Yuxarı

Nazirlər Kabinetinin güzəşt siyahısı

Nazirlər Kabinetinin güzəşt siyahısı

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən musiqi alətlərinin hissələri və ləvazimatları gömrük rüsumundan azad edilib. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən musiqi alətlərinin hissələrinə və ləvazimatlarına - musiqi alətlərinin simləri, fortepiano hissələri və ləvazimatları, musiqili sandıqçalarının mexanizmləri, mexaniki alətlər üçün kartlar, disklər, vallar, metronomlar, kamertonlar və səs ucalığı təsbit olunmuş bütün növ trubalara 3 faiz idxal gömrük rüsumunun tətbiqi nəzərdə tutulub. Qeyd edək ki, musiqi alətlərinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə qalıb. İl ərzində Nazirlər Kabinetinin qərarı ilə daha az istifadə olunan bir sıra mallar gömrük rüsumundan azad edilib. Demək olar ki, gömrük rüsumundan azad olunan mallar sırasında əhalinin yararına olacaq nəsə tapmaq mümkün deyil. 2017-ci il ərzində gömrük rüsumundan azad olunan malların siyahısına nəzər yetirsək, əhalinin az istifadə etdiyi malların çoxluq təşkil etdiyini görmək olar. Əsas çoxluq kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlarının, o cümlədən, ərzaq məhsullarının istehsalında istifadə olunan butulkaların və ya digər tutumların yuyulması və ya qurudulması üçün avadanlıqlar, ərzaq məhsullarının istehsalında istifadə olunan avadanlıqların hissələri, həmçinin toxumluq bir sıra bitkilər idxal gömrük rüsumundan azad edilib. Göründüyü kimi gömrük rüsumundan kənarda qalan mallar əhalinin yaşayış səviyyəsini yüksəldəcək səviyyədə deyil. İndi isə musiqi alətlərinin hissələri və ləvazimatları gömrük rüsumundan azad edilib. Yoxsul əhali gömrük rüsumundan azad edilən musiqi alətini nə edəcək? Bu ölkədə məcburi müalicəyə ehtiyacı olan yüzlərlə insan,  evsizlikdən əziyyət çəkən 10 minlərlə gənc ailə var., bu ölkədə ikiqat iş saatı ilə çalışıb əməkhaqqını ala bilməyən minlərlə insan var. Hələ kredit borcunun əsirinə çevrilmiş vətəndaşları demirəm... Maraqlıdır, Nazirlər Kabineti "güzəşt etmək” üçün başqa nəsə düşünə bilmədimi ki, gərəksiz, çox az istifadə olunan mallara güzəşt tətbiq edir?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, hökumət bir çox sahələrdə vergiləri artırdı, bir çox sahələrə isə yeni vergi dərəcələri tətbiq etdi:

"Artıq yanvarın 1-dən etibarən ölkəyə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri artırılacaq. Hər hansı beynəlxalq hesabatlar hazırlanarkən və yaxud da daxildə hər hansı siyasi ritorikada istifadə etmək üçün statistik balans anlayışına paralel olaraq artırılanlarla yanaşı, ləğv edilib azaldılanlar da olmalıdır. Hesab edirəm ki, statistik balansı qorumaq üçün belə addımlar atılır. Gömrük rüsumundan azad olunan malın heç bir məntiqi əsası yoxdur. Gömrük rüsumundan azad edilən musiqi alətləri iqtisadiyyata, eləcə də əhalinin xeyrinə müsbətə doğru ciddi müdaxilə hesab olunmur. Ümumiyyətlə, əgər Azərbaycanda musiqi alətlərinin istehsalı yoxdursa və yaxud da azdırsa, buna rüsum tətbiq etmək doğru yanaşma deyil. Bu, sırf statistik balans anlayışını qorumaq üçündür. Sabah beynəlxalq hesabatlar hazırlanarkən hökumət tərəfindən verilmiş arayışlarda qeyd olunacaq ki, başqa sahələrdə artım olubsa, digər sahələrdə də güzəştlər olub”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları