Yuxarı

Bankların milyonluq yalanı: Nizamnamə kapitalını çox göstərirlər

Bankların milyonluq yalanı: Nizamnamə kapitalını çox göstərirlər

Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir.Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir.Hazırkı qaydalara əsasən, bankın məcmu kapitalının minimum miqdarı 50 milyon manat məbləğindədir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum məbləğinə tələb 50 milyon manatadək artırılmışdı. Yeni kapital tələbinə uyğunlaşmaq üçün banklara 1 yanvar 2014-cü il tarixədək müddət verilmişdi. Lakin bank kreditor və əmanətçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, bütövlükdə bank sektorunun maliyyə sabitliyinin qorunması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 14 noyabr 2013-cü il tarixli qərarı ilə həmin müddət 01 yanvar 2015-ci ilə qədər uzadıldı və bununla da banklara 1 il möhlət verildi. Mərkəzi Bankın məcmu kapitalla bağlı banklara qoyduğu vaxt 2015-ci ildə bitsə də, banklara güzəşt məqsədilə həmin vaxt qeyri-müəyyən vaxta qədər uzadılıb.

2017-ci ilin nəticələrinə görə, məcmu kapital üzrə bankların renkinqi aşağıdakı kimidir. Azərbaycan Beynəlxalq bankı - 524 342, Kapital Bank - 299 885, Paşa Bank - 257 545, Xalq Bank - 256 139, AtaBank - 141 110, Express Bank - 140 000, Bank Silkway - 113 404, Nikoil Bank - 95 597, ASB Bank - 78 180, Naxçıvanbank - 72 877, Muğan Bank - 70 316, Bank Melli İran - 69 284, TuranBank - 68 623, Unibank - 67 488, AFB Bank - 66 546, YapıKrediBank - 64 076, Ziraat Bank - 62 955, Günay Bank - 60 210, Rabitəbank - 58 735, Bank Avrasiya - 58 469, NBC Bank - 55 795, Bank BTB - 53 657, AzərTürkBank - 53 186, Bank VTB - 50 097, AmrahBank 44 647, AG Bank 44 572, AccessBank 43 593, Bank Respublika 26 678 , Bank of Baku -24 611, Pakistan milli bankı - 10 155.

Bəzi ekspertlərin verdiyi məlumatlara görə nizamnamə kapitalını 50 milyon AZN-ə qaldıra bilməyən banklar aşağıdakılardır: NBC Bank - 45 065, Günay Bank - 43 529, Ziraat Bank - 40 117, Bank Avrasiya - 37 699, Bank Melli İran - 36 587, Pakistan milli bankı - 10 213, AmrahBank 44 647, AG Bank 44 572, AccessBank 43 593, Bank Respublika 26 678 , Bank of Baku -24 611. Analitiklər hesab edir ki, banklar bilərəkdən nizamnamə kapitalını yuxarı göstərir.

Bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, məcmu kapitalı 50 milyon manatdan az olan bankların sayı daha çoxdur:

"Banklar maliyyə hesabatlarında müəyyən fəndlərdən istifadə edərək kapitallarını çox göstərirlər. Əslində isə məcmu kapitalları azdır.Hazırda ölkədə nizamnamə kapitalını 50 milyon AZN-ə qaldıra bilməyən bankların sayı çoxdur.Pakistan milli bankına nəzər salsaq ilk öncə qeyd edim ki, Azərbaycanla Pakistan hökuməti arasında razılıq var. Yəni, bu bank məcmu kapitalının azlığına görə bağlanmayacaq.Buna görə sözügedən bankın bağlanması gözlənilmir.Çünki bu sahədə dövlətlər arası razılıq var. Bu barədə təxminən iki il öncə məlumat yayılmışdı”.

Hüquqşünasın sözlərinə görə əslində məcmu kapital tələbini pozan bankın lisenziyası ləğv edilə bilər: "O halda ki, bankın başqa cür sağlamlaşdırılması mümkün deyil. Amma böyük ehtimalla məcmu kapitalı nəzərdə tutulan həddən aşağı olan banklar birləşə bilər.Yəni, bu ehtimalı da yaddan çıxarmaq lazım deyil.Əslində məcmu kapital bankın sağlamlığını göstərən yalnız bir meyardır.Təbii ki, başqa meyarlar da var. Məsələn, hesab edirəm ki, Ziraat Bankın elə də böyük problemi olmamalıdır.Onlar üçün məcmu kapitalı artırmaq çətin deyil.Prinsipcə sağlam bankdır və mən gözləmirəm ki, orada hansısa problem olsun.

Böyük ehtimalla məcmu kapitalı aşağı olan banklar digər banklara birləşəcək.Məcmu kapital nisbi şeydir.Ola bilər ki, bankın kapitalı 50 milyon manatdan aşağıdır, amma sağlam bankdır.Bankın pulu azdırsa, borcu da azdır.Bank da var ki, kapitalı çoxdur, amma verdiyi kreditləri geri ala bilmir.Ona görə məcmu kapital bankın sağlamlığına və yaxud qeyri-sağlamlığına dəlalət edən meyarlardan biridir”.

Əkrəm Həsənov Azərbaycanda ən iri məcmu kapitalı olan bankın Beynəlxalq Bank olduğunu deyib:

"Amma nə olsun? Beynəlxalq Bank çox qeyri-sağlam bir bankdır.Bu baxımdan bankların məcmu kapitalını rəhbər tutmaq olmaz.Amma hər bir halda bankların məcmu kapitalının 50 milyon manatdan yuxarı olması qanunvericiliyin tələbidir və buna riayət etmək lazımdır”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları