Yuxarı

Neft ölkələrinə "proqnoz təzyiqi"

Neft ölkələrinə

Neft bazarından siyasi məqsədlər üçün istifadə edilir

Neftlə bağlı müxtəlif proqnozlar səslənir.Təbii ki, bu proqnozları iqtisadiyyatı neftdən asılı olan ölkələr narahatçılıqla izləyir.Bu baxımdan müxtəlif beynəlxalq agentliklərin neftin qiymətləri ilə açıqladığı proqnozlar heç də birmənalı qarşılanmır.Çünki 2018-ci illə bağlı açıqlanan proqnozlarda kifayət qədər ciddi fərq mövcuddur.Məsələn, "Seaport Global" 2018-ci ildə neft qiymətlərinin 20 dollar düşəcəyini və orta qiymətin ilin ilk yarısında 35 dollar/barelə çatacağını ehtimal edir. ABŞ-ın Energetika Nazirliyi isə gələn il üçün neft qiymətlərini 50.78 dollar/barel dəyərində olacağını bildirib. 

"Rothschild" şirkətinin vitse-prezidenti Paolo Skaroni (Paolo Scaroni) isə deyib ki, OPEC və Rusiya qiymətlərin 60 dollar/barel səviyyəsindən yuxarı həddə stabilləşməsi fonunda neft bazarındakı cari vəziyyətdən razıdır.Onlar bu sabitləşməni qorumaq üçün yaxın 12 ayda neft hasilatının azaldılması anlaşmasını davam etdirəcək. Azərbaycan hökuməti isə 2018-ci ildə "qara qızıl"ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə bu rəqəmin 40 dollara qədər enəcəyini proqnozlaşdırır. Göründüyü kimi, neft hasil edən ölkələr beynəlxalq reytinq agentliklərindən fərqli olaraq neft qiymətlərində kəskin ucuzlaşma, yəni 40 dollardan aşağı düşməyəcəyini deyir.Beynəlxalq reytinq agentlikləri isə neft qiymətlərinin daha kəskin ucuzlaşacağını, 10-20 dollar civarında olacağını proqnozlaşdırır.Bu baxımdan verilən proqnozlar birmənalı qarşılanmır və "şəxsi maraqlara xidmət edir” şəklində şərh olunur.Məlumdur ki, hər bir reytinq agentliyi müəyyən korporasiyaların maraqlarına xidmət edir və səsləndirdiyi proqnozlar da bu maraqlara xidmət edir.İctimai rəyi dəyişmək, neft ölkələrinə təzyiqlər və digər məqsədlər verilən proqnozların hansı ölçüdə şəkillənməsinin göstəricisidir.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində beynəlxalq reytinq agentliklərinin proqnozlarının siyasi təzyiq rolunu oynadığını deyib:

"Ümumiyyətlə, hər hansı bir şirkət, investisiya fondu proqnoz verəndə öz maraqlarını düşünür. Çünki gələn il üçün neft bazarında hansı oyun qurmağa çalışırlarsa, ya qiymətin düşməsinə, ya qalxmasına oynamaq istəyirlərsə, bununla bağlı informasiya axını yaradırlar. Bu informasiya axınının fonunda da öz məqsədlərinə çatmağa çalışırlar.Açığı son 5 ildə neft bazarı diletant oyunçuların da daxil olduğu bazara çevrilib. Dünyada hər il iri neft şirkətlərindən başqa, təxminən 30 milyon insan "Forex” üzərində neft alıb, satır. Bu kifayət qədər böyük bir rəqəmdir və 5 il öncə belə bir mənzərənin yaranacağı ağıla gəlməzdi. "Forex” platformasının geniş şəkildə yayılması, hətta insanların öz evindən belə reyderliklə məşğul olması bütün mal varlıqlarına təsir etdi.Amma əsasən də bu amil neftə ciddi təsir göstərdi.Aparılan hesablamalara görə bu platformada 1 gün ərzində alınıb-satılan neftin həcmi, ümumi istehsal olunan neftin həcmindən 1000 dəfə çoxdur. Deməli, bu spekulyativ bir bazardır və istənilən bir xəbər axını, yaradılmış rəy, fon qiymətlərə təsir göstərəcək. Amma nə qədər müxtəlif rəylər və proqnozlar səslənsə də, təbii ki, əsas olan iqtisadiyyatın tələb, təklif qanunudur və hasilatın hansı səviyyədə olmasıdır.Düşünürəm ki, gələn il də neftin qiymətlərinə təsir edən fundamental amil məhz bu olacaq”.

Ekspert beynəlxalq agentliklərin proqnozlarında hansı amillərin diqqətə alındığını da açıqlayıb. N.Cəfərlinin sözlərinə görə neft erasının bitməsi yeni texnologiyaların inkişafı ilə bağlıdır:

"Görünən odur ki, dünyada artıq 2 tezis yerini tutub, oturuşub. Yəni, ötən əsrin 90-cı illərində belə bir tezis var idi ki, neft tükənən nemətdir və ona görə də hər zaman baha qiymətə olacaq.Ancaq təxminən 2010-cu ildə bu tezis tamamilə boşa çıxdı.Çünki 2010-cu ildə sübut olundu ki, neft nəinki tükənmir, əksinə, neft ehtiyatları sürətlə artır.Yəni, 2010-cu ildə təsbit olunmuş neft ehtiyatları 90-cı illərdə təsbit olunmuş neft ehtiyatlarından 5 dəfə çox oldu.Baxmayaraq ki, bu dövr ərzində də neft hasil olunurdu.Amma bütün bunlara baxmayaraq neft ehtiyatları 5 dəfə artdı.Yeni texnologiyalar gəldi.Qaya neftinin dərin qatlardan çıxarılması, Arktikadan, Antaraktidadan neft yataqlarının tapılması onu sübut edir ki, bu tezis sıradan çıxdı.Yəni, neft getdikcə tükənəcək və qiyməti artacaq tezisi arxada qalıb.Digər önəmli məsələ isə bu idi ki, neft olmasa, bir çox sənaye sahələrinin inkişafı mümkün olmayacaq.Əsasən də enerji sahəsində, avtomobilin işləməsi üçün nefti əvəz edəcək texnologiyanın gəlməyəcəyi tezisi mövcud idi.Artıq bu tezis də yoxdu.Çünki artıq elektriklə işləyən avtomobillərdən tutmuş, hibridlə işləyənlərə qədər bu bazar genişlənir.

Avtomobil bazarında dünyada neft hasilatının 40 faizini təşkil edir.Getdikcə yeni texnologiyalar artdıqca, neftə tələbat azalacaq.Bu fundamental iki yanaşmanı üst-üstə qoysaq, gələcəkdə doğrudan da neftin qiymətinin aşağı düşməsi, ümumiyyətlə, neft erasının bitməsi daha da sürətlənə bilər.Ola bilər ki, 2018-ci ildə yeni texnologiyaların inkişafında növbəti mərhələyə qədəm qoyaq, növbəti elmi ixtiralar olsun.Bu da neftə tələbatı azaldacaq, hasilatı isə artıracaq.Bütün bunlar onu deməyə əsas verir ki, doğrudan da neft erasının sonu yaxınlaşır.Bəlkə də artıq sonu çatıb.Ancaq kütləvi şəkildə yeni texnologiyaların tətbiqi mümkün olmadığından neftə təlabat hələ ki var. Beynəlxalq təşkilatlar da əsasən bunu nəzərə alırlar.Yəni, elmin, yeni texnikanın, texnologiyanın inkişaf trendini nəzərə alırlar.Ona görə də çox zaman neftin qiyməti ilə bağlı pessimist proqnozlar verirlər”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları