Yuxarı

FED-dən 2018-ci il sürprizi

FED-dən 2018-ci il sürprizi

ABŞ Mərkəzi Bankının funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Departamenti (FED) ötən il dolların uçot dərəcəsini hər dəfə 0,25 olmaqla 3 dəfə artırdı. Bununla da dollar indeksi dünya birjalarında yüksələn xətt üzrə davam etdi. 2017-ci ilin son iclasında FED rəhbəri Jannet Yellen açıqlama verərək, 2018-ci ildə də faiz artımına gedəcəklərini bəyan etdi. Qeyd edək ki, hazırda dolların uçot dərəcəsi 1, 75 faizdir.Ekspertlər hesab edir ki, 2018-ci ildə FED gözlənildiyi kimi ən azı 3 dəfə faiz artımına gedəcək.

Məlumdur ki, Azərbaycan manatı dolların təzyiqi ilə üz-üzədir. Belə ki, FED bu il də faiz artımına gedərsə, bu manat və digər dünya valyutaları üçün ciddi təhlükə yaradacaq. FED-in faiz artımına getməsi faktiki olaraq ABŞ iqtisadiyyatı üçün heç də əlverişli hesab olunmur.Çünki güclü valyuta ölkənin ixrac potensialını xeyli zəiflədir.Amma buna baxmayaraq, FED davamlı olaraq faiz artımına gedir.Ekspertlərin fikrincə, FED-in qərarı iqtisadi deyil, daha çox siyasi təzyiq xarakteri daşıyır.

"Wall Street" iqtisadçıları, ABŞ Mərkəzi Bankının (Fed) 2018-ci ildə cari proqnozlardan (3 dəfə) daha sürətlə hərəkət edərək 4 və ya 5 dəfə faiz artıra biləcəyini dilə gətirməyə başlayıblar.

Maraqlıdır, FED-in 2018-ci ildə sürprizləri nə olacaq?

İqtisadçı-ekspert Fuad İbrahimov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ABŞ-ın iqtisadiyyatla bağlı atacağı istənilən addım elə sürpriz ola bilər:

"Şübhəsiz ki, Wall Street" iqtisadçılarının dediyi proqnozlar baş tutarsa, bu dünya iqtisadiyyatında, əsasən də ABŞ dollarının digər dünya valyutalarına qarşı çox böyük trend əmələ gətirəcək. Əsasən də elektron ticarət bazarında hərəkətlənməyə səbəb olacaq.Belə olsa, o zaman manat da kənarda qalmayacaq.Müəyyən stasionar kənarlaşmalar vasitəsilə məzənnəni süni şəkildə saxlaya bilər.Belə olan təqdirdə manat da öz təsirini göstərəcək. 2017-ci ildə də FED rəhbərliyi çıxışlarında bir neçə dəfə işarə verdi ki, belə dəyişikliklər olacaq. Amma dediyi qədər olmadı.Bu çox güman ki, proqnoz şəklində də qala bilər”.

Ekspert neftin dünya bahalaşmasının dünyada dolların məzənnəsinə necə təsir edəcəyi məsələsindən də danışıb:

"Neftin bahalaşmasını dolların məzənnəsi ilə birbaşa əlaqələndirmək bir qədər mürəkkəb məsələdir. Amma müxtəlif fikirlər var. Hazırda ekspertlər də hesab edir ki, neftin qiymətinə İrandakı proseslər də təsir edir.Məlumdur ki, İran nefti tam həcmdə dünya bazarlarından çıxarıla bilmir. Ona görə ki, İrana qarşı müəyyən sanksiyalar  illər boyudur ki, tətbiq olunur. Müəyyən qədər də onlar dünya bazarına çox az miqdarda neft çıxara bilir. Birbaşa iqtisadi dövriyyəyə cəlb edilə bilmirlər.Bu prizmadan yanaşanda, onda belə çıxır ki, İrandakı vəziyyətin neftin qiymətinə elə də bir təsiri olmamalıdır.Ancaq bir iqtisadçı kimi apardığımız tədqiqatlara görə daha çox indiki neftin qiymətinə təsir edən amil elektron ticarət platformalarında, birjalarda həcm indikatorlarının dəyişilməsidir.Yəni ki, gələcək ticarət əməliyyatlarının həcmi kifayət qədər artıb deyə məhz bu formada həcm indikatorlarına əsasən bazar belə bir reaksiya verir və hazırda qiymətin bahalaşmasını müşahidə edirik.Bundan əlavə bu məsələni siyasi və digər motivlərlə də əsaslandırmaq olar”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları