Yuxarı

Avropanın neft asılılığı: Ağ Ev, yoxsa Kreml daha qorxuludur?

Avropanın neft asılılığı: Ağ Ev, yoxsa Kreml daha qorxuludur?

ABŞ neft "tacı”nı Rusiyanın əlindən alır. ABŞ-ın frekinq sənayesi əsl bum yaşayır. Tezliklə Amerika hasil edilən neft həcminə görə dünya lideri Rusiyanı geridə qoyacaq. Ötən ilin noyabr ayında ABŞ sutkalıq 10 milyon barel göstəricini keçib. ABŞ-ın energetika nazirliyinin son məlumatına əsasən, bu il istehsalın 10,6 milyon barelə çatacağı gözlənilir. Birləşmiş Ştatlar bir nömrəli neft dövləti olmaq yolunda irəliləyir. Artıq Səudiyyə Ərəbistanına çatan Amerika tezliklə Rusiyanı da geridə qoyacaq. Bu gün Rusiya müəssisələri sutkada 11 milyon barel neft istehsal edir.

"Focus” nəşri yazır ki, bu tendensiyanın xüsusilə, Qərb ölkələrinə ciddi təsiri olacaq. Belə ki, sonuncular OPEC şeyxlərindən və Rusiya prezidenti Putin kimi avtokratlardan daha asılı vəziyyətdə olmayacaq.

Maraqlıdır, Avropa üçün ABŞ yoxsa Rusiya neftindən asılılıq daha yaxşıdır?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, 2018-ci ildə ABŞ-da sutkalıq neft hasilatının sürətli dinamika ilə artacağını heç kim proqnozlaşdıra bilmirdi: "Əlbəttə, proqnozlar verilirdi ki, 2018-ci ildə ABŞ-da sutkalıq hasilat həcmlərində əhəmiyyətli artımlar olacaq. Hazırda ABŞ-da sutkalıq neft hasilatı 10 milyon 265 min bareldən yuxarıdır. Dünya neft statistikasına istinadən ABŞ bu göstərici ilə Rusiyadan sonra ikinci yerdə dayanır. Hazırda Rusiyanın sutkalıq neft hasilatı 10.9 milyon bareldir, Səudiyyə Ərəbistanında isə 9.9 bareldən bir qədər yuxarıdır. ABŞ-ın energetika nazirliyinin statistik göstəricilərini ciddi qəbul etsək, görərik ki, ABŞ sutkalıq neft hasilatına görə dünyada Rusiyadan sonra ikinci dövlətə çevrilib. Yəni, Amerika artıq dünyanın aparıcı neft oyunçularından biridir. Çünki bazarlar nə OPEC-dən, nə də Vyana sazişi çərçivəsində OPEC-lə əməkdaşlıq edən dövlətlərdən daxil olan enerji informasiyalarına deyil, ABŞ-dan daxil olan enerji statistik göstəricilərinə fokuslanıb.

ABŞ-ın anbarlardakı neft həcmlərinin səviyyəsi bazara birbaşa təsir göstərir. Hesab edirəm ki, ABŞ-ın dünya bazarına çıxardığı neft həcmləri həm qiymət, həm də tədarük sxemi baxımından digər dövlətlərlə müqayisədə daha üstün mövqeyə malikdir. Başqa sözlə, ABŞ-da neft hasilatı artdıqca, idxal həcmləri aşağı düşəcək. 2005-ci ildə ABŞ-ın sutkalıq neft idxalı 12 milyon 500 min barel olub. Hazırda bu göstərici 7.5 milyon barelə düşüb. Deməli, çox qısa müddətdə 4 milyon bareldən çox gündəlik idxal həcmləri müşahidə olunur. Belə ki, əgər 2005-ci ildə 12.5 milyon barel idxal edirdisə, indi 7.8 milyon bareldir. Deməli, dünyanın ABŞ-a istiqamətlənmiş neft həcmləri artıq trayektoriyasını dəyişməyə və yeni müştəri bazarları axtarmağa məcbur olur. Həm Səudiyyə Ərəbistanının, həm ABŞ-ın, həm də Rusiyanın enerji nazirləri iddia edirlər ki, Amerikada artana neft hasilatı dünya bazarlarında destabilzasiya rolunu oynaya bilməz. Bu, tamamilə yanlış fikirdir. Son iki ilin göstəricilərinə əsasən bazarları təhdid altına alan amillərdən biri Amerikada şist neft hasilatıdır”.

Ekspertin qənaətincə, Rusiyanın Avropada kifayət qədər oturuşmuş müştəri bazarı var: "Malın çatdırılması və qiymət siyasəti baxımından Rusiyanın müəyyən üstünlükləri var. Amma Rusiya neftinə olan tələbat Avropa neft emalı zavodlarında aşağı düşür. Çünki Rusiyanın həm Baltik, həm də Qara dənizlərinin ixrac limanlarından Avropa bazarlarına çıxarılan "Urals” markalı neftinin keyfiyyət göstəriciləri Plas nəşriyyatının tələblərinə cavab vermir. Belə ki, Rusiyanın "Urals” markalı neftinin tərkibində mexaniki qarışıqların faizlə miqdarı nəşriyyatın tələblərindən bir neçə dəfə yuxarıdır. Bu, Rusiya neftinin Avropa bazarlarında satışına mane olan əsas amillərdən biridir.

Həmçinin neftin indiki qiymətləri fonunda Avropadakı neft emalı zavodlarının emal marjı həddən artıq aşağı düşüb. Çünki Yaxın Şərq ölkələrindən Avropa bazarlarına həm hidrotəmizlənmiş dizel yanacağı, həm də soba mazutu çıxarılır. Ona görə də Avropa bazarlarında Rusiya ixrac neftinə olan tələbat aşağı düşəcək. Neft bazarlarında tarazlıq yaratmaq üçün ilk öncə yüngül və ağır neftin arasında tarazlıq bərpa olunmalıdır. Elə strategiya qurulmalıdır ki, bazarlarda nə yüngül, nə də ağır neftin qıtlığı yaransın. Çünki emal zavodları bu iki neft markasının qarışığından istifadə edirlər. Bu baxımdan hələ ki, ABŞ-ın ixrac həcmləri ilə Rusiyanın ixrac həcmləri müqayisə edilə bilməz. ABŞ ortalama bir gündə dünya bazarlarına 1.5 milyon barel neft ixrac edir. Amma Rusiya gün ərzində dünya bazarlarına 5.5 milyon bareldən çox neft ixrac edir”.

"Əgər dünya neft bazarları Rusiya neftindən imtina edərsə...”

Zəfər Vəliyev onu da vurğulayıb ki, Krım hadisələri və Ukraynanın ərazi bütövlüyünü təhdid altına alan cəhdlərdən sonra Rusiyanın beynəlxalq vəziyyəti bir qədər çətinləşib: "Təbii ki, ABŞ Rusiyaya sanksiya tətbiq edib. Amma məsələ belədir ki, əgər Rusiyanın neft ixracına məhdudiyyət qoyulsa, onda neft bazarlarında tarazlıq tamamilə pozular və neftin qiyməti görünməmiş səviyyəyə qalxar. Əgər dünya neft bazarları Rusiya neftindən imtina edərsə, bazarlarda kəskin neft defisiti müşahidə oluna bilər. Bu baxımdan Rusiya neftinə məhdudiyyətin qoyulması inandırıcı görünmür. Çünki balans pozula bilər. 2018-ci ilin dünya üzrə makroiqtisadi göstəriciləri kifayət qədər pozitivdir. Ötən illə müqayisədə bu il neftə olan tələbat bir qədər artıqdır. 2018-ci ildə neftə 1 milyon 500 mindən çox tələbat olacaq. Ümumilikdə 2018-ci ildən dünya üzrə neftə olan tələbat 98.6 milyon barel olacaq. Bu durumda Rusiyaya hər hansı məhdudiyyət qoyularsa, bazar tamamilə alt-üst ola bilər”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları