Yuxarı

Nöqsan da var, yoxlama da: Baş nazirin kabineti isə susur

Nöqsan da var, yoxlama da: Baş nazirin kabineti isə susur

Hesablama Palatası 5 qurumda apardığı auditin nəticələrini açıqlayıb.Yoxlanılan qurumların hamısında dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində pozuntulara yol verildiyi bildirilir. Söhbət Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi, Dənizkənarı Bulvar İdarəsi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Nazirlər Kabineti yanında olan digər dövlət qurumlarından gedir.

"Cümhuriyət” qəzeti xəbər verir ki, Palatanın monitorinqi zamanı Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların auditi zamanı da nöqsanlar aşkar edildiyi açıqlanıb. Audit idarəyə ayrılmış 66454,5 min manat vəsaiti əhatə edib. 

Palata bildirir ki, idarədə müsabiqədənkənar işə götürülmüş işçilər dövlət qulluğuna qəbul olunub, onlara dövlət qulluqçularından ötrü nəzərdə tutulmuş təminatlar verilib.Mükafatların, məzuniyyət ödənişlərinin artıq hesablandığı, vəzifə maaşlarının qanunsuz artırıldığı də iddia olunur.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsində də nöqsanların tapıldığı vurğulanır.Palatanın məlumatında yazılır ki, Salyanda pensiya təyinatı, ödənişi üzrə ərizələrin qeydiyyata alınması, onlara baxılması və pensiya təyinatının aparılmasında nöqsanlara yol verilib. Salyanda audit zamanı monitorinqlərin təşkil edildiyi, ailə tərkibi haqqında düzgün məlumat verilmədiyi, pay torpağından gəlirlərin nəzərə alınmadığı kimi nöqsanların üzə çıxdığı da bildirilir.

"Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində (ASC) isə büdcədən subartezian quyularının layihələndirilməsi və tikintisindən ötrü ayrılan vəsaitlərin istifadəsi audit edilib. Auditin nəticələrinə görə, 762 ədəd subartezian quyularının layihələndirilməsi və tikintisindən ötrü 50,8 mln. manat ayrılıb. 762 ədəd subartezian quyudan 612-si təhvil verilib.Subartezian quyularının hər biri üzrə potensialda 25-30 hektar torpaq sahəsinin suvarılması nəzərdə tutulub.Ancaq bu tələblərə əməl edilmədiyi açıqlanıb.

Baş nazir rahat, problemlər isə...

Xatırladaq ki, Hesablama Palatasının bundan əvvəl Təhsil Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, ümumiyyətlə, Nazirlər Kabinetinin strukturuna daxil olan bir sıra hökumət qurumlarında apardığı monitorinqlər zamanı ciddi nöqsanlara, dövlət büdcəsindən ayrılmış maddi vəsaitlərin mənimsənilməsinə, yaxud səmərəsiz istifadəsinə dair faktlar aşkar edib. 

Ümumiyyətlə, son illərdə Palatanın yoxlama apardığı bütün dövlət qurumlarında ciddi nöqsanlar aşkar edilir.Lakin bütün hallarda aradan qaldırılmayan bu problemlər nə baş nazir - Nazirlər Kabinetinin rəhbəri Artur Rəsizadəni narahat edir, nə də bu nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Hesablama Palatasının 2 iləvvəl kabinetə daxil olan ayrı-ayrı qurumlarda üzə çıxardığı problemlər də həll edilməmiş qalır.

Adı var, özü yox...

Əlbəttə, problemlərin niyə həll edilmədiyi Bakının Bayıl ərazisində sürüşmə baş verərkən Artur Rəsizadənin davranışından da məlum oldu. Paytaxtın sürüşməyə meyilli və konkret olaraq sürüşmə zonalarındakı təhlükəli vəziyyətlərə göz yuman Artur Rəsizadəni heç bir halda hadisə yerində görmək mümkün olmur. Yer yerindən, göy göydən oynayanda da baş nazir özündə təpər tapıb yerindən qalxmır.Qaldı ki, qurumlarda aşkar edilmiş nöqsanların aradan qaldırılmasına, Artur Rəsizadənin bu kimi məsələlərin həlli ilə məşğul olmadığı hələ o, bu postda əyləşdiyi ilk gündən məlum idi.Həmişə lazım olmayan və gözlənilməyən tədbirlərdə görünən baş naziri bu illər ərzində yalnız bir neçə dəfə Gürcüstana səfər etdiyini, yaxud da müxtəlif hazırlanmış qərarlardakı imzalarından görmüşük.Lakin onun ölkənin ümumi problemlərinin həllində nə qədər səmərəli olduğunu açıq formada görsək də, dövlət qurumlarına təsir etmək baxımından hansı imkanlara malik olduğu haqda bir təsəvvür yoxdur.Görünən budur ki, ya Artur Rəsizadə nazirlərlə və qurumların rəhbərlərinə qarşı həddən artıq loyal davranır, ya sözünün kəsəri yoxdur, ya da onun əyləşdiyi post formal xarakterə malikdir.Əslində  Artur Rəsizadə isbat edib ki, Azərbaycanda baş nazir kimi fəaliyyəti ümumiyyətlə, yoxdur, o, ictimai-siyasi sferada cərəyan edən hadisələrə yanaşmada heç bir təsir imkanına malik deyil. 

Problemlər hədəqəsindən çıxır, yenə də...

Hökumətə daxil olan qurumlar ciddi tənqid hədəfinə tuş gələndə,  islahatların keçirilməsi iə bağlı fikir və təkliflər ortada olanda belə, Artur Rəsizadənin istefaya göndəriləcəyi barədə ehtimallar özünü doğrultmadı. Demək olar ki, hər ay, hər il - Artur Rəsizadə bu posta təyin ediləndən nəzəri olaraq istefaya göndərilir. Əlbəttə, Artur Rəsizadənin adı digər dövlət məmurları, yaxud dövlət adamlarından fərqli olaraq  korrupsiya məsələrində hallandırılmır. 

Nə  də gizli biznesinin olduğuna dair faktlar və ehtimallar var. Amma onun susqunluğu və fəaliyyətsizliyi bu ölkəyə ən az hər gün öz qanunsuz əməllərinə görə adları medianın gündəmindən düşməyən oliarx-məmurlar qədər problemlər yaradır. Belə desək, həll edilməmiş problemləri hədəqəsindən çıxarır.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları