Yuxarı

Azərbaycanın neft hasilatı niyə azalıb?

Azərbaycanın neft hasilatı niyə azalıb?

2017-ci ildə Azərbaycanda neft hasilatı azalıb.Bu barədə məlumat OPEC-in yanvar ayı üzrə hesabatında yer alıb. Hesabatda qeyd olunub ki, ötən ilin dekabrında ölkədə neft hasilatı sutkalıq 0,01 milyon barel azalaraq orta hesabla 0,79 milyon  barel təşkil edib. "Ötən ilin yanvar-sentyabr ayları ərzində Azəri-Çıraq-Günəşlidə (AÇG) hasilat sutkalıq 0,59 milyon barel təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə sutkalıq 50 min barel azdır. Buna baxmayaraq oktyabr və noyabrda hasilat yüksək olub”. Bundan başqa, hesabatda 2018-ci il üçün neft hasilatı proqnozu da öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu il Azərbaycanda sutkalıq neft hasilatı 0,04 milyon barel azalaraq 0,76 milyon barel təşkil edəcək.

Yanvarın 19-na olan məlumata görə "AzeriLight” markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar və ya 0,11% azalaraq 70,85 dollar təşkil edib.

"Brent" markalı neft 68,65 dollara təklif olunub. Bu marka ötən gün 69,45 dollardan satılırdı. Qərbi Texas nefti də ciddi dəyər itirib. WTİ nefti 1 dollara qədər ucuzlaşaraq 63,17 dollardan təklif olunur.

Qiymətlərin düşməsinə əsas təsir edən amil ABŞ-da neft istehsalının sürətlə artmasıdır.Hazırda ABŞ-da 5 mindən artıq quyu fondu var. Mütəxəssislər bildirir ki, istehsalın artması qiymətləri ucuzlaşdıracaq.Proqnozlara görə fevral ayında ABŞ-da əksər neft yataqlarında əhəmiyyətli artım baş verəcək.Bu isə neft bazarlarında tarazlığın bərpa edilməsi cəhdlərini təhdid altına alacaq.Buna baxmayaraq, OPEC rəhbərliyi ABŞ-da 2018-ci ildə gözlənilən neft hasilatının artmasını neft bazarları üçün təhlükə hesab etmir. Ekspertlər hesab edir ki, əgər cari ilin sonuna kimi ABŞ-da gündəlik neft hasilatı 10 milyon bareli keçəcəksə, bu, sadə məntiqlə gündəlik idxal həcmlərinə təsir edəcək. Bu da ABŞ-a istiqamətlənməsi nəzərdə tutulan tədarük həcmlərinin trayektoriyasını dəyişməyə məcbur edəcək və son anda bazarda tələbatdan artıq neft həcmlərinin formalaşmasına səbəb olacaq.

Maraqlıdır, 2018-ci ildə Azərbaycanda neft hasilatının azalmasına dair proqnoz rəsmi Bakının OPEC qarşısında götürdüyü öhdəlikləmi bağlıdır, yoxsa ümumiyyətlə, ölkədə neft hasilatı azalır?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, Azəri-Çıraq-Günəşli (AÇG) yatağı 1997-ci ildən sənaye istismarındadır:

"AÇG yatağında ilk neft hasili 1997-ci ilin oktyabr-noyabr aylarına təsadüf edir. O dövrdən bu günə kimi yataqlardan kifayət qədər neft hasil olunub. AÇG yatağının pik hasilat dövrü 2009-2010-cu illərə təsadüf edir ki, o dövrdə Azərbaycanda ümumilikdə 50-51 milyon ton neft istehsal olunurdu.Hasilat ildən-ilə aşağı düşüb.Bu da yataqlarda pik dövrün arxada qalması ilə bağlıdır.Qarşıdakı illərdə Azərbaycanda neft hasilatında artım yox, azalmalar müşahidə olunacaq.Baxmayaraq ARDNŞ-nin neft hasilatı ehtiyatının ana xətti ölkədə illik neft hasilatını 40-41 milyon ton həddində saxlamaqdan ibarət idi.Amma buna baxmayaraq bundan sonrakı dönəmdə neft hasilatı azalacaq.Bu, Azərbaycanın OPEC qarşısında götürdüyü öhdəliklərlə bağlı deyil.Onsuz da Azərbaycanda neft hasilatı ilbəil azalır”.

Ekspert neft hasilatında məxsusi qanunauyğunluqların olduğunu da diqqətə çatdırıb:

"Sənaye istismarına verilən yataqlarda hasilatın pik dövrü var. Dünyanın bütün neft yataqlarında pik həddən sonra hasilat həcmləri azalmağa başlayır. Analoji fakt AÇG yataqlar blokuna da aiddir.Qarşıdakı illərdə adıçəkilən yataqda hasilat həcmlərinin azalması müşahidə olunacaq”.

Zəfər Vəliyev beynəlxalq katirovkalarda hər ixrac neft markasının öz qiymətlərinin olduğunu da deyib:

"Azərbaycan nefti yüngül neft qrupuna aid olduğuna görə təbii ki, onun satış qiyməti də yuxarıdır. Digər ixrac-neft markalarının hər birinin beynəlxalq bazarlarda satış qiymətləri fərqlidir.Azərbaycan nefti yüksək keyfiyyətli olduğuna görə onun qiyməti digər neft markaları ilə müqayisədə artıqdır”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları