Yuxarı

Banklar zaminsiz kredit girdabında

Banklar zaminsiz kredit girdabında

İstehlak məqsədilə rəsmiləşdirilən nağd pul kreditləri müştərilər tərəfindən ən çox tələbat olan bank məhsullarındandır.Lakin bu kreditlərin verilməsi bankların aktivlərinin keyfiyyətinə öz mənfi təsirini göstərir. Belə ki, iş yerlərindəki ixtisarlar, qiymətlərin artması, valyuta siyasəti, gözlənilməz xərclər və s. borcalanların ödəniş qabiliyyətinə təsir etməklə kreditlərin geri qayıtma tendensiyasına mənfi təsir edir.

Banklar istehlak kreditləri rəsmiləşdirən zaman müştəri məmnuniyyətini və loyallığı qorumaqla yanaşı, riskləri də düzgün tənzimləməlidirlər.Əks halda, bu kredit portfelinin keyfiyyətinin kəskin pisləşməsinə gətirib çıxara bilər.Riskləri tənzimləməyin bir sıra üsulları vardır. Bunlara misal olaraq daşınar və daşınmaz əmlakın kreditin girovu qismində götürülməsi, kreditlərin daha qısa müddətə rəsmiləşdirilməsi, skorinq sisteminin tətbiq edilməsini və s. göstərmək olar. Bu üsullar içində ən geniş yayılanlardan zamin tələbini qeyd edə bilərik.Banker.az monitorinq qrupu bankların girov tələb etmədən təklif etdikləri nağd istehlak kreditlərinə tətbiq etdiyi zamin tələbini araşdırıb.Araşdırma nəticəsində belə bir qənaətə gəlinib ki, banklar əsasən kredit məbləğinə və müştərilərin kredit tarixçəsinə əsaslanaraq zaminlik tələblərini müəyyən edirlər.

Təqdim olunan cədvələ əsasən banklar üzrə kreditin maksimal məbləği və şərtləri açıqlanıb.
Belə ki, ASB maksimal məbləğ 15000 AZN. 500 - 3000 AZN - 1 zamin tələb olunur, 3001 - 15000 AZN - 2 zamin tələb olunur.
NBC maksimal məbləğ 10 000 AZN.2500 AZN-dək zaminsiz kredit verilir. 2500-5000 AZN -  1 zamin tələb olunmur, 5000 -10000 AZN - 2 zamin tələb olunur.
Turan Bank maksimal məbləğ 5000 AZN. 2000 AZN-dək -  1 zamin tələb olunur. 2000 AZN-dən yuxarı -  2 zamin tələb olunur.
Rabitə Bank maksimal məbləğ 5000 AZN. 2000 AZN-dək  -  zaminsiz, 2001 - 5000 AZN - 1 zamin tələb olunur.
Nikoyl maksimal məbləğ 30 000 AZN. Maaş kartı Nikoyl Banka məxsus olduqda və əmək haqqı 300 AZN-dən çox olduqda -  məbləğ 5000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir. Maaş kartı digər banka məxsus olduqda -  məbləğ 3000 AZN-dən yuxarı olduqda 1  zamin tələb edilir.
Bank VTB maksimal məbləğ 10 000 AZN. Kreditin məbləği 3500 AZN-dən çox olduqda 1  zamin tələb edilir.
Kapital Bank maksimal məbləğ 20 000 AZN. Xüsusi hallarda zamin tələb edilə bilər; Hərbçilər üzrə zamin tələbi
Mayor və yuxarı rütbəli zabitlər -  zaminsiz; Kapitan rütbəli zabitlərə - 10 000 AZN-ə qədər zaminsiz. Digər hallarda -  1 zamin tələb edilir.
Unibank maksimal məbləğ 15 000 AZN.Zamin tələb olunmur.

Express Bank maksimal məbləğ 15 000 AZN.Kreditin məbləği 3000 AZN dən yuxarı olduqda, 1 zamin tələb edilir.

Bank Respublika maksimal məbləğ 10 000 AZN. Bankın xüsusi şərtlər tətbiq etdiyi şirkətlərin əməkdaşları üzrə - kredit məbləği əmək haqqının 3 mislindən və ya 5000 AZN-dən çox olduqda 1 zamin tələb edilir; Digər şirkətlərin əməkdaşları üzrə - kredit məbləği 3000 AZN-dən çox olduqda 1 zamin tələb edilir.

Bank of Baku maksimal məbləğ 10 000 AZN. Kredit tarixçəsi qənaətbəxş olan müştərilər üzrə: Kreditin məbləği 5000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir; Kredit tarixçəsi qeyri - qənaətbəxş olan müştərilər üzrə: Kreditin məbləği 3000 AZN-dən yuxarı olduqda 1 zamin tələb edilir. Rəsmi gəliri 2500  AZN (vergilər tutulmamış) və daha yuxarı olan müştərilər üzrə: Kreditin məbləği əmək haqqının 3 mislindən yuxarı olduqda 1 zamin tələb edilir;

Bank BTB maksimal məbləğ 5000 AZN.Kreditin məbləği 2000 AZN dən yuxarı olduqda, 1 zamin tələb edilir.
Azərtürk maksimal məbləğ 15 000 AZN.Məbləğdən asılı olmayaraq ən azı 1 zamin tələb olunur.
AFB maksimal məbləğ 10 000 AZN.5 000 AZN -dək - 1 zamin tələb edilir. 5 001-10 000-dək - 2 fiziki və ya1  hüquqi şəxsin zaminliyi tələb edilir.
AccsesBank maksimal məbləğ 20 000 AZN.Fərdi hallarda zamin tələb edilə bilər.

Yapikredi maksimal məbləğ 10 000 AZN. Zaminsiz kredit götürə biləcək şəxslər: Dövlət işçiləri, müəllimlər, xarici və yerli neft,rabitə,telekomunikasiya,IT və s. şirkətlərində işləyən şəxslər, bank işçiləri və Yapı Kredi Bank Azərbaycan-dan əmək haqqı alan müştərilər.

Zaminli kreditlərdə banklar zaminin üzərinə yüklənir, bəs zaminsiz kreditlərdə nə edirlər?

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, banklar üçün zaminin tələb edilməsi kreditlərin sığortalanması məqsədi daşıyır:

"Əslində banklar iki formada - zaminsiz və zaminlə kredit təklif etmək imkanına malikdir. Zaminli kreditlər kommersiya banklarına riskləri daha çox sığortalamaq imkanı verir.Əgər kredit götürən şəxs onu qaytara bilmirsə, o zaman təbii ki, zamindən həmin vəsaitin qaytarılması tələb edilir.Faktiki olaraq bu zaman kredit öhdəliyinə bir deyil, bir neçə nəfər məsul olur.Bank da düşünür ki, bütün hallarda ən azı onlardan birinin ödəmə qabiliyyəti olacaq.Beləliklə, bir fərdin ödəmə qabiliyyətindən istifadə etməklə krediti geri almaq mümkün olur”.

İqtisadçı qeyd edib ki, bank o zaman zaminsiz kredit təklif edir ki, həmin şəxsin kredit tarixçəsi yaxşı olur:

"Bu zaman maliyyə qurumu əmindir ki, həmin şəxs vəsaiti qaytara biləcək. Məsələn, kredit götürən iri şirkətdə işləyir, onun həm iş, həm də kredit tarixçəsi yaxşıdır. Həmçinin şəxsin işdən azadolma riski azdır və yaxud dövlət qurumunda elə bir vəzifədə çalışır ki, əməkhaqqısı yüksəkdir.Bu da ona imkan verir ki, kredit götürə bilsin.Təbii ki, bank şəxsin dövlət qurumundakı işini itirmə ehtimallarını da hesablayır.Adətən, işini itirmək ehtimalları az olan şəxslərə zaminsiz kreditlər təklif olunur. Zaminsiz kreditlər sadəcə, kredit götürənlə bank arasında bağlanmış bir müqavilədir.Bu baxımdan birmənalı şəkildə kreditlər üzrə zamin olmur.Kreditin qaytarılmasına onu götürən şəxs məsul olur.Kredit qaytarıla bilmədiyi halda bank şəxsin girovu varsa, onu satışa çıxardır, əgər girovu yoxdursa, yenə də həmin şəxsdən kreditin qaytarılmasını tələb edir.Əgər zaminsiz kredit verilibsə, həmin kreditin qaytarılmasında bir sıra çətinliklər var. Bu zaman bank digər şəxsdən krediti tələb etmək hüququna malik olmur”.

Araşdımaçı jurnalist Vilayət Muxtar "Cümhuriyət” qəzetinə bildirib ki, bankların kredit şərtləri devalvasiyadan sonra çox kəskin şəkildə ağırlaşdı. O, bunun səbəbini kredit portfelinin böyük bir hissəsinin problemlə üzləşməsi ilə əlaqələndirib:

"Bu baxımdan bankların belə bir addım atması başadüşüləndir. Ancaq bu da reallıqdır ki, bankların mövcud şəraitdə kreditlərə alternativ ola biləcək gəliri yoxdur. Bu baxımdan banklar kredit şərtlərini müəyyən qədər sadələşdirməyə məcburdurlar. Həmçinin mövcud şəraitdə bankların şərtlərinə uyğun gələn çox az sayda vətəndaş var. Bankların zaminsiz kredit təklifinə də məhz bu aspektdən yanaşmaq lazımdır. Onsuz da bankların tələb etdiyi sənədlər kifayət qədər təhlükəsizliyi təmin etməyə imkan verir.Zaminin olub-olmaması kreditin qaytarılmasında o qədər də önəmli rola malik deyil.Sadəcə olaraq, kredit problemlə üzləşdiyi zaman bankla borclunu tapa bilmirsə, zamin bank-müştəri arasında vasitəçiyə çevrilir.Zamin ancaq borcalan həyatını itirdiyi zaman kreditin qaytarılmasında məsuliyyətli tərəfə çevrilir.Digər hallarda, yəni borcalan sağdırsa, zaminin heç bir məsuliyyəti yoxdur.Məlumdur ki, bu gün banklar verdikləri kreditləri sığortalayır.Bu isə o anlama gəlir ki, əgər borclu həyatını itirərsə, bankın zərərini sığorta şirkəti qarşılayacaq.Bütün bunlar onu deməyə əsas verir ki, zamin kredit verilməsində o qədər də önəmli rola malik deyil.Bankların bu cür xırda, ancaq cəlbedici təkliflərlə çıxış etməsi normal haldır.Əgər bank bazarda qalmaq istəyirsə, mütləq qaydada maliyyə-kredit siyasətini bərpa etməlidir.Bunun üçünsə bu cür gedişlərdən istifadə etmək vacibdir”.

V.Muxtar hesab edir ki, əgər banklar kredit götürən şəxsin gəlir və xərclərini düzgün hesablasa və müştərinin gəlirlərinə adekvat olan həcmdə kredit ayırsa, nə borcalan, nə də maliyyə qurumu problemlə üzləşməz:

"Bütün hallarda isə kredit siyasətinin bərpa olunması üçün kredit faizlərinin aşağı salınması vacibdir. Çünki hazırda bankların tətbiq etdiyi faiz dərəcəsi bazar qaydalarına uyğun deyil.Çünki hazırda heç bir sahə, nə biznes, nə də digər sahələr həmin faizlərə uyğun gəlir gətirmək iqtidarında deyil.Bu da kredit portfelinin ciddi şəkildə aşağı düşməsinin əsas səbəbidir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları