Yuxarı

İqtidar-müxalifət münasibətləri sivil müstəviyə keçir?

İqtidar-müxalifət münasibətləri sivil müstəviyə keçir?

Azərbaycanda iqtidar-müxalifət münasibətləri hər zaman kənardan radikal formada görünüb. Hər iki tərəf bir-birini ittiham edib və müxtəlif məsələlərə kəskin şəkildə münasibət bildirib. Hər zaman belə davam edə bilərmi? İqtidar-müxalifət nümayəndələri sivil münasibət saxlaya bilməzmi? Əlbəttə ki, mümkündür. Elə son günlərdə iqtidar nümayəndəsi, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlaması hər iki düşərgədə müsbət qarşılandı. 

Qeyd edək ki, S.Novruzov Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin səhhətində yaranan problemlərlə bağlı jurnalistin sualına, "Əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək”-şəklində cavab verib. Bu yanaşma təbii ki, nümunəvi addımdır. Ümid edək ki, qarşı cəbhələrdə olanların siyasi münasibətləri də sivil müstəviyə keçəcək.

Məlumdur ki, bu təcrübə dünyanın bir çox ölkələrində var. Bizə yaxın olan və hətta televiziyalardan izləmək imkanımız olan Türkiyə buna bariz nümunədir. Türkiyədə iqtidar-müxalifət münasibətləri bütün zamanlar sivil müstəvidə qurulub və bu gün də eyni yanaşma mövcuddur. Siyasi proseslər - xüsusilə də seçki zamanı hər bir siyasi qüvvə, partiya və ya fərd mübarizəsini aparır, hədəflərini səsləndirir və qalib tərəfi hər kəs kimi müxalifət də qəbul edir. Eyni zamanda iqtidara gələn qüvvə də müxalifətə normal və sivil münasibət bəsləyir. Dövlət tədbirlərində, dövlətin maraqları tələb olunan müzakirələrdə müxalifət nümayəndləri, müxalifət liderləri də təmsil olunur və siyasi güc olaraq, onlar qəbul edilir. 

Əslində dəfələrlə sivil müxalifət təmsilçiləri bu cür təkliflərlə çıxış ediblər. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev açıq şəkildə dövlətçilik maraqlarına xidmət edəcək məsələlərdə iqtidarla bir masa arxasında müzakirələr aparmağın tərəfdarı olduğunu deyib. 

Bu gün ölkədə sivil münasibətlərin formalaşması çox vacib məsələlərdən biridir. Ancaq dövlət, xalq əleyhinə fəaliyyət göstərən qüvvələr buna hər zaman mane olublar. Şəxsi ambisiyalarına görə bütün zamanlarda radikal mövqedən çıxış etməyi üstün tutublar. Ənənəvi müxalifətin münasibətlərə bu prizmadan yanaşması isə müxtəlif xarici dairələrin sifarişidir. Bu artıq bir aksiomdur. 2013-cu il proseslərinə nəzər salsaq, bunu açıq şəkildə görmək mümkündür. Rusiyanın layihəsi olan Milli Şuranın fəaliyyəti və nəticədə fiaskoya uğraması deyilənlərin bariz nümunəsidir. 

Təbii ki, bu cür ənənəvi müxalifətlə, xarici dairələrə işləyən "liderlər”lə sivil münasibətdən danışmaq yersizdir. Məhz bu və bu kimi digər amillərdir ki, ölkədə iqtidar-müxalifət münasibətlərinin sivil qaydada formalaşmasına əngəl yaradır. Ona görə də sivil münasibətlərin formalaşması dedikdə, söhbət ölkəni sevməyən, şəxsi ambisiyasına görə hətta dövlətin dağılmasını belə qəbul edən müxalifətçilikdən getmir. Ancaq fəaliyyətini sivil formada quran, dövlət və xalq maraqlarından çıxış edən, cəmiyyətin qəbul etdiyi müxalifət iqtidarla normal məcrada münasibət qura bilər. Eyni zamanda, iqtidar da məhz normal və sivil müxalifətlə münasibət qurmalıdır.

Müxalifəti güclü olan iqtidar güclü olur. Bunu iqtidar nümayəndələri də bilməmiş deyil. Türkiyədə iqtidar-müxalifət münasibətlərinin sağlam şəkildə qurulması, lazımi məqamlarda hətta birgə fəaliyyət göstərməsi ümumi dövlət maraqlarının dünyada qəbul olunması deməkdir. Ona görə də YAP yetkilisinin Müsavat Partiyasının prezidentliyə namizədi olan İsa Qəmbər haqqında dediklərinə məhz bu prizmadan yanaşmaq lazımdır. Ümid edək ki, bu bir başlanğıc olacaq və yaxın gələcəkdə istər iqtidar, istərsə də müxalifət sivil qaydada münasibət saxlayacaqlar. Bu həm də dəyərlərin itirilməməsi anlamına gələcək. 

Vilayət Muxtar






Həftənin ən çox oxunanları