcmu kapitalın kəskin azalaraq dekabrın 1-nə 24,8 milyon manata çatmasına səbəb olub. Başqa sözlə, bankın məcmu kapitalı minimal normativ tələbdən (50 milyon manat) azdır.

Bankın I dərəcəli kapitalı və kapitalın adekvatlıq əmsalı 3,8 faiz (minimal tələb 5 faiz) və 7,3 faizədək (10 faiz) azalıb.

"Moody’s” xatırladır ki, cari ilin iyun ayında bankın səhmdarları 91 milyon manat səviyyəsində əlavə kapitallaşma ilə bağlı qərar qəbul ediblər, lakin kapitallaşma hələ də baş tutmayıb.Agentlik hesab edir ki, hələ bir neçə rüb "Bank of Baku” zərərlə işləməyə davam edəcək.Səhmdarlar əlavə kapital qoyuluşunu həyata keçirərsə, "Moody’s” bankın reytinqlərini

yüksəldə, reytinq üzrə proqnozu isə stabilləşdirə bilər.

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında, nəinki sözügedən iki bankın, hətta Azərbaycanda bir neçə bankın vəziyyətinin pis olduğun deyib:

"Bu ilin yay aylarında bir neçə bankla yanaşı, "Bank of Baku”nun və "Bank Respublika”nın da reytinqi aşağı salınmışdı. Artıq 2017-ci ildə ikinci dəfədir ki, beynəlxalq reytinq agentlikləri həm "Bank Respublika”nın, həm də "Bank of Baku”nun reytinqini aşağı salır. Müsahibələrimin birində həmin banklarla bağlı fikir bildirmişdim, həmin banklar da məndən Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət etmişdilər.Palata da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məndən şikayət etmişdi.Guya mən hər iki bank haqqında mənfi rəy formalaşdırıram.Sözügedən banklar əsasən əhaliyə kredit verməklə məşğul idi.Kimə necə gəldi kredit verdilər, indi də həmin kreditləri yığa bilmirlər. Amma onu da vurğulayım ki, prinsipcə həm "Bank Respublika”, həm də "Bank of Baku” təmizlik baxımından ən yaxşı banklardan biridir. Yəni, orada korrupsiya varsa belə, aşağıdır.Sadəcə olaraq, hər iki bank səhv kredit siyasətinin qurbanı oldular.Vaxtilə hər iki bankın çox peşəkar rəhbərləri olub.Həmin rəhbərlər bu iki bankda yaxşı sistemlər qurmuşdu. O rəhbərlər gedəndən sonra bank təsadüfi adamlara tapşırıldı. Yeni rəhbərlər elə bildilər ki, bankı idarə edə biləcəklər.Amma gedişat onu göstərir ki, onlar bankları idarə edə bilmədilər. Əgər səhmdarlar banka əlavə kapital qoya bilsələr, o zaman bu bankları xilas etmək mümkündür. Banklar əlavə səhmdar da tapa bilər.Xüsusən də "Bank of Baku” üçün əlavə səhmdar tapmaq çətin olmamalıdır.Çünki orada yaxşı sistem var, korrupsiya çox aşağı səviyyədədir.Əgər əlavə kapital qoya bilməsələr, təbii ki, banklar bu vəziyyətdə fəaliyyət göstərə bilməyəcək. Məntiqlə ya bağlanacaq, ya da başqa banka birləşdirilməlidirlər. Yəqin ki, növbəti ilin ilk aylarında vəziyyət məlum olacaq”.

"Xədicə Həsənovanın istefasını bank sistemi üçün itki hesab edirəm”

Ekspert "Bank Respublika”nın səhmlərinin Mərkəzi Bank sədri Elman Rüstəmovun olması ilə bağlı müzakirələrə də aydınlıq gətirib:

"Cəmiyyətdə bu tipli söz-söhbət həmişə olub. Amma Elman Rüstəmovun və yaxud onun hansısa qohumunun adı bu bankın səhmdarları sırasında yoxdur. Səhmdarlar sırasında başqa adamlar var. Azərbaycan reallığında adi bir haldır ki, bəzi şəxslərin adları göstərilmədən belə, banklara və ya biznesə sahib ola bilirlər. Ehtimal var ki, həqiqətən də belə bir fakt olub. Çünki 2006-cı ildən etibarən 11 il ərzində "Bank Respublika”nın idarə heyətinin sədri Xədicə Həsənova olub. Xədicə Həsənova "Bank Respublika”ya gəlmədən öncə Mərkəzi Bankın baş mühasibi olub. O, Elman Rüstəmova ən yaxın adamlardan biri idi. Bu səbəbdən də "Bank Respublika”nın Mərkəzi Bank sədrinin olmasına dair söz-söhbətlər var idi. Bilirik ki, Elman müəllim heç vaxt işçilərini kommersiya banklarında işləməyə qoymurdu.Mərkəzi Bankın hüquq departamentində şöbə müdiri işlədiyim vaxt kommersiya bankına gedəndə məni də qoymurdular.Hətta getmək istədiyim bankın da başına oyun açdılar.Belə edirdilər ki, Mərkəzi Bankın işçilərini heç kəs götürməsin.Xədicə Həsənova Mərkəzi Bankın rəhbərlərindən biri idi.Təəccüblüdür ki, Elman Rüstəmov onu belə asanlıqla buraxdı. Buna görə də həmişə şübhələr var idi ki, deməli, Elman müəllimin orada şəxsi maraqları olub ki, o, özünə yaxın adamlardan birinin həmin banka rəhbər getməyinə razı olmuşdu.

Qeyd edim ki, Azərbaycanın bank sistemində 5 peşəkar varsa, onun biri Xədicə Həsənovadır. Amma Xədicə xanım 2017-ci ilin əvvəlində "Bank Respublika”nın sədrliyindən istefa verdi. Xədicə Həsənovanın istefasını bank sistemi üçün itki hesab edirəm.Qənaətimcə, hazırda bank sistemimizdə ciddi problemlər var və Xədicə Həsənovanı dövlət səviyyəsində bu sistemin problemlərinin həll edilməsinə mütləq cəlb etmək lazımdır.Ölkənin belə şəxslərə ehtiyacı var. Xədicə xanımın getməsi mənim üçün bir işarədir ki, Elman müəllimin maraqları bu bankda bitib. Yəni, "Bank Respublika”da Elman Rüstəmova yaxın adam qalmadı. Xədicə Həsənovanın da peşəkarlığı onunla sübut olunur ki, məhz o gedəndən sonra "Bank Respublika” çökdü. O da ehtimal olunur ki, Elman müəllim də Mərkəzi Bankın simasında banka yardım etməkdən əlini çəkib. Hazırda "Bank Respublika”nın əsas səhmdarı Natiq Quliyevdir”.

""Bank of Baku”da ən çox pay sahibi İran azərbaycanlılarıdır”

"Bank of Baku”nun əsas səhmdarlarının azərbaycanlı iş adamı Rza Zərrab və digər iranlı iş adamlarının olması ehtimalına gəlincə, Əkrəm Həsənov bildirib ki, prinsipcə "Bank of Baku” ən yaxşı idarə olunan banklardan biri olub:

"Heç vaxt bu bankın tək sahibi olmayıb. Yəni, burada məhz payçılar olub.Bildiyim qədərilə İran azərbaycanlılarına məxsus "NAB” Holdingin bankda payı cəmi 35 faiz olub.Digər payçılar isə "Azpetrol”, Hikmət İsmayılov və Elkin İsayev adlı fiziki şəxslərdir.Burada heç kəsin üstün payı yoxdur. Doğrudur, bankda ən çox pay sahibi İran azərbaycanlılardır. Amma "NAB” Holdingin qərar qəbul etmək üçün tam səlahiyyəti yoxdur. Hesab edirəm ki, "Bank of Baku”nun reytinqinin aşağı düşməsi sırf Rza Zərrabla bağlı olsaydı, yəqin ki, pay digər səhmdarlara keçərdi”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları