Yuxarı

Neftə növbəti təhdid

Neftə növbəti təhdid

Dünya 2018-ci ildə batareya texnologiyaları sahəsində sıçrayışla qarşılaşacaq və nəticədə, ucuz elektrikli avtomobillərin kütləvi istehsalına başlanacaq. Bu isə, neftin ucuzlaşmasına səbəb olacaq. Ən güclü zərbə ilə Səudiyyə Ərəbistanı və Rusiya üzləşəcək. Bu proqnozla "Bloomberg" agentliyi çıxış edib. Agentlik qeyd edir ki, dünya bazarında neftin qiyməti 2020-ci ildə 20 dollar/barelə düşəcək. "Bloomberg" 2024-cü ildə neft qiymətlərinin 10 dollar/barelə qədər geriləməsini də istisna etmir. 2028-ci ildə isə qlobal neft sənayesində fəaliyyət göstərən iri neft şirkətlərinin iflas etməsi nəticəsində yaranacaq təşviş səbəbindən investorların bu sektordan kütləvi qaçışı gözlənilir.

Neftin qiymətinin 2015-ci ildən başlayaraq dünya bazarında düşməsi ABŞ-ın və Qərbin birbaşa Rusiyaya sanksiya tətbiq etməsi ilə bağlıdır. Analitiklərin qənaətincə, Krımın Rusiya tərəfindən ilhaqından sonra Şərqi Avropada, o cümlədən, Ukraynada Qərblə Rusiya arasında baş verən hərbi və geosiyasi qarşıdurma dünya bazarında neftin qiymətinin aşağı düşməsində əsas rol oynadı. Belə ki, ABŞ və Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar əslində, bu ölkənin dünya enerji bazarına çıxışını əngəlləmək məqsədi daşıyırdı. Demək olar ki, Qərb bu istəyinə nail olub. Nəticədə neftin qiyməti dünya bazarlarında 120 dollardan 35 dollara qədər endi. Bu isə Rusiyada Ümumi Daxili Məhsulun (ÜDM) azalmasına, işsizliyin artmasına, inflyasiyanın güclənməsinə, ölkə iqtisadiyyatının kiçilməsinə, real sektorun zəifləməsinə gətirib çıxarıb. 2017-ci ildə Rusiyada ÜDM 1.7 faiz azalıb. 2016-cı ildə ölkədə yoxsulluq həddində yaşayan insanların sayı 10 faiz artaraq 19.8 milyon nəfərə çatıb. Hazırda işsizlik Rusiya üçün ciddi problemdir. ABŞ-ın Rusiyaya qarşı davamlı sanksiyalar tətbiq etməsi onu göstərir ki, Qərb, o cümlədən, Amerika rəsmi Moskvaya qarşı bu siyasətindən yaxın perspektivdə əl çəkmək niyyətində deyil. Prezident Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Rusiyaya qarşı müəyyən qədər yumşaldıcı addımlar atacağı ehtimalları var idi. Ancaq xüsusilə, Konqresdəki sərt kurs tərəfdarları Ağ Evə ciddi təzyiqlər göstərməklə və əlavə sanksiyalar tətbiq etməklə, o cümlədən, prezident Trampın sanksiyalarla bağlı səlahiyyətlərini məhdudlaşdırmaqla Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasının qarşısını aldılar. Bu proses həm Fransadakı prezident seçkisində Makronun hakimiyyətə gəlməsində, həm də Almaniyada Xristian-Demokratların qələbəsindən sonra Avropa Birliyinin mövqeyində özünü göstərdi. Eləcə də Böyük Britaniya da bu siyasəti dəstəkləməkdə davam etdi. 

Rusiyada 2018-ci ilin martın 18-də keçiriləcək prezident seçkisində hazırkı dövlət başçısı Vladimir Putinin yenidən qələbə çalacağı gözlənilir. Bu isə onu göstərir ki, Rusiya hakimiyyətinin Qərblə münasibətlərindəki gərginlik və sərt xarici siyasi kursu davam edəcək. Bu da öz növbəsində Qərblə Rusiya münasibətlərinin gərgin olaraq qalmasını təmin edən əsas amillərdən birinə çevriləcək. Ukrayna böhranında və xüsusilə, Şərqi Avropada Qərblə qarşıdurmadan çəkinməyə və siyasi güzəştlərə getmək istəmədiyinə görə, Qərbin də sanksiyaları aradan qaldıracağı və Rusiyanın üzünü enerji bazarlarına açacağı inandırıcı görünmür.
Digər tərəfdən, Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra ABŞ özünün şist neftini dünya bazarına çıxartdı. 1975-ci ildə tətbiq olunmuş şist neftin məhdudlaşdırılmasına dair qanunun ləğvindən sonra ABŞ özünün ucuz neft ehtiyatlarını dünya bazarlarına çıxartdı. Bu isə dünyada neftin qiymətinə təsir göstərən əlavə amildir. Ekspertlər bildirirlər ki, dünya bazarında təklif tələbatı üstələdiyindən yaxın perspektivdə neftin bahalaşma ehtimalı azdır. Neft ölkələrinin düşdüyü böhrandan çıxmaq üçün orta hesabla neftin qiyməti minimum 70 dollar olmalıdır. OPEC-ə üzv və qeyri-üz dövlətlərin neft hasilatının məhdudlaşdırılmasına dair qərarının "qara qızıl”ın qiymətinin aşağı düşməsinə kömək etməməsi göstərdi ki, süni amillərlə neftin qiymətini artırmaq mümkün deyil. Bu, sırf siyasi amillərlə bağlı olan məsələdir.

Analitiklər hesab edir ki, Səudiyyə Ərəbistanı bu məsələdə ABŞ-ın mövqeyindən asılıdır. Avqust ayında Kral Salman bin Əbdüləziz əs-Səudun Rusiyaya səfərindən sonra belə fikirlər ortaya çıxdı ki, neftin qiymətinin qalxmasında hər iki ölkənin maraqları üst-üstə düşür. Eyni zamanda Səudiyyə Ərəbistanında gənc kral vəliəhd Məhəmməd ibn Salmanın hakimiyyətə gəlməsi gözlənilir. Məhəmməd ibn Salman da özünün "2030-a baxış” konsepsiyasını irəli sürür. O, hakimiyyətə gələcəyi təqdirdə həmin konsepsiyanı həyata keçirəcəyini bildirir. Bu konsepsiya isə ölkənin qeyri-neft sektorunun, təhsilin və digər sahələrin neftdən asılılığının azaldılmasını nəzərdə tutur. Əgər bu siyasət reallaşarsa, Səudiyyə Ərəbistanının iqtisadiyyatında neft öz əhəmiyyətli payını itirir. Bu məsələdə Səudiyyə Ərəbistanının siyasətini dəyişməsi, dünya bazarında neftin qiymətinə təsir göstərəcək. Məlumdur ki, Səudiyyə Ərəbistanı neft hasilatına və ixracına görə dünyada birinci yer tutur.

"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət” qəzetinə bildirib ki, "Bloomberg" agentliyi reallıqdan yox, daha çox siyasi maraqdan çıxış edib belə proqnoz verib: "Çünki neftin qiyməti 1 gün ərzində 1dollar da ola bilər. Necə ki, biz bunu 2016-cı ilin 20 yanvarında yaşadıq. Müxtəlif markalı neftin qiyməti 20 dollaracan ucuzlaşmışdı. Ancaq bütün dünyada neftin orta qiymət anlayışı var, hamı da ondan çıxış edir. Son 45 ildə brend markalı neftin ən ucuz qiyməti 1998-ci ildə olub - 14 dollar. "Bloomberg" agentliyinin elektrikli avtomobillərin kütləvi istehsalı neftin ucuzlaşmasına səbəb olacağı ilə bağlı verdiyi məlumat reallıqdan həddən ziyadə uzaqdır. Axı bütün neft şirkətləri oturub hesabat aparır. Ən yaxşı halda dünyada 1 milyard elektrikli avtomobillərin istehsalı 2030-cu ildə ola bilər. Bu isə, ancaq inkişaf etmiş ölkələrin və Çinin hesabına ola bilər. Digər tərəfdən, həmin avtomobilləri elektrik enerjisi ilə təmin etmək lazımdır. Həmin avtomobillər enerjini günəş enerjisindən götürməyəcək, bunu ənənəvi elektrik stansiyalarından götürəcək. Bu məsələ 5 il bundan öncə qaldırılıb ki, alternativ enerji evləri, sənaye obyektlərini, otelləri təmin etmək qabiliyyətində deyil”.

İ.Şaban onu da qeyd edib ki, "Bloomberg" agentliyinin proqnozunu daha çox siyasiləşdirilmiş informasiya kimi qiymətləndirir: "Oxşar proqnoz bundan öncə də Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrə tuşlanmışdı. Reallıqdan tamamilə uzaqdır. Vaxtilə neft kömürün alternativi kimi ortaya çıxıb. İndi dünya enerji balansında kömür hələ də ikinci yerdədir. Kömür 200 ildən artıqdır ki, dünya enerji balansında əvvəl birinci, sonra ikinci yerə düşüb. Hələ ikinci yerə heç qaz çıxmayıb. Doğrudur, kömürün qiyməti qazdan da ucuzdur. Çünki yeni enerji növləri çıxdığından kömürün qiyməti dünya bazarında təqribən 2.5 dəfə qazdan, 2.4 dəfə də neftdən ucuzdur. Bəlkə də 50, hətta 100 il keçəcək, nefti də bu aqibət gözləyəcək. Bu, yaxın və orta perspektivin proqnozudur”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları